İŞ ADAMLARI PREZİDENTƏ AÇIQ MƏKTUB YAZDI - Zakir Fərəcov şəhərin son illərdəki bütün quruculuq və abadlıq işlərini bizə gördürüb pulumuzu vermir.

14, 06, 22
09:16

İŞ ADAMLARI PREZİDENTƏ AÇIQ MƏKTUB YAZDI - Zakir Fərəcov şəhərin son illərdəki bütün quruculuq və abadlıq işlərini bizə gördürüb pulumuzu vermir.


Uzun illərdir ki, Sumqayıt şəhərində quruculuq-abadlıq işləri aparan amma Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovdan gördükləri işin müqabilində halal pulunu ala bilməyən bir qurup sumqayıtlı iş adamı son çıxış yolu kimi ölkə başçısına açıq məktub yazaraq müraciət edib. Müraciətdə deyilir:          

“Möhtərəm cənab Prezident!


Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov şəhərin son illərdəki bütün quruculuq və abadlıq işlərini bizə gördürüb amma pulumuzu vermir. Ümumilikdə, 60 milyon manatdan çox pulumuzu mənimsəyib. Hər gün 20-30 manata fəhləlik edən, ailəsinə, uşağına bir tikə çörək aparan usta və fəhlələr çarəsiz vəziyyətdə qalıblar.

Bununla bağlı dəfələrlə müraciət etmişik. Bu yaxında Prezident Aparatından şikayətimizə cavab gəlib, cavab məktubunda bildirilir ki, şikayətçilərin müraciəti araşdırılsın və bütün iş adamlarının haqqı ödənilsin. Zakir Fərəcov isə bu hadisəni eşidəndə güldü, istehza ilə dedi ki, mən aparatdan gələn o məktubları aparıb tualetdə istifadə edirəm. Daha sonra ciddi sifət alaraq bizə bildirdi ki, bu dəqiqə 50 min manat verib sizin hamınızı tutduraram. 

Möhtərəm prezident!


Siz həmişə iş adamlarına böyük diqqət və qayğı ilə yanaşmısınız, məsləhət verib yol göstərmisiniz. Zakir Fərəcov isə bizə sözün həqiqi mənasında qan uddurur, sitəm edir. Bu ölkədə bizim müstəqil dövlətimiz var, sizin kimi ədalətli prezidentimiz var. Bu adam sizin siyasi kursunuzun davamçısı deyilsə, hara bağlıdır, hansı dövlətə, hansı prezidentə bağlıdır? Ümumiyyətlə, bu adam heç nədən qorxmur, çəkinmir. Sanki bu gün quldarlıq dövrüdür, bu adam da özünü şah kimi aparır.

Möhtərəm prezident!

Zakir Fərəcov bizi, yəni səkkiz nəfər iş adamını öz otağına çağırdı və bildirdi ki, mənim Mehriban Əliyevanın komandası ilə aram yoxdur, məni sıxışdırırlar, işdən çıxarmaq istəyirlər, mənə zəmanət verin, sonra biz öz aramızda məsələni həll edərik. Bizə gördüyümüz işin qarşılığında cüzi məbləğdə pul verdi, ona inandıq və zəmanət kağızı verdik, amma bir gün sonra məsələnin iç üzünü öyrənib zəmanət kağızını ləvğ etdirdik. Çünki adamın yalan danışdığı aydın-açıq görünürdü.  

Zakir Fərəcov hər addımda yalana əl atır, bizi aldadır. Fevral ayının 22-si də bizi yığıb eyni yalana əl atdı. Dedi ki, prokurorluqla aram çox pisdir, yoxlama işləri aparırlar, mənə zəmanət verin, aranı sakitləşdirim, sonra sizin pulunuzu verərəm. Həmin günü bizə cəmi 15 min manat da pul verdi. Sonra bizi yenə aldatdığını görüb zəmanət kağızını ləğv etdirdik.

Onu da qeyd edək ki, Zakir Fərəcov fevralın 22-si bizə verdiyi 15 min manatı hansısa qəzetin baş redaktoru vasitəsi ilə göndərmişdi. Axı, bizim dövlətimiz var, görülən işlərə ayrılmış pul var, niyə əlaqəsi olmayan insanlar bu işə daxil edilməlidir?

Görünür, Zakir Fərəcov pulu ordan-burdan yığır, o sahibkardan alır, bu sahibkara verir, başımızı qatır. Hansısa jurnalist, hansısa əlaqəsiz insan kimdir ki, bu boyda işlərin qarşılığında cüzi verilən pulu onlar gətirir? Əgər dövlət pul ayırıbsa bu adam niyə ordan-burdan pul yığıb bizə gitib verir?

Biz gördüyümüz işlərdən müəyyən qədərini deyək ki, Sumqayıt bulvarının bütün işlərini tam şəkildə biz görmüşük, təkcə yerə 182 min kvadrat tamet vurmuşuq. Şəhərin girişindəki bütün agaclardan, gül-çiçəkdən tutmuş divarlara qədər, hamısını biz etmişik. Səkkiz kilometr yolun sağ və solunu biz düzəltmişik.

Zakir Fərəcov bizə bildirdi ki, siz işi görün qurtarın, sonra müqavilə bağlayıb pulunuzu verəcəm. Bizdə xüsusi sənədlər, şəkillər var ki, o faktlar işin bizim gördüyümüzə sübutudur. Dövlət idarələri də, məhkəmələr də bu işlərin bizim tərəfimizdən görüldüyünü təsdiq edib. Zakir Fərəcov isə bütün işləri bizə gördürüb başqa firmaya sənədləşdirib. Bunun səbəbi nədir? Həmin firmanın balansında heç bircə çəkic də yoxdur. Bu firma bu boyda işləri necə gördü?  

Möhtərəm prezident!


Yadınızdadırsa, siz Sumqayıta gələndə öz çıxışınızda qısa müddət ərzində görülən böyük işlər qarşısında təəccübünüzü bildirmişdiniz, yüksək qiymət vermişdiniz. Biz Sizin Sumqayıtdakı səlahiyyətli nümayəndəniz olan Zakir Fərəcova inandıq, güvəndik və bu işləri gördük. İndi isə pulumuzu ala bilmirik. Çoxumuz bu borclar üzündən evimizi-eşiyimizi itirmişik, dost-tanış arasına çıxa bilmirik. Sumqayıt ərazisinə yaxınlaşa bilmirik.

Çünki Zakir Fərəcov deyir ki, 50 min verib sizi həbs etdirəcəm. Biz bu qədər işlər görmüşük, bütün şəhəri abadlaşdırmışıq. Dövlət büdcəsindən və prezidentin Ehtiyat Fondundan Sumqayıt şəhərinin abadlaşması üçün ayrılan pullar isə naməlum istiqamətə xərclənib, mənimsənilib.

Möhtərəm prezident!


Bizim son ümidimiz sizədir. Əgər siz də bizim problemimizin həlli istiqamətində tapşırıq verməsəniz, bizim başqa yolumuz qalmır. Çünki həqiqətən də boğaza yığılmışıq. Yenə deyirik, son ümidimiz sizədir. Bu gün sizin dəmir yumruğunuz Şuşada zəfər bayrağı kimi ucalır. Sizin apardığınız daxili və xarici siyasət Azərbaycanı dünya ölkələri arasında zirvələrə qaldırıb. Biz hamımız sadə xalq olaraq sizin yanınızdayıq. Son nəfəsimizə qədər sizi dəstəkləyirik. Amma Sizin Sumqayıt şəhərinə təyin etdiyiniz Zakir Fərəcov apardığınız uğurlu siyasətə kölgə salır, Birinci vitse-prezidentimiz Mehriban xanımın adından istifadə edərək bizi aldadır.

Biz Sizdən haqq-ədalət adına xahiş edirik, bu haqsızlığa son qoyun, Zakir Fərəcova “dur” deyin. Sizin dəmir yumruğunuz nəinki Azərbaycan, dünya siyasi tarixində böyük iz qoyub. Biz hamımız ədalət naminə havaya qalxan o dəmir yumruq altında bizləşmişik. Əminik ki, o dəmir yumruğun ədalət gücünü insanların haqqını yeyən Zakir Fərəcova da göstərəcəksiniz.

Hörmətlə, Sumqayıtda haqqı tapdanılan iş adamları”.

 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın