Jurnalisti narkoman, Bin Laden görən media qanunu – Əhməd İsmayılovun “gül” vuran layihəsi

14, 12, 21
09:15

Jurnalisti narkoman, Bin Laden görən media qanunu – Əhməd İsmayılovun “gül” vuran layihəsi


Təsəvvür edin ki, Hacı Madər, Naqif Həmzəyev, Ülviyyə Ağayeva, Cavanşir Paşazadə kimi deputatlar bizim üçün Media haqda qanun layihəsi qəbul edəcəklər. Yəni mətbuatın taleyi görün hansı əllərə etibar olunub. Ondan qabaq isə jurnalistikanın aqibəti gəmiçilikdən gələn Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılova həvalə edilib. Gorun çatlasın, Zərdabi!!!

Reportyor.info bildirir ki, bu gün Media haqda yeni qanun qəbul edilə bilər. Amma layihəni hazırlayanlar bilmərrə barışmalıdırlar ki, dünyanın çarxı qabağa gedir, keçmişə, qadağalara söykənməklə arzuya çatmaq olmaz. Siz jurnalistlərin qulağına birka vurmaqla kimin kim olduğunu müəyyənləşdirə bilməzsiniz. Bəs ölkədən kənarda fəaliyyət göstərənlər, yutuberlər, facebook yayımçıları, internet kanalları necə olacaq?

 Ümumiyyətlə, qanun layihəsində internet televiziyası haqda heç bir bənd yoxdur.

Axı media platformalarından söhbət gedirsə, çap, onlayn, elektron KİV kimi internet tv-lər haqda da anlayışlar olmalıydı. Bu natamam layihəni isə sanki ayaqüstü dönər yeyərkən hazırlayıblar.

Misal üçün qanun layihəsi 14.1.11-də lap gül vurublar, “faktlar… obyektiv şərh olunmalıdır”. Axı faktın obyektiv şərh olunduğunu necə müəyyən etmək olar, adından bəllidir – şərh, yəni subyektiv yanaşmaların olması normaldır.

Yaxud Əhməd İsmayılovun “unikal” ideyası maddə 9.4-də var. Burada terror əleyhinə əməliyyatın aparılması və texniki üsulları haqda məlumatların yayılmasına görə jurnalist məsuliyyət daşıyır və qadağandır. MİA rəhbərliyi hansı məntiqə əsaslanır ki, jurnalist terror əleyhinə əməliyyat haqda qabaqcadan məlumatlı ola və üsulunu öyrənə bilər? Bəyəm jurnalist gizli xəfiyyədir, xüsusi xidmət orqanı əməkdaşıdır, yoxsa ceyms bonddur, kimdir axı?! Deyəsən, mətbuatı kəşfiyyatçı obrazında görürlər.

Başqa bir maddəyə diqqət edək:1.0.3 hərbi senzura haqda. Deyilir ki, dövlət sirrini təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısı alınmalıdır. Bu bəndi oxuyan deputatlar arasında hüquqi savadı olanlar hüquqşünas Əhməd İsmayılova heç olmasa sual veriblər ki, axı jurnalistdə dövlət sirrino təşkil edən informasiya haradan ola bilər? O necə dövlətdir ki, sirri jurnalistin əlindədir?

Sonuncu iki müddəa isə komediyadır – odlu silah, partlayıcı maddə, o cümlədən narkotik maddənin hazırlanması üsulları haqda məlumatın yayılması. Ya jurnalistləri terrorçu, bin Laden, ya da narkoman, narkobaron eskobar, “patı” hazırlayan gözündə görürlər. Biz daha başqa maddələrə baş vurmuruq, özünüz baxın, nəticə çıxarın. Buna media haqda qanun yox deməyin, başqa nə istəsəz deyin…

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın