Diaspora komitəsində milyonları mənimsəyən kimdir? - Qonublar dövlətin ayırdığı pullara!

13, 06, 23
11:00

Diaspora komitəsində milyonları mənimsəyən kimdir? - Qonublar dövlətin ayırdığı pullara!


"Şahrıza Əliyev mənimsəmə baronu kimi ad çıxarıb. Diasporaya ayrılan pullar maliyyə şöbəsinin rəisi kimi məhz onun əli ilə mənimsənilir. Bu onun köhnə adətidir. Misir Mərdanov dövründə Təhsil Nazirlyinin İqtisadiyyat İdarəsinin müdiri olan Şahrıza Əliyev sən demə təkcə Nazirliyə ayrılan büdcə vəsaitlərini mənimsəməklə kifayətlənməyib". "Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə DİA.AZ-a Kamil Cəmilovun müəllifliyi ilə göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Peşəkar “maliyyəçi” olduğundan hər sahədən mənimsəməyi məharətlə bacarıb. Buna həm də onun xisləti imkan yaradıb. Yoxsa belə olmasaydı doğma kəndinə yolun çəkilməsi üçün ayrılan büdcə vəsaitini tez-bazar qardaşı Əlihüseyn Əliyevin adına firma açaraq mənimsəməzdi. Deməli məsələnim mahiyyəti belədir: Lerik rayonun Lərmərud kəndinin sakinlərinin kəndə yolun çəkilməsi ilə bağlı ölkə başçısına və hörmətli Mehriban xanıma etdiyi müraciətlərin nəticəsi olaraq Lerikin Əliəbad kəndindən Lərmərud kəndindən keçməklə Vamazğon kəndinə qədər yolun çəkilməsi üçün 7 milyon vəsait ayrılır.

Bunu eşidən Şahrıza Əliyev özünə fürsət bilib bu vəsaiti mənimsəmək işinə girişir. Tələm-tələsik Lerik şəhərində yaşayan qardaşı Əlihüseyn Əliyevin adına firma açaraq bu işi tenderdə “udur”. Beləcə Lərmərudun başının üstünü qara buludlar alır. Əliəbad-Vamazğon yoluna bir qara qəpik də xərclənmir. Əvəzində 7 kilometrlik Lərmərud-Haftonu yoluna bir neçə maşın torpaq tökülür. Bununla da öz işlərini bitmiş hesab edirlər. Şahrıza Əliyev pulu yola sərf etmək əvəzinə Lərmərud kəndində insanların torpaq sahələrini zəbt edərək 3 hektar sahədə özünə ətrafına 4 metrlik hasar hördürməklə 2 milyonluq malikanə tikir.

Bütün bunlardan sonra Şahrıza Əliyev kəndçilərinə böhtan atmaq işindən də qalmır. Belə ki, Şahrızanın bu fırıldağından xəbər tutan kəndçiləri başlayıblar bu barədə danışmağa ki, bəs bu kəndə, insanlara qarşı xəyanətdir, buna yol vermək olmaz. Şahrıza və qohumları isə başlayıblar kəndçilərini nankorluqda ittiham etməyə ki, bəs Şahrıza öz şəxsi vəsaiti hesabına kəndə yol çəkib, kəndçiləri də nankorluq edib ondan şikayət ediblər ki, bəs Şahrıza dövlətin kəndə ayırdığı pulu mənimsəyib. Beləcə bu adamlar kəndçilərini və kəndlərini hər yerdə rüsvay etmək işinə girişiblər ki, bəs bizim kəndçilər çox pis adamlardır, müəllim cibinin pulu ilə onlara yol çəkir onlar da şikayət edib deyirlər Şahrıza bu pulu haradan gətirir.

Beləcə bu günə qədər bu məsələni müəmmalı şəkildə saxlaya biliblər. Kənddə bu məsələ barədə ancaq kənarda danışırlar. Heç kim onların qorxusundan cürət edib bu məsələnin üstünə açıq gedə bilmir. Həm də Şahrızanın kənddə 23 ildir icra nümayəndəsi işləyən qardaşı Xanəli Əliyevin onları şərləyib tutduracağından qorxurlar. Xanəli haqqında bu xüsusda miflər dolaşır. O insanlara qarşı hər cür zülm etməkdə ad çıxardıb. 

Kəndin özünə “ziyalı”, “alim” deyənləri də var. Güya onlar indi kənd üçün can yandırıb işlər görürlər. Onların da bu məsələdə qorxudan səsi çıxmır. Əslində onlar da dolayısı ilə Şahrıza və Xanəlinin əlinə oynayırlar. Bu məsələnin üstünə düşüb, həqiqəti araşdırıb insanlara demək əvəzinə insanlardan nəsə umurlar.

Şahrızanın kənddə ən böyük pisliklərindən biri də özünün imarət tikmək maraqlarını təmin etmək üçün kənd üçün çalışan insanları üz üzə qoymasıdır. Ənvər Ağayev uzun illər kəndin bələdiyyə sədri olub, kənd üçün işlər görüb, deyilənə görə kəndin yolu ilə bağlı Mehriban xanıma kənd insanlarının adından müraciətləri də o təşkil edibmiş, sadəcə eşidəndə pul ayrılan ərəfədə işə Şahrıza qoşulub, qorxudan kənara çəkilib. Şahrıza onu kənd üçün çalışan Aydın Məmmədovla düşmən edib, halbuki bu insanların hər ikisinin niyyəti safdır, kənd üçün çalışmaqdır.

Şahrızanın qohumlarının bir dediyi var: pulu Şahrıza müəllim cibindən xərcləyib. Kəndçilər isə əksini deyir. Deyirlər, öz cibinin pulu ilə iş görəndə çoxsaylı texnika alıb, qardaşın adına şirkət açırlar? Şirkət açmısızsa, texnika almısızsa, deməli dövlətin pulunu mənimsəmisiz. Şahrızanın özü isə bütün səslənən fikirləri eşitməzliyə vurur. Pulun özünün və ya dövlətin pulu olması barədə bir cümlə də danışmır. Bir nəfər də tapılmır ki, bu məsələ ilə bağlı aidiyyatı orqanlara bir sorğu göndərsin, cavabını da insanlara göstərib bu məsələyə birdəfəlik son qoysun. 

Yəqin bu məsələdə nə vaxtsa həqiqət tam çılpaqlığı ilə ortaya çıxacaqdır. Onda Şahrıza və onun qohumlarının deməyə sözü qalmaz. Pardon, onlar yenə nəsə tapıb deyəcəklər, problem o deyil. O vaxta yolsuzluqdan çətin o kənddə kimsə qala. Qalsa onda yəqin onların ancaq Şahrızanın imarətinin hasarını söküb yola döşəmək şansları olacaq. Məncə Şahrıza elə indidən o şansı kəndçilərinə versə pis olmazdı. Elə ilk növbədə özü üçün..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın