Azərbaycan dövlətinin yardımı Ukraynada möhtəşəm reaksiyalar doğurub: “Az qalıram qanadlanıb, uçum” - ÖZƏL

28, 02, 22
19:30

Azərbaycan dövlətinin yardımı Ukraynada möhtəşəm reaksiyalar doğurub: “Az qalıram qanadlanıb, uçum” - ÖZƏL

Yalçın Qəhrəmanoğludan son durumla bağlı ilginc məlumatlar: “2 milyon Rusiya vətəndaşına məlumat yolladılar”
 
“Aldığımız məlumata görə, şəhərə daxil olmuş əksər diversant qrupları məhv edilib. Ötən günlər bizə yaxın ərazilərdə də döyüşlər getdi. Raketlə vurulan bina da bizə yaxındır, ona görə ailəlikcə təhlükəli anlar yaşadıq. Hazırda Kiyevdə sakitlikdir”.

Ukrayna paytaxtında yaşayan diaspora fəalı Yalçın Qəhrəmanoğlu bu sözləri Musavat.com-a açıqlamasında bildirdi. 

Qeyd etdi ki, son 3 gün ərzində zirzəmidə daldalanıblar, amma bu gün həyəcan siqnalı verilməyib və evdədirlər: 

“Bu gün bir dəfə də olsa, zirzəmiyə düşməmişik. Səhər açılandan həyəcan siqnalı yoxdur. Amma komendant saatıdır, evdən eşiyə çıxmaq qadağadır. Aviazərbələr bitib, sadəcə şəhərə diversant qalıqlar var, onların məhvi prosesi gedir. Diversantları müəyyən etməkdən əhaliyə evdən çıxmamaq tapşırılıb”.

Y.Qəhrəmanoğlu dedi ki, ərzaq təminatında problem yoxdur: “Dünənə kimi bəzi dükanlar işləyirdi, ehtiyatımızı almışıq, şükür, qıtlıq yoxdur”. Həmyerlimiz dedi ki, Azərbaycan dövlətinin Ukraynaya yardımı böyük rezonans doğurub: “Dövlətimizin Ukraynaya yanacaq yardımı çox yüksək qiymətləndirilir. Mən çoxsaylı ukraynalı dostlarla danışmışam, hər birisi çox yüksək fikirdədir.

Müharibə edən bir dövlətə digər dövlətin yanacaq yardımı möhtəşəm reaksiya doğurub, ukraynalılar bu addımı çox yüksək qiymətləndirir. Həmçinin Bakıda, Ukrayna səfirliyi qarşısında təşkil olunan dəstək aksiyası da möhtəşəm hadisə oldu. Bu xəbərlərdən sonra bizim yerişimiz, duruşumuz dəyişib. İnanın, az qalıram qanadlanıb, uçum. Biz burda azərbaycanlıyıq, fərqi yoxdur, iqtidar, ya müxalifət. Kim başımızı uca edirsə, onlar can qurban”.
img1473026.jpg (14 KB) 
Y.Qəhrəmanoğlu dedi ki, savaş başlayanda ona da şəhərdən çıxmaq tövsiyə olunub: “Dedilər ki, çıxmaq lazımdır, vəziyyət pisdir. Dedim ki, əgər hökumət çıxmırsa, xalq döyüşmək istəyirsə, mən də burda axıradək qalacağam. Çünki mən illərdir buraya sığınmışam, bu ölkəyə borcum var. Zirzəmidə olsam da, oturub gözləyəcəyəm sonadək”.

Diaspora nümayəndəsi digər bölgələrlə bağlı son məlumatları bölüşdü: “Buçça şəhərində yaxın dostlar var. Deyirlər Kadırovun dəstəsi 50 texnika ilə girmişdi, ukraynalılar onları mühasirəyə aldılar, biri də sağ çıxmadı. Bu gün bircə böyük şəhərdə belə, rus ordusu yoxdur. Bütün işğalçıları Ukrayna ərazisindən çıxartdılar. Qara dənizdəki Zimeyni adasında və sərhəddəki Nova-Kaxovka qəsəbəsində rus hərbçilər qalıb. Donbas və Luqanskın 33 faizinə ruslar nəzarət edir”.

Y.Qəhrəmanoğlu təəssüratlarını da bölüşdü: “Mən 30 ildir burda yaşayıram, Ukrayna xalqını təzə kəşf etdim. Möhtəşəmdirlər. Düzü, əvvəlcə bir az məyus olduq, düşündük Ukrayna tək qalıb, yardım yoxdur, amma özləri ciddi müqavimətə başladılar. Dövlət çox möhtəşəm informasiya müharibəsi aparır. 2 milyon Rusiya vətəndaşına məlumat yolladılar, Ukrayna himni və məhv edilən rus əsgərlərinin görüntülərini. Bununla da rusları ayağa qaldırdılar. Bu gün rus əsgərləri olduqları yerlərdə kəndbəkənd yemək axtarırlar, miskin durumdadırlar. Çeçenlərin məhvi də çoxlarını şok edib. Göründü ki, Ukrayna ordusu möhtəşəmdir. Türkiyə “Bayrakdar”ı Qarabağdakı kimi, burda da öz sözünü dedi. Vətəndaşlığı olan azərbaycanlılar da silahlanıblar və hər kəs Ukrayna uğrunda sonadək döyüşməyə hazırdır”.

E.Paşasoy, 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın