Azərbaycan liderindən Ermənistana xəbərdarlıq və ya İrəvan iki seçim qarşısında - İNCƏLƏMƏ

03, 01, 23
12:00

Azərbaycan liderindən Ermənistana xəbərdarlıq və ya İrəvan iki seçim qarşısında - İNCƏLƏMƏ


Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrik çıxışında ötən il həyata keçirilən işlər və qarşıda duran vəzifələr haqqında danışdı. Təxminən 15 dəqiqəlik müraciətində ölkə başçısının toxunduğu məsələlər içərisində ikisi xüsusilə, diqqət çəkdi. Azərbaycan Prezidentinin çıxışındakı bu məqamları Ermənistana mesaj və xəbərdarlıq saymaq olar.

Əliyev dedi: “İki il əvvəl döyüş meydanında qazandığımız tarixi qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Hesab edirəm ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər”.

Bununla Azərbaycan Prezidenti söylədi ki, 2023-cü ildən Azərbaycanın, rəhbərliyin gözləntisi sülh sazişinin imzalanmasıdır. Və bunun üçün şərtlər mövcuddur, ortada proqram var. Rəsmi Bakı İrəvana təklif etdiyi 5 maddəlik sülh paketinin tez zamanda icrasını tələb edir. Hansı ki, bu təklifləri Ermənistan rədd etməyib, qəbul edib. Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, sülhün imzalanmasına əngəl yoxdur. Yetər ki, İrəvan imzasına, sözünə hörmət etsin, əvvəlki dövrdə olduğu kimi sülhdən yayınma siyasətinə sadiqlik nümayiş etdirməsin.

Sülh əldə olunmasa...

Əliyev söylədi: “Bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq”.

Və ölkə başçısı çıxışına belə davam etdi: “Bu il bir neçə hərbi əməliyyat keçirildi və bu əməliyyatlar döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədi. Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bilmişdir”.

Prezident sülh imzalanmasa, alternativ variantın - müharibə, daha doğrusu antiterror əməliyyatlarının olacağının anonsunu verdi. Ordunun gücləndirildiyini, bütün tapşırıqları dəqiqliklə və uğurlu yerinə yetirəcəyini bildirdi. Ölkə başçısı 2022-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatlar keçirdiyini, sərhəd toqquşmasında qələbə qazandığımızı xatırlatmaqla Ermənistan hərbi-siyasi rəhbərliyinə xəbərdarlıq etdi. Yəni ki, Azərbaycan sülhəməcburetmə əməliyyatlarını keçirə bilər və kimsə buna mane ola bilməz.

İndi top Ermənistan tərəfindədir. Rəsmi İrəvan ya sülhü seçməlidir, ya da 44 günlük müharibədə darmadağın olmuş ordusunun qalıqlarının da məhvinə hazır olmalıdır. Hansı seçimin Ermənistan üçün faydalı olduğu məlumdur. Elə Nikol Paşinyan hakimiyyəti də anlayır ki, Ermənistanın inkişafı, tərəqqisi Azərbaycanla sülh, normal diplomatik münasibətlərin qurulmasından keçir. Amma... Amma erməni diasporası və ermənilərin qanından bəslənən xarici dairələr sülhdə maraqlı olmadıqlarını 2 ildən artıq müddətdir ki, nümayiş etdirirlər. Bu il isə İrəvan üçün kritik ildir. Qarşı tərəf siyasi iradə nümayiş etdirməlidir. Bakı isə iki mesajda bir yol olduğunu deyir – ya sülh, ya da sülh. Ya diplomatik yolla sülh, ya da ki, hərbi yolla sülh – daha doğrusu, sülhə məcburetmə... 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın