Sərhədboyu genişmiqyaslı müharibə başlayır? - Mühüm açıqlama

18, 04, 23
11:00

Sərhədboyu genişmiqyaslı müharibə başlayır? - Mühüm açıqlama


Dığ kəndində ermənilərin son təxribatından sonra atəşkəsin nə qədər kövrək olduğu bir daha ortaya çıxdı.

Qarabağda, Zəngəzurda genişmiqyaslı hərbi toqquşmalar ola bilərmi? Olarsa, bu, nə ilə nəticələnər?

"Azərbaycan Reallığı" xəbər verir ki, mövcud vəziyyəti şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert İbrahim Rüstəmli səhədlərin delimitasiya və demarkasiya prosesinə bəzi amillərin mane olduğunu bildirib: 

“Məlumdur ki, atəşkəslə bağlı razılıq əldə olunmasına, Ermənistanın kapitulyasiyaya bərabər sənədə imza atmasına baxmayaraq, qarşı tərəfin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, sərhədboyu mütəmadi olaraq təxribatlar törətməsi nəticəsində atəşkəs davamlı şəkildə pozulur. Bunun əsas məsuliyyəti də Ermənistanın üzərinə düşür.

Məsələ burasındadır ki, Cənubi Qafqazda maraqları toqquşan dövlətlərin mövqe savaşı gedir. Bunun da nəticəsi olaraq əldə olunmuş üçtərəfli razılaşmada həyata keçirilməsi nəzərdə tutulan maddələrin, tələblərin yerinə yetirilməsi ləngiyir. O cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası prosesində də bu ləngimələr özünü göstərir. Təbii ki, bunun arxasında daim erməni lobbisinin diktəsi ilə hərəkət edən Fransa, eyni zamanda Azərbaycanla ciddi problemlər yaşayan, ərazi bütövlüyünü bərpa etməsini qəbullana bilməyən İran və Rusiya kimi dövlətlər dayanır. Bir sıra Qərb dövlətlərinin də bu işdə maraqları var ki, bütün bunlar bəzi məsələlərdə həm Azərbaycana, həm də Ermənistana ciddi problemlər törədir”.

Ekspert genişmiqyaslı hərbi əməliyyatların gözlənilməsilə bağlı müzakirələrə aydınlıq gətirib:

“Xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyanın başqa dövlətlərin diqtəsi ilə hərəkət etdiyini nəzərə alsaq, görürük ki, vəziyyət heç də xoşagələn deyil. Ancaq bütün hallarda sərhəd boyunca genişmiqyaslı əməliyyatların keçirilməsi ehtimalını istisna edirəm. Sərhədlərin delimitasiya və demarkasiya prosesi başa çatana kimi lokal toqquşmalar davam edəcək. Yəni dünya ölkələrinin sərhədlərində formalaşdırılan infrastruktur Azərbaycanın Ermənistanla sərhədində də formalaşdırılmalıdır. Yəni öz sərhədlərimiz çərçivəsində nəzarəti tam ələ almalı, Ermənistanı təcrid etməliyik. İran, Rusiya kimi ölkələrdən Qarabağa silah və təxribatçı qüvvələrin daşınması sirr deyil. Bu baxımdan Azərbaycan sərhədləri bağladıqdan sonra bütün bunların qarşısı alınacaq. Beləliklə, sərhəddə baş verə biləcək təxribat ehtimalları bloklanacaq. Təbii ki, burada zəruri hərbi-siyasi tədbirlər də həyata keçiriləcək”.

İ.Rüstəmli Azərbaycanın hazırkı hərbi mövqeyini dəyərləndirib:

“Bir sözlə, indiki vəziyyət Azərbaycanın tam xeyrinədir. Bakı özünün milli və dövlət maraqlarının təminatı üçün çalışır. Hazırda Azərbaycanın kifayət qədər ciddi xarakter nümayiş etdirməsi onun gələcək qalibiyyətlərinin motivini təşkil edir. Biz hər şeyi beynəlxalq hüquq çərçivəsində həyata keçiririk, bundan Ermənistan narahat olmalıdır. Azərbaycanın öz sərhədlərindən kənar heç bir dövlətin ərazisinə iddiası yoxdur. Sadəcə Zəngəzur dəhlizi ilə bağlı yaranmış problemdə bəzi dövlətlərin müdaxiləsi prosesi bir qədər ləngidir.

Amma Ermənistan sözügedən dəhlizlə bağlı öhdəliyi konkret olaraq öz üzərinə götürüb və bunu yerinə yetirməlidir. Məsələ ilə bağlı dövlət başçıları faktiki olaraq sənəd imzalayıblar. Necə ki, bir zamanlar BMT-nin, bir sıra başqa dövlətlərin Qarabağla bağlı bəyanatları olmuşdu, qətnamələr qəbul etmişdilər, amma onların icrası zaman-zaman dayanmışdı. Əks halda Azərbaycan bu gün də icrası vacib olan məsələləri dövlət səviyyəsində həm siyasi, həm də hərbi baxımdan yerinə yetirəcək. Daha kiminsə bunu bizim əvəzimizdən etməsini, qətnamə imzalamasını, bəyanat qəbul etməsini gözləməyəcəyik. Azərbaycan hazırda müdafiə mövqeyində deyil, öz hüquqlarının bərpası üçün hücum mövqeyindədir. Ermənistanın hazırkı vəziyyətdə revanşist addım atmağa meylli olduğunu düşünmürəm”.(Globalinfo.az)

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın