SON DƏQİQƏ: Dunya Miyatoviç Prezident İlham Əliyevə məktub yazdı - Media haqda qanunu geri qaytara bilər

03, 02, 22
09:34

SON DƏQİQƏ: Dunya Miyatoviç Prezident İlham Əliyevə məktub yazdı - Media haqda qanunu geri qaytara bilər


Avropa Şurasına 47 üzv ölkə var. Media azadlığında onların içərisində bəlkə də siyahının sonundan birinciyik. Hətta düşmən ölkə də indekslərdə və hesabatlarda bizdən irəlidədir. AŞ üzvləri arasında qismən Rusiya ilə “əkiz” ola bilərik. Şimal qonşumuzda da mətbuat azadlığı yox kimidir. Bizimlə birgə bir də AŞ üzvlüyünə namizəd olan Belarusu “nümunə” göstərmək olar.

Amma hakimiyyət ideoloqları və rəsmiləri Azərbaycanda medianın azad olduğuna iddia edirlər. Hərçənd Rəsulzadə haqda sənədli filmi AzTV-nin efirinə verməyən, yaydığı xəbərə görə təkcə son aylarda iki jurnalisti 500 manat cərimələyən, “Media haqda” qanunda absurd məhdudiyyətlər tətbiq edən hakimiyyətin “mətbuat azaddır” deməsi sabun köpüyünə çevrilir. Ona görə də Avropa Şurası iqtidarı Milli Məclis tərəfindən üçüncü oxunuşda qəbul edilən “Media haqda” qanunun təsdiqindən geri çəkilməyə, dəyişikliyə çağırır.

Ötən həftə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Prezident İlham Əliyevə məktub yazıb. Miyatoviç Əliyevdən xahiş edib ki, parlamentin təsdiq etdiyi qanuna bir də baxsın və geri qaytarsın. Əslində, AŞ nümayəndəsinin məktubu hakimiyyət rəsmiləri tərəfindən it-bata salınmaqdadır. Yəni Miyatoviçin çağırışına reaksiyalar sıfır səviyyəsindədir. Sanki Qərbdən gələn açıqlamaların mahiyyətini dərk edirlər.

Eyni zamanda, Prezidentin qanunu indiyə qədər təsdiqləməməsi göstərir ki, hələlik müəyyən tərəddüdlər var və iqtidar daxilində Avropanın qanunu necə qarşılayacağına dair fikir mübadiləsi aparılır. “Yeni qəbul edilmiş qanun ölkədə ifadə azadlığı və media azadlığının vəziyyətini daha da pisləşdirir, media sektorunu tənzimləmək üçün dövlət qurumlarına xüsusi səlahiyyətlər verir ki, buraya lisenziyalaşdırma, jurnalistlərin işini həddən artıq məhdudlaşdırma, media şirkətləri və qurumlarının maliyyə, hüquqi və operativ fəaliyyətinə bəzi məhdudiyyətlər daxildir,” – Miyatoviçin məktubunda belə deyilir. Miyatoviç qanunvericiliyin söz və media azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır.

Miyatoviç qanunvericiliyin söz və media azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır. Lakin yuxarıda dediyimiz kimi, biz AŞ-da sondan birincilərdənik. Heç bir ölkədə belə mürtəce qanun qəbul edilməyib. Sadəcə, hakimiyyət hesab edir ki, Qərbdən reaksiyalar boğazdan yuxarı çağırışlardır, əhəmiyyətsiz təzyiqlərdir, əsas sözəbaxan mətbuat formalaşsın.

Ümumiyyətlə, iqtidar tənqid eşitmək istəmir, amma bunun tam buxovlaya, ölkəni Şimali Koreyaya da döndərə bilmir, o qədər asan deyil. Monitorinqlərə görə, son bir ildə böhtan və təhqirlə bağlı 20-dən çox jurnalist məhkəməyə verilib. Hakimiyyətin qərəzli adlandırdığı “Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksinə görə Azərbaycan ötən ilə nisbətdə bir pillə irəliləyərək 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Təsəvvür edin ki, dünya üzrə ən son pillələrdəyik, “qara zolaq”dan çıxmırıq, o ki qala Avropa Şurasında 47 ölkə arasında olsun…

Ona görə Prezident hələ də parlamentin qəbul etdiyi qanunu təsdiqləməyib. Əlbəttə, təsdiqləyəcəyi də istisna deyil və ehtimal yüksəkdir. Amma hakimiyyət bununla Azərbaycan haqda çağdaş dünyada ələbaxımlı və qeyri-azad mətbuatı olan ölkə imici yarada bilər.

Sual oluna bilər ki, bizdə mətbuatın azadlığının buxovlandığını necə sübut etmək olar – gəlin reallıqları səmimi qeyd edək: ayrı-ayrı məmurların maliyyəsi ilə fəaliyyət göstərən əksər media orqanları bir mərkəzə tabedir, heç bir müstəqil jurnalist tədqiqatı aparmaq imkanları yoxdur, rəsmi informasiyadan kənara çıxa bilmirlər. Həmçinin, mərkəzi aparatdan gələn tezislər əsasında materiallar hazırlanır və istənilən mövzuda yazmamaq qadağası tapşırığı gələ bilər, əksəriyyəti də əmrə müntəzirdirlər.

İkinci kateqoriya – söz eşitməyən media qurumlarının sıxışdırılmasıdır. Əvvəlcə, tənqidi və yaxud araşdırma məqaləni silmək tələb olunur, icra edilməyəndə xəbərdarlıq edilir, ən sonda hüquq-mühafizə orqanlarında profilaktik söhbət aparılır. Üçüncü problem jurnalistlərin müstəqil araşdırma aparmaq, dövlət qurumlarına sorğu göndərib məlumat əldə etmək imkanları son dərəcə məhduddur.

İndisə qəbul edilən “Media haqda” qanun təsdiqlənərsə, mətbuatın meydanı daha da daralacaq. Çünki media reyestrinin yaradılması nəzərdə tutulur və adı qeydiyyatda olmayan jurnalistlər təcrid ediləcək, çıxdaş olunacaq, hətta zaman-zaman müxtəlif dövlət strukturları “Sənin adın media reyestrində yoxdur” bəhanəsi ilə müstəqil KİV-lərin nümayəndələrini sıxışdıra biləcəklər. Beləliklə, heç bir Qərb standartlarına cavab verməyən, Avropada rast gəlinməmiş media qanunları Avropa Şurasının üzvü olan Azərbaycanda tətbiq ediləcək.

Ümumiyyətlə, yeganə ölkəyik ki, AŞ qarşısında götürdüyümüz bəzi öhdəlikləri yerinə yetirmirik. Onlardan biri İctimai TV yayımı haqda öhdəliklərin dürüst icra edilməməsi, digəri isə mer seçkilərinin keçirilməməsidir. Bunun üzərinə Qərb dövlətlərindən uzaqda media “standart”larının gətirilməsi AŞ üçün bəyənilən deyil.

Bu qanun müstəqil KİV-lərin, frilanser jurnalistlərin işini xeyli dərəcədə məhdudlaşdıracaq. Xüsusən audio və video yazının qarşı tərəfin razılığı olmadan yayılması tələbi qədər həmin qanunda ikinci belə absurd müddəa yoxdur. O baxımdan hakimiyyət parlamentdə bir deputatın belə etiraz etmədiyi və ucdantutma hamının lehinə düyməsinə basdığı qanunun təsdiqi üçün “min ölçüb bir biçməlidir”.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın