Fermerlər çarəsiz vəziyyətdə - Məcnun müəllim hara baxır?

05, 06, 23
12:00

Fermerlər çarəsiz vəziyyətdə - Məcnun müəllim hara baxır?


Son günlər ölkədə kartof sürətlə ucuzlaşmaqda davam edir. Artıq paytaxt bazarlarında qiymət iki dəfədən çox aşağı düşüb. Kartof əkilən rayonlarda isə qiymət o həddə qədər düşüb ki, fermerlər çəkdikləri xərcləri belə ödəyə bilmir.

"Azərbaycan Reallığı"
xəbər verir ki, AzToday.az-a şikayət edən Cəlilabad və Masallı rayonundan olan bir qrup fermer dövlət başçısı İlham Əliyevdən kömək istəyirlər.

Onların sözlərinə görə, yetişdirdikləri məhsulun Rusiyaya ixrac olunmasında ciddi problemlər var. Belə ki, gömrük hər maşına onlardan 1500 dollar pul tələb edir. Moskvaya da məhsulun çatdırılması üçün maşınlar 2500 dollar istəyir. Hazırda Moskva bazarlarında da qiymət o qədər aşağıdır ki, çəkdiyimiz 4 min dollar əlavə xərci çıxartmağımız çox çətin olur.

Hazırda kartof əkilən sahələrdə qiymətin 15 qəpiyə düşdüyünü deyən fermerlər məhsulun xarab olmasından narahatdırlar:

“1 hektar sahəni əkmək üçün 3 ton 800 kiloqram kartof əkmişəm. Toxumluq kartofun kiloqramını da 1.30 manatdan almışdıq. 1 hektar sahənin də məhsuldarlığı orta hesabla 25-30 ton olur. Bu il hava şəraiti əlverişli keçsəydi məhsullarliq 40 tona çatacaqdı. Kartofun sahədən yığılması üçün azı 15-20 fəhlə lazımdı. Onlar da gündəlik minimum 20 manatdan işləyirlər. Gübrələr də kifayət qədər bahadır. Ucuz qiymət səbəbindən sahələrdən kartof yığılmasını dayandırmışıq. Gözləyirik ki, qiymətlər bir az artsın. Heç olmasa, xərclərimizi çıxara bilək…”.

Onlar hesab edirlər ki, dövlət ehtiyacları(Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və qurumların) üçün alınan kartof yerli fermerlərdən alınsa, bu onlara çox böyük dəstək olar: “Hər il aşağı-yuxarı eyni vəziyyətlə üzləşirik. Əkindən xeyir tutmaq ildən-ilə çətinləşir. Bu baxımdan, fermerlərin əksəriyyəti kartof əkməyə isti baxmırlar. Ona görə, yerli bazarlarda İrandan idxal olunan kartoflar çoxdur. Əgər yetişdirdiyimiz məhsulun saxlanılmasına dövlət dəstək versə, bir kiloqram kartofun belə idxal olunmasına gərək qalmaz. Əks halda, gələn heç kim kartof əkməyəcək…” 

 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın