DTX-nın Müdafiə Nazirliyində əməliyyatı: həbslərin miqyası genişlənə bilərmi?

15, 02, 22
10:00

DTX-nın Müdafiə Nazirliyində əməliyyatı: həbslərin miqyası genişlənə bilərmi?


Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib və qurumun maliyyə sektorunda yüksək vəzifəli şəxslər külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub.

İqtidar partiyasından millət vəkili Aydın Mirzəzadə bunu BBC Azərbaycancaya təsdiqləyib. Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bazar ertəsindən yayılan bu məlumatları indiyə kimi təkzib etməyib.

Millət vəkili, YAP üzvü Aydın Mirzəzadə hesab edir ki, bu həbslər dövlərin korrupsiya məsələsində "heç kimə güzəşt etməməsini göstərir".

Hərbi məsələlər üzrə ekspert Ədalət Vəliyevin fikrincə, bu həbslərin miqyası genişlənə bilər.

14 milyonluq mənimsəmə iddiası

Hökumətə yaxın yerli medianın yazdığına görə, həbslər Müdafiə Nazirliyinin, Quru Qoşunların, hərbi hissələrdən birinin maliyyə işlərinə baxan yüksək vəzifəli şəxslərini əhatə edib. Onların üst-üstə təxminən 14 milyon manat mənimsədiyi iddia edilir.

Saxlanılan şəxslərin bu ittihama münasibəti bəlli deyil. BBC Azərbaycanca onların yaxınları və vəkilləri ilə əlaqə saxlaya bilməyib.

Trend İnformasiya Agentliyi yazır ki, Bakı Hərbi Məhkəməsində təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Hələlik məsuliyyəti saxlanılan şəxslər daşıyır"

BBC News Azərbaycanca Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətiylə əlaqə saxlasa da, həbslərlə bağlı nə təsdiq, nə təkzib cavabı alıb.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə hesab edir ki, baş verən həbslər dövlətin korrupsiya ilə mübarizədə "növbəti ciddi addım atdığını" göstərir.

"Bu o deməkdir ki, dövlət korrupsiyaya qarşı mübarizə aparır, harda nə olmasından asılı olmayaraq qarşısını alır".

Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili hesab edir ki, hələlik məsuliyyəti "saxlanan şəxslər" daşıyır: "Sonrakı araşdırma artıq məsələnin nə, necə olmasına dair suallara cavab verəcək".

"Ordunun nüfuzuna kölgə salmaz"

Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyevə görə, həbslər genişlənə bilər. Onun fikrincə, saxlanan şəxslər "nə qədər yüksək vəzifəli" olsalar da, "belə bir mənimsəni təkbaşına" həyata keçirə bilməzdilər: "Ola bilsin ki, daha yüksək vəzifəli şəxslər də məsuliyyətə cəlb edilsin. Təbii, arzuolunan idi ki, bu halları Müdafiə Nazirliyinin öz nəzarət orqanları aşkarlayaydı".

Ədalət Verdiyev hesab edir ki, iddia edilən belə bir mənimsəmənin bir günün, bir ayın içində baş verməsi inandırıcı görünmür: "Bu qədər vəsaiti mənimsəmək üçün bəlli bir müddət lazım idi. Bu işlərin içində ali və yüksək rütbəli zabitlər də varsa, deməli, onlardan da yülksək vəzili şəxslərin bu işdən xəbəri olması ehtimalı var".

Hərbi ekspert düşünmür ki, Müdafiə Nazirliyində mənimsəmə iddiaları "qalib ordunun nüfuzuna hər hansı kölgə" salacaq. O, korrusiya hallarının müxtəlif dövlət qurumlarında da aşkar edildiyini yada salır.

"Xəzər" Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli hesab edir ki, Azərbaycan ordusunda aparılması nəzərdə tutulan islahatlar belə bir həbslərə səbəb olub.

Azərbaycan Prezidenti İlham Əliyevin ordunun Türkiyə modeli üzərində qurulacağı ilə bağlı açıqlamasını yada salan hərbi ekspertə görə, ilk öncə anti-korrupsiya halları aradan qaldırılmalı idi. Onun fikrincə, "əgər korrupsiya varsa və aradan qaldırılmırsa, orda hər hansı dəyişiklikdən" söhbət gedə bilməz.

Müdafiə Nazirliyi BBC Azərbaycancanın həbslərlə və ittihamlara rəhbərliyin münasibəti ilə bağlı sorğusunu cavablandırmayıb.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın