İlham Əliyev liderliyini möhkəmlədir - STM-in sorğusu

21, 05, 21
19:00

İlham Əliyev liderliyini möhkəmlədir - STM-in sorğusu

Respondentlərin 81,8%-i Qarabağda Böyük Qayıdış planları ilə bağlı qərarı müsbət qiymətləndirir, müharibədən sonra ölkənin siyasi-iqtisadi gücünün artacağı və regionda mövqeyinin güclənəcəyi qənaətindədir; deputat: “Prezident dünyaya göstərdi ki, ləyaqətli siyasət aparmaq olarmış”

Sosial Tədqiqatlar Mərkəzinin “İnam indeksi” jurnalının 5-ci sayında “Prezidentin fəaliyyəti ictimai rəydə” sorğusunda yer alan bəzi nəticələri açıqlayıb. “Yeni Müsavat” xəbər verir ki, sorğu zamanı Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyəti də respondentlər tərəfindən qiymətləndirilib.

Belə ki, Prezidentin ordu quruculuğu və ordunun təkmilləşdirilməsi (86.5%), xarici siyasət (69.4%), sosial müdafiə (50%), qeyri-neft sektorunun (45.3%) və kənd təsərrüfatının inkişafı (46.7%), kadr islahatları (43.7%), korrupsiyaya qarşı mübarizə (45.8%), əhalinin sağlamlığının qorunması (54.9%), əhalinin fiziki və mülki təhlükəsizliyinin təmin edilməsi (60%), pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması (55.7%), mədəni sahədəki islahatlar (51.5%) istiqamətlərindəki fəaliyyəti respondentlər tərəfindən “çox yaxşı” qiymətləndirilib.
Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonrakı dövr üçün respondentlərin əsas gözləntiləri ölkəmizin siyasi-iqtisadi gücünün artacağı (60,6%) və regionda mövqeyinin güclənəcəyi (51,6%), Ermənistan üzərində təsirinin daha da artacağı (46,9%) olub. Bundan başqa, respondentlərin 49,6%-i Azərbaycan və Türkiyənin regionun taleyinin müəyyənləşməsində mühüm rol oynayacağını, 45,8%-i Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul edəcəyini, 32,4%-i regional əməkdaşlığın və inteqrasiyanın sürətlənəcəyini, 41,7%-i Türkiyənin regionda hərbi iştirakının artacağını, 38,7%-i isə Rusiya, Türkiyə və Azərbaycan müttəfiqliyinin güclənəcəyini düşünür.

Respondentlərin 81,8%-i postmüharibə dövrü üçün Qarabağda Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarları (mesajları) müsbət, 1,6%-i mənfi qiymətləndirib. 7,5% respondent isə neytral mövqe sərgiləyib. 8,4% respondent Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarlar haqqında heç bir məlumatının olmadığını bildirib.

Respondentlər tərəfindən II Qarabağ müharibəsi şəhidlərinin ailələri, veteranları və iştirakçıları ilə bağlı dövlət siyasətində həmin ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının (74%), həmin ailələr üçün aylıq təqaüdün miqdarının artırılmasının (70,8%), sosial problemlərinin həll edilməsinin (69,4%), müharibədə yaralananların müalicə üçün xarici ölkələrə göndərilməsinin (67,7), orden və medalların təsis olunması və silahlı qüvvələrin şəxsi heyətinin qəhrəmanlıqlarının yüksək qiymətləndirilməsinin (61%), əlillik dərəcələrinin düzgün təyin edilməsi (63,3%) və vaxtında müəyyən olunmasının (67,6%), müxtəlif səviyyələrdə imtiyazların verilməsinin (55,8%), onlarla aidiyyatı orqanların rəhbərlərinin birbaşa görüşlərinin keçirilməsinin (51%), həbsdə olan yaxınlarının əfv edilməsinin (37,7%) daha obyektiv nəzərə alınması qeyd olunub.

Sorğuda iştirak edənlərin fikrincə, Prezidentin azad edilmiş ərazilərə səfərləri Qarabağın dirçəlişinin və qayıdışın tezliklə reallaşmasının (61,7%), Ali Baş Komandanın bütün quruculuq tədbirlərinə bilavasitə rəhbərlik etməsinin (61%), Azərbaycanın ərazi bütövlüyünün təminatının (59,8%), Prezidentin tarixi abidələrə xüsusi önəm verməsinin (59,6%), işğaldan azad olunmuş ərazilərimizdə sabitlik və təhlükəsizliyin təminatının (58,9%), Böyük Qayıdışa Prezidentin verdiyi əhəmiyyətin (58,4%), Vətənə, xalqa, milli-mənəvi, tarixi və mədəni dəyərlərə verilən xüsusi önəmin (54,3%), bütün dünya azərbaycanlılarının Qarabağın dirçəlişinə cəlb etməsinin (54,6%), işğaldan azad edilmiş ərazilərin inkişafını və bölgəyə investisiya yatırımını stimullaşdırmasının (50,3%), Ermənistandakı qüvvələrə və onların havadarlarına xəbərdarlığının (48,3%) və informasiya müharibəsinə töhfə verməsinin (36,3%) göstəricisidir. Qarabağa qayıdışın ölkə başçısı üçün prioritet olması fikri ilə respondentlərin 84,6%-i tam, 12,2%-i qismən razıdır.
Deputat Vüqar İsgəndərov: “Şəkililərin həllini illərdir gözlədiyi problem  çözüləcək”
Vüqar İsgəndərov

Sorğunun nəticələrini dəyərləndirən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Vüqar İsgəndərov “Yeni Müsavat”a bildirdi ki, hələ 2003-cü ildə Prezident İlham Əliyev inauqurasiya mərasimində iki əsas məsələni vurğulamışdı. Deputat xatırlatdı ki, dövlət başçısı o zaman bütün azərbaycanlıların prezidenti olacağını və əsas məqsədinin Qarabağın azad

 edilməsi olduğunu bəyan etmişdi: “Cənab Prezident 18 il əvvəl verdiyi sözünün üstünə durdu. Biz tarixdən çox eşitmişik ki, dünyada siyasət bir oyundur, söz və əməl fərqlidir. Amma Prezident dünyaya göstərdi ki, ləyaqətli siyasət aparmaq olarmış, həm də əməli ilə sözü birdir. Biz onun siyasi fəaliyyəti dövründə Azərbaycanın dost ölkələrinin sayının artdığını gördük. Çünki 1990-cı illərdə dost ölkələr az idi. Cənab İlham Əliyevin yürütdüyü xarici siyasətin nəticəsidir ki, bu gün ölkəmizin dostları artıb”.

Deputatın sözlərinə görə, İ.Əliyev həm sərkərdə, həm siyasətçi kimi uğurlu liderdir: “Dünyada ərazi və əhalicə böyük ölkələr əsas deyil, mahiyyət böyük olmalıdır. Ərazicə böyük olmayan Azərbaycan mahiyyətcə dünyada böyükdür və cənab Prezident dünyada ağırçəkili siyasətçilərdən sayılır. Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi, Qoşulmama Hərəkatında sədrlik bizə olan etimadın nəticəsidir”.

V.İsgəndərov 44 günlük Vətən müharibəsində xalqın İ.Əliyevi dəstəkləməsini, böyükdən kiçiyə hamının yanında olmasını xatırlatdı: “Hamılıqla Ali Baş Komandana dəstək verildi və qalib gəldik. Eyni zamanda pandemiyanın ciddi zərərləri oldu. Amma yenə uğurlu siyasət bizi bir çox dövlətlərin düşdüyü ağır vəziyyətlərə salmadı.

İnşallah, tezliklə azad edilmiş torpaqlara Böyük Qayıdış olacaq. Artıq Qafqazda bir ölkə parlayır. Bizi istəməyən qüvvələr də var, amma öz yolumuzu gedirik, heç kəsin torpağında gözümüz yoxdur, kim bizimlə dost ölkə olmaq istəyirsə onunla birgə addımlayacağıq".

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın