yuxarı
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
23, 08, 19
11:32
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Əkrəm Həsənov: “Əsgərovu həbs etsələr, bəlkə bundan sonra məmurlar, onların yaxınları gedib öz borclarını verərlər”
Arif Əsgərov nəqliyyat nazirinin müavini vəzifəsində çalışarkən onun zaminliyi ilə oğlu Elnar Əsgərov “Dəmirbank”dan kredit alıb. Belə aydın olur ki, Əsgərovlar krediti alıblar və bu haqda “unudublar”. Sonradan “Dəmirbank” ləğv olunub, öhdəlikləri Əmanətlərin Sığortalanması Fonduna ötürülüb və iş məhkəməyə qədər uzanıb. Gedişatdan belə məlum olur ki, Əsgərovlar kredit məsələsi məhkəməyə gedəndən vaxtı uzatmağa yönələn bir xeyli addımlar atıblar. Amma son nəticə olaraq üzərilərinə aldıqları krediti faizləri ilə birgə ödəmək öhdəliyi qoyulub. Ali Məhkəmə keçmiş nazir müavininin oğlu Elnar Əsgərovla birlikdə 92 min 622 dollar pul ödəməli olduqlarını öz qərarında yazıb.
Belə aydın olur ki, keçmiş nazir müavininin oğlu təkcə “Dəmirbank”dan deyil, “Bank Standard”dan da kredit alıb və qaytarmayıb. Hazırda Əmanətlərin Sığortalanması Fondunun borca görə Elnar Əsgərova qarşı qaldırdığı iddia üzrə iş də Ali Məhkəmədədir.
Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, əgər girov varsa, ilk növbədə hərraca çıxarılıb satılmalıdır: “Girovun qiymət krediti ödəmək üçün kifayətdirsə, yəni girovun satışından əldə olunan vəsait krediti ödəmək üçün kifayətdirsə, kredit bağlanır. Satışdan əldə olunan məbləğ artıq qalırsa, girovun sahibinə qaytarılır. Girovun satılmasından əldə olunan gəlir krediti bağlamırsa, təbii ki, qalıq həddində borc alanın və zaminlərin borcu qalır. Bu halda onların başqa əmlakları da varsa, girov qoyulub-qoyulmamasından asılı olmayaraq həmin əmlaklara da tutma yönləndirilə bilər. Əgər şəxsin evi 1-dən çoxdursa, 2-ci evin üzərinə həbs qoyula, satıla və kredit məbləği götürülə bilər. Vətəndaşın 1 evi varsa, həmin evlə bağlı qeyd olunan əməliyyatlar aparıla bilməz. Ev əşyaları, insanın yaşaması üçün zəruri olan əşyalara da toxunmaq olmaz. Bu da kifayət etmirsə. Bu halda qanuna görə icraata xitam verilməlidir. Əslində bu, vətəndaşın müflis olması deməkdir. Amma Azərbaycanda praktika fərqlidir. Bəzi hallarda vətəndaşların ölkədən çıxışına qadağa qoyulur. Belə hallarda vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə 1 aya qədər inzibati qaydada həbs edilirlər. Bundan sonra isə Cinayət Məcəlləsinin 306-cı - məhkəmə hökmünü, qərarını icra etməməyə görə 3 il müddətinə həbsə alınırlar. Adını da qoyurlar məhkəmə qərarını icra etmir”.
Əkrəm Həsənov deyir ki, belə həbslər qanunsuzdur:
“Qanuna görə, vətəndaş imkanı ola-ola aldığı borcu ödəmirsə, yəni qərəzli şəkildə ödənişdən yayınırsa, bu halda barəsində tədbir görülə bilər. Amma Azərbaycanda vətəndaşlar var ki, kredit götürüblər, sonradan pulu geri qaytarmaq imkanları olmayıb. Bunu nəzərə almayıb guya üzrlü səbəb olmadan pulu qaytarmamaqda ittiham olunublar. Pulun olmamasını üzrlü səbəb hesab etməyiblər. Belə işlərdən şikayətlərin bir neçəsi Avropa Məhkəməsinə göndərilib. Əsgərovların işinə gəlincə, Azərbaycanda bu məsələdə də ayrı-seçkilik var. Kimi istəyirlər həbs edirlər, kimi istəmirlər həbs etmirlər.
Hüquq-mühafizə orqanları, icra məmurları Avropa Konvensiyasının “heç kəs borcu ödəmək iqtidarında olmadığına görə həb oluna bilməz” müddəasını eşitmək belə istəmirlər. Azərbaycan Konstitusiyasına görə də borcu ödəmək imkanı olmayan şəxsin həbsi yolverilməz hesab edilir. Hətta Konstitusiya Məhkəməsinin qərarı var, məhkəmə qərarlarının qərəzli icra etməmənin meyarlarından biri vətəndaşın imkanının olmasıdır. Bəzi hallarda bu qərar nəzərə alınır, bəzi hallarda isə yaxına belə buraxmırlar. Bu gün Azərbaycanda cəza yerlərində borcu ödəmək iqtidarında olmayan şəxslər var. Məhkəmələr 3 il müddətinə azadlıqdan məhrum ediblər. Əsgərovlarla bağlı eyni gedişatın olacağına inanmıram. Bu gün bağlanmış “Dəmirbank”da yüzlərlə vətəndaşın, şirkətin əmanətləri qalıb. Həmin pullar bu gün Əsgərovkimilərin cibindədir. Bu gün qapadılmış banklarda məmurların, onların yaxınlarının milyonlarla ölçülən kreditləri var. Kimi həbs ediblər? Ancaq adi vətəndaşı 10 min borca görə həbsə alırlar".
Əkrəm Həsənov deyir ki, borc məsələlərinə görə həbsi qanunsuz sayır:
“Ancaq Əsgərovkimilərindən birinin həbs olunmasını görsəydim, deyərdim ki, heç olmasa, hamıya qarşı edirlər bu əməli. Əsgərovu həbs etsələr, bəlkə bundan sonra məmurlar, onların yaxınları gedib öz borclarını verərlər”.
Əkrəm Həsənov deyir ki, iş üzrə gedişatdan belə görünür ki, Əsgərovlar aldıqları krediti ödəməmək üçün məsələni mümkün qədər uzatmağa çalışırlar:
“Aidiyyət məsələsi qoyulur ki, Elnar Əsgərov Binəqədidə qeydiyyatdadır, Nərimanovda yaşayır, işə də Nərimanovda baxılsın. Əslində bu, məhkəməni uzatmaqdır, biabırçılıqdır. Qanun belə vaxt uzatmaya görə Elnarı, onun vəkilini cərimələməlidir. Əsgərov bilə-bilə vaxt uzadır. Ali Məhkəmənin qərarı sondur, yəni pul ödənməlidir. Amma belə hallarda adətən icra prosesinin gecikdirilməsi baş verir. Belə hallara son qoyulmalıdır. Həbs edirlərsə, fərq qoymadan hər kəsi - məmurları, onların yaxınlarını da tutmalıdırlar. Bundan sonra banklardan aldıqları pulları ödəyəcəklər”.
Azerbaycanrealligi.com
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək