Asabil Qasımovun qardaşına məxsus olan şirkət insanlara zülüm edir - ŞİKAYƏT

10, 04, 23
16:34

Asabil Qasımovun qardaşına məxsus olan şirkət insanlara zülüm edir - ŞİKAYƏT


Bakı şəhəri Binəqədi rayonu 7ci mikrorayon ev 28a mənzil 3 ünvanında yaşayan Əliyeva Aysel İlqar qızı tərəfindən ölkə başçısına və aidiyyəti orqanlara ünvanlanan müraciətdə deyilir:

“Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, Milli Məclisin sabiq deputatı Əsabil Qasımovun qardaşı Vüqar Qasımova məxsus olan “Vialon” MMC tikinti şirkəti bizim haqqımızı qəsb etməkdədir. Belə ki, anam Əliyeva Natiqə Məmmədağa qızı Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi dalan 2 ev 2 ünvanında xüsusi mülkiyyət olan daşınmaz əmlak üzərində 2/6 (40.7kv) paya sahibdir.

Mərhum babam həmin mülkdə doğulub boya-başa çatmış və yaşamışdır. Lakin, bir neçə il öncə yaşayış olmadığına görə evin bir otağı uçub-dağıldı. Maddi imkanımız yox idi deyə xeyli müddət burada təmir-abadlıq işləri apara bilmədik. Nəhayət evin bərpası üçün gəldiyimiz zaman bizə məxsus olan otağın bir hissəsində qonşumuz tərəfindən tikinti işləri aparıldığını və təxminən 4-5 kv metr yeri qanunsuz şəkildə özününküləşdirməyə çalışdığının şahidi olduq.

Qanunsuz tikinti ilə bağlı dərhal aidiyyəti qurumlara və o cümlədən də Nəsimi Rayon İcra Hakimiyyətinə məlumat verdik. Lakin, şikayətimiz təmin edilmədi. Həmin dövrdə pandemiya ilə əlaqədar olaraq ölkəmizdə müəyyən məhdudiyyətlər tətbiq olunurdu. Eyni zamanda böyük maddi sıxıntılar yaşayırdıq. Məhz ona görə də məhkəməyə müraciət etmək imkanımız olmadı. Ancaq bu cür qanunsuz tikili və ya otağımızın birinin sökülmüş olması bizim pay hüququmuzun olmağına təsir edəcək səbəb deyil.

Cənab Prezident! Müraciətimin ilk cümləsində qeyd etdiyim kimi, sabiq deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımova məxsus “Vialon” MMC tikinti şirkəti bizi haqq və hüquqlarımızdan məhrum etməyə çalışır. Mərhum babamdan miras qalmış evin ərazisi onların layihə planına düşdüyünü öyrəndim. Mən də öz növbəmdə dekabr ayında sözü gedən şirkətin nümayəndəliyinə yaxınlaşaraq lazımi sənədləri (çıxarış, texniki pasport) təqdim etdim. “Vialon” MMC-nin nümayəndəsi əvvəlcə bizimlə qanuni alqı-satqı edəcəklərini bildirdi.

Daha sonra isə müxtəlif bəhanələr gətirməyə başladılar. Mən öz iradımı dilə gətirərək “Ölkə başçısına və aidiyyəti orqanlara sizdən şikayət edəcəyəm”, – dedim. Mənə “Mən qanuni çıxarışı saymıram, imkan edib otağı tikərdin. Sən istəsən də, istəməsən də, digər payçılarla razılaşaraq məqsədimizə nail olacağıq, kimə şikayət edə bilirsənsə, et, heç kimdən qorxan yerimiz yoxdur.

Onsuzda bizə məğlub olacaqsan”, – dedilər. Bundan sonra tez-tez gedib evimizin hansı vəziyyətdə olduğunu nəzarətdə saxlayırdım. Mart ayında evin digər otağının da dağıdıldığını və dağıntıların isə təmizlənmiş olduğunu gördüm. Söküntü prosesinin kim (lər) tərəfindən həyata keçirildiyini bilmirəm. Araşdırılması üçün sahə müvəkkilinə müraciət etdim.

Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə bəzi yuxarı instansiyalara şikayətlər ünvanlamağa başladım. 

Hətta Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun da qəbulunda oldum. O, mənə köməklik göstərilməsi üçün rayon icra hakimiyyətinin məsul şəxslərinə göstəriş verdi. Şübhəsiz ki, bunun da heç bir faydası olmadı. Hazırda çarəsiz durumdayam. Bununla yanaşı, dövlətimin ədalətinə və haqqı bərqərar edəcəyinə inanıram.

Hansı ki, bir tərəfdə mənim kimi məzlum, kimsəsiz, haqq səsi boğulma çalışılan sadə vətəndaş, digər tərəfdə isə sabiq deputat və onun şirkət (lər) sahibi olan qardaşı dayanıb. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində dövləti ali məqsədi, 25-ci maddəsində bərabərlik hüququ anlayışı var. Bu və digər qanunlarımızı rəhbər tutaraq Sizdən çox xahiş edirəm, “Vialon” MMC tikinti şirkətinin özbaşınalıqlarına son qoyasınız, mənim haqqımın bərpa edilməsi və təhlükəsizliyimin təmin edilməsi üçün tapşırıq verəsiniz. Ümidvaram ki, sayənizdə ədalət öz yerini tapacaqdır.” (Bakuxeber.az)
AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın