Təpəgözlərin sonu - həbs edilən icra başçıları neçənci “kolon”a işləyiblər?

03, 05, 20
10:21

Təpəgözlərin sonu - həbs edilən icra başçıları neçənci “kolon”a işləyiblər?


Məsələ bizim zənn etdiyimiz kimi sadə də deyil, əksinə, belə görünür ki, daha ciddidir və baş verənlərə yalnız hakimiyyətin kadr problemi kimi baxmaq olmur...

19 dekabr 2019-cu il. Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyevlə birgə birinci müavini və Yevlax rayonun bir müddət əvvəl işdən çıxarılmış icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən həbs edilir. Tezliklə əməliyyat videosu yayılır. Həbs edilənlər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlət vəsaitini mənimsəməkdə, külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər. 
İki ay keçir. Fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidmətinin bu dəfə Neftçala rayonunda keçirdiyi əməliyyat tədbirləri nəticəsində icra başçısı İsmayıl Vəliyev və daha bir neçə vəzifəli şəxs həbs edilirlər. Həbs xəbəri yenə ciddi rezonans doğurur. Buyurun, bu da əməliyyat videosu: icra başçısı cins şalvarda, zoğalı üçdüymədədir. Onlar da rüşvətxorluqda, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar. Stop! Vacib bir nüans da var: dövlət başçısı İlham Əliyev bu həbslər gerçəkləşərkən ölkə hüdudlarından kənarda-İtaliyada rəsmi səfərdədir. Amma icra başçısının işdən çıxarılması ilə bağlı sərəncam gecikmir.

Daha iki ay, daha dəqiqi 2 ay 9 gün keçir. Ölkədə əvvəlki iki ayda ciddi hadisələr yaşanıb, koranavirus bütün dünyanın dəngəsini dəyişib. Ölkədə karantin rejimi tətbiq edilib. Sabiq icra başçılarının həbsi xəbəri gündəmdən çıxsa da, unudulmayıb. Prezident videokonfransların birində yenidən onları yada salıb, xalqın puluna göz dikənlərin bağışlanılmaz cinayət törətdiklərini deyib. Bu xatırlatmadan bir neçə gün sonra Dövlət Təhlükəsizliyi Xidməti bu dəfə Biləsuvarda əməliyyat keçirərək icra başçısı Mahir Quliyevi və digər vəzifəli şəxsləri həbs edir.

...Hələ Ağstafanın icra başçısı qandallanıb Bakıya gətiriləndə aydın idi ki, bu, ölkə idarəetməsində tam fərqli bir mərhələ kimi qiymətləndirilə bilər. 2005-ci ildən (nazirlərin həbsi) sonra ilk dəfə iqtidar öz komandasına bu cür sərt düzən (MTN əməliyyatın nəzərə almayaq) verməyə başlayır. Bu “təmizləmə” deyil, artıq təcridetmədir.

Bir tərəfdə sanki biz “heç Allahdan da qorxmuruq” deyən kart oğruları, bir tərəfdə bu mübarizədən çəkinməyəcəyini göstərən iradə...


Canımızı boğaza yığmış virus xəbərlərini müvəqqəti də olsa, gözardı edib indi hamı bir sual üzərində diqqətini cəmləməyə çalışır: bu icra başçıları niyə “gözü çıxmış qardaşlarının” aqibətindən nəticə çıxarmırlar? Başqa suallar da var. Niyə dövlətin onlara tapşırdığı məsul işi deyil, bazarkomlar kimi kabinetlərində pul dəstələyib, “xərac kitabı” açaraq oğurladıqlarını acgöz kimi ciblərinə doldurmaqda davam edirlər? Bu pulların evində ət xörəyi gözləyən uşaqların qazanından oğurladıqlarını da qoyaq bir kənara. Amma niyə bu məmurlar dayanmır axı? Niyə gözləri doymur? Niyə bu qədər amansız və Prezident İlham Əliyevin çox dəqiq ifadə etdiyi kimi, allahsızdırlar?
Uşaq vaxtı acmı qalıblar? Kim ac qalmadı ki.. Uşaq vaxtı alma oğurlayıblar? Kim oğurlamadı ki... İndi oğurladıqları qonşunun bağındakı iki-üç alma deyil axı, dövlətin vəsaiti, kasıbın çörək puludur.

“Bu adamları yaşlarının bu çağında da belə acgöz edən, uşaqların süfrəsindən bir kilo əti, bəlkə də gənc bir fəhlənin bir qıza alacaq gülün pulunu niyə oğurlayacaq qədər allahsız oldular” soruşursuzsa, əminəm ki, hamının həm də bir cavabı da var. Amma məsələ bizim zənn etdiyimiz kimi sadə də deyil, əksinə belə görünür ki, daha ciddidir və bunları yalnız hakimiyyətin kadr problemi kimi baxmaq olmur.

“Bu gün bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələrə nəzərdə tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək həm cinayətdir, həm böyük vicdansızlıqdır”-Prezident yeni Baş prokurorla dünənki söhbətində belə deyib. Dövlət başçısı əlavə edib ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır: “Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, - hələ bu siqnallar araşdırılır, - vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır”.

Prezident Əliyev bu mübarizənin əhatə dairəsinin genişlənəcəyi anonsunu verir və həm də yeni baş prokurora “prokurorluq orqanları bu işdə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir” tapşırığı verərək... Maraqlı gedişdir, deyilmi? Bir tərəfdə sanki biz “heç Allahdan da qorxmuruq” deyən kart oğruları, bir tərəfdə bu mübarizədən çəkinməyəcəyini göstərən iradə.

Mənzərini çox dramatikləşdirmədən nələri demək olar? Birincisi, həbslərin intensivləşməsinin hakimiyyətdə sanki əbədi olaraq kök salmış xeyli məmurun işdən uzaqlaşdırılmasından sonraya təsadüf etməsini. Həbs edilənlərə birmənalı ““köhnələrin” iqtidardakı adamlarıdır” demək olmur, amma qafalarında və idarəetmədə heç nəyi dəyişməyən bu adamların müqaviməti onlarla “köhnələrin” əlaqəsini qurmağı mümkün edir. Bəzi ekspertlər indi haqlı olaraq “çayçının kim icra başçısı kimi təqdimatını veribsə, onlar da məsuliyyət daşımalıdır” kimi çağırışlar edirlər. Bu baxımdan “niyə icra başçıları yenə rüşvət almaqda, özbaşınalıq etməkdə davam edirlər” sualına cavablardan biri “köhnələr”in müqavimətidir”. Fikir verin: onlar sanki harasa tələsirlər, daha çox yığmaq, daha çox yağmalamaq istəyirlər. Başa düşürlər ki, artıq onların dövrü keçib, bu səbəbdən nə etdiklərini düşünə bilmirlər, otaqlarına kamera qoyula biləcək qədər sayıqlıqlarını da itirirlər və tutulurlar.

İkinci səbəb, iqtidarın nüfuzuna zərbə vurmaq istəyidir. Məqsəd isə əhalinin ən imkansız təbəqəsini iqtidardan narazı salmaq, onlara ayrılan pulu aşkarca mənimsəməklə bu ölkədə heç nəyin dəyişməyəcəyi rəyi yaratmaq, iqtidarın planlarını sabotaj etməkdir. Ən təhlükəlisi də budur. Prezident Əliyev də çıxışlarının birində tutulan icra başçılarının əməllərinin iqtidarın nüfuzuna zərbə vurduğuna diqqət çəkib. Bu isə artıq kifayət qədər düşündürücü məsələdir. “Bunlar neçənci “kolon”dur, kimlərin xidmətində çalışırlar, kimlərlə əlbirdirlər” sualı üzərində gəzişmək bizi aşan məsələdir, bunu gərək olsa, hüquq-mühafizə orqanları araşdıracaq. Amma yəni bu həbslərə sadəcə, iqtidarda “təmizləmə” kimi baxmaq olmur, bu adamlar həbsə, hansı cəhənnəmə getsələr də, xalqa da, iqtidara da “buynuz” göstərirlər. Sanki arxalarında dayananlar, onlara “qorxmayın” deyənlər var.
Uzaqdan görünən mənzərə bu...

Həbs edilən üç icra başçısının rayonlarına bir də belə diqqət edək və nəticə çıxarmağı oxucunun öhdəsinə buraxaq:
Ağstafanın Gürcüstan və Ermənistanla sərhədi var.

Neftçala rayonu Azərbaycanın cənub-şərq hissəsində Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə yerləşir. Şərqdən Xəzər dənizi ilə əhatələnib.
Biləsuvar rayonu qərbdən İran İslam Respublikası ilə 64 km məsafədə yerləşir. Biləsuvar beynəlxalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir.

Nəhayət, dövlət başçısının baş prokurorla görüşdə dediklərinə son olaraq yenə diqqət edək: “Biz bu hallara qarşı amansız mübarizə aparacağıq. Haqq da, xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur. Eyni zamanda, mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir”.

Prezidentin xalqın dəstəyini məhz bu məqamda yada salması, zənnimizcə, tam yerinə düşür. Dövlət başçısı bu rüşvətxorlarla, Azərbaycanı dəyişməyə imkan verməyənlərlə mübarizədə xalqın dəstəyini aldığını deyir. Etiraf etmək lazımdır ki, cəmiyyətin bütün təbəqələrinin bu koronovirus qədər təhlükəli olanlarla mübarizədə Prezidentə ciddi dəstəyinə ehtiyac var.

...Gizli çəkilmiş videoda Biləsuvarın icra başçısı pulu qatlayıb siyirtməsinə qoyandan sonra qarnını sığallayır. Qədim nağıl kitablarında divlərin qoyunları yeyəndə qarınlarını beləcə sığalladıqları haqda yazılanlar yada düşür. Gərək ki, o nağıllar həm də belə bitirdi: Ay sizi acgöz divlər, təpəgöz namərdlər! Cəzasız qalacağınızı sizə kim demişdi..?

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın