Gizli məqamlar: Bakı Zəngəzur dəhlizini bu yolla açır – Ekspertdən maraqlı VERSİYA

22, 02, 23
13:00

Gizli məqamlar: Bakı Zəngəzur dəhlizini bu yolla açır – Ekspertdən maraqlı VERSİYA


Naxçıvan Muxtar Respublikasında baş verən son siyasi hadisələr bəzi regional və qlobal siyasi detalları üzə çıxarır. Xüsusilə də bəzi nazirlərin Naxçıvana səfərləri prosesin pərdəarxasında daha ciddi məqamların olduğunu deməyə əsas verir.

Bu pərdəarxası məqamların Zəngəzur dəhlizi ilə bağlı olduğu güman edilir.

"Azərbaycan Reallığı" xəbər verir ki, Mövzu ilə bağlı Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyinin dəyişdirilməsi prosesi regional miqyasda baş verən dəyişikliklə üst-üstə düşür:

“Bu, müəyyən təhdidləri, təhlükələri preventiv şəkildə qarşılamaq üçün  atılan addımın tərkib hissəsidir. Bu proseslə bir sıra vacib faktorlar Naxçıvan amilini fərqli formada gündəmə gətirdi.

Birincisi, Azərbaycanın yüksəkvəzifəli şəxsləri Naxçıvana səfərlər etdi. Öncə iqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvanda kritik görüşlər keçirdi. İqtisadiyyatın sahələri üzrə qarşılıqlı məsələlər müzakirə edildi.

Naxçıvan məsələsinin qabardılması əlahiddə regional siyasətin nüvəsini təşkil edir. Çünki Naxçıvanın geosiyasi mövqeyi, Ermənistan, İran, Türkiyə, Yaxın Şərq ölkələri və Rusiya istiqamətinə gedən qlobal yolların mərkəzində yerləşməsi Azərbaycana əlavə stimullar, mexanizmlər və təsir imkanları yaradır. Bu mənada iqtisadi aktivliyin artırılması ilə Zəngəzur dəhlizinin açılması məsələsi arasında bir paralellik var.

İkincisi, maliyyə naziri Samir Şərifovun Naxçıvana səfəri reallaşdı. Burada böyük bir şəbəkənin yaradılması və ya sərbəst bazar, azad iqtisadi rayonun təşkili prosesi gedə bilər. Onu da deyim ki, bütün bunlar həm də xarici siyasət vasitəsilə dəstəklənir”.

Ə.Əlibəylinin sözlərinə görə, Naxçıvanın əhəmiyyəti Zəngəzur dəhlizinin reallaşmasını zəruri edir:

“Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İraq Kürd Muxtariyyətinin rəhbəri Nerçivan Bərzani ilə görüşü diqqət çəkir. Bu bizə o arqumenti deməyə əsas verir ki, Azərbaycan-Türkiyə və Türkiyənin forpostunda olan bəzi ölkələr, o cümlədən Şimali Kürdüstan gələcəyə yönələn vahid platforma yaradır

Prezidentin Nerçivan Bərzanini Azərbaycana dəvət etməsi, tarixi münasibətlərdən danışması bizi bəzi fikirlərə yenidən baxmağa məcbur edir. Aydındır ki, indiki məqamda Türkiyə iki mərkəz üçün vacib sinxron məkan rolunu oynamaqdadır”.

Turan Rzayev

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın