Ramiz Mehdiyevin müalicəsi varmı? – İkiləşmə...

11, 02, 22
16:00

Ramiz Mehdiyevin müalicəsi varmı? – İkiləşmə...


Ramiz Mehdiyev artıq tək qalıb. Onu açıq şəkildə müdafiə edəcək kimsə yoxdur. Bu tablonu o özü rəssam dəqiqliyi ilə çəkib. İndi həmin tabloda müəyyən korrektələr edir, strategiya qurur, atəş nöqtələri, müdafiə qalaları qurur. Hamısının da həm strateqi, həm də icraedicisi kimi özü rol almaq zorunda qalıb. Yəni özü-özünə komanda verir.

Bu, AMEA-nın dünən yaydığı bəyanatdan da açıq-aşkar görünür. Ətrafında onu müdafiə edəcək adam qalmadığından Mehdiyev özünü tərifləyən mətn hazırlayıb. Özü haqqında üçüncü şəxs əvəzliyində danışır. Yazdığı mətni maksimum pərdələməyə çalışır ki, guya bunu başqa bir adam yazıb.

Amma yaşlı adamdır, əvvəlki çevikliyi, həssaslığı qalmayıb. Hətta su üzərində də böyük izlər buraxır.

Dünən buraxdığı izlərdən ikisini qeyd edim. Mətndə belə iki cümlə var: 

1. ““Cib müxalifəti” kateqoriyasına aid olan partiya rəhbərlərinin də MƏNİM  vasitəmlə gündəmi dəyişmək cəhdləri cəmiyyətdə gülüş doğurub...”. 

2. “Dünən Ramiz Mehdiyevin kitablarının təqdimatında danışmaq üçün sıraya düzülən, məclislərdə, qəzet səhifələrində MƏNƏ  mədhiyyələr oxuyan insanların bu gün hücum çəkməsi bu kampaniyanı təşkil edənlərin səriştəsizliyindən xəbər verir”. 

İki yerdə “Mən” şəxs əvəzliyindən istifadə edilib. Düzdür, sonradan saytda həmin mətnə düzəliş edilib və “mən” sözü “akademik Ramiz Mehdiyev” və “ona” sözləri ilə əvəz edilib. Amma artıq olan olmuşdu.  

Bəs mətndəki “mən” kimdir? Əlbəttə, müəllif.  Mehdiyev. 

Azərbaycanda siyasətlə məşğul olan o qədər boş adamlar var ki... Onlar bu gün də mövcuddur. Bir də görürsən ki, hansısa üç nəfər də üzvü olmayan partiyanın sədri özü-özündən müsahibə alaraq saytın elektron poçtuna göndərib. Adamlar özü-özlərindən elə maraqlı müsahibələr götürürlər ki, istəyirsən onlara “siyasətin başını burax, gəl bizimlə əməkdaşlıq et” təklifini verəsən.

İndi Mehdiyev də həmin ikiləşmiş şəxslərin durumundadır. Özü haqda yazır, amma üçüncü şəxsin dilindən, tərifləyir özünü, zirvələrə qaldırır, hədələyir başqalarını, həyata keçməyən arzularının qisasını almağa çalışır. Bu ciddi psixoz vəziyyət hesab oluna bilər. Mən təklif edərdim ki, peşəkar psixoloqlardan biri bu haqda danışsın. Akademikin hazırkı psixoloji vəziyyətini analiz etsin. Yəni bir adam özü haqda üçüncü şəxs kimi danışırsa, bu onun özü və ətrafı üçün nə qədər təhlüklidir? Yaş əgər 80-ni keçibsə onun müalicə olunmasının resepti varmı? Müsbət nəticəyə ümid etməyə dəyərmi? 

Həqiqətən də bir adam 80 yaşını keçibsə, özünü perspektivli gənc kimi aparması onun psixoloji durumu ilə bağlı suallar yaradır. Axı bu yaşda ağsaqqal həyatın, təbiətin qanunlarına tabe olaraq qalan günlərinin dadını çıxartmalıdır. Başqalarının ağzının dadını qaçırmamalı, yeyib-içdiyini zəhərə döndərməməlidir. Bundan sonra nəyə ümid etmək olar ki?

Yeri gəlmişkən Misir Mərdanov yaydığı bəyanatda Ramiz Mehdiyevi dırnaqarasında “kişi” adlandırmışdı. Bunun axrasında hansı mənanın dayandığını bilmirəm. Gərək Misir Mərdanov özü açıqlasın.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın