10 noyabra kimi Paşinyan Putinlə nə danışıb, Əliyev hansı şərtlər irəli sürüb?

21, 06, 23
15:00

10 noyabra kimi Paşinyan Putinlə nə danışıb, Əliyev hansı şərtlər irəli sürüb?


Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqları ətraflı təqdim edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, ilk söhbət oktyabrın 7-də, Paşinyan Putini ad günü münasibətilə təbrik edəndə olub. Daha sonra Rusiya prezidenti atəşkəsin mümkün qədər tez əldə olunması üçün vasitəçilik səyləri göstərmək istədiyini bildirib.

Paşinyan razılaşıb, lakin atəşkəsin şərtlərini soruşub. Ermənistan hesab edib ki, bu, ilkin şərt olmadan baş verməlidir, tərəflər öz mövqelərində dayanmalı, bundan sonra qarşılıqlı güzəştlər məsələsini müzakirə etməyə başlamalıdırlar. Elə həmin gün məlum olub ki, Azərbaycan prezidenti İlham Əliyev bununla razılaşmayıb. Ertəsi gün Putinlə Əliyev arasında növbəti söhbət olub.

Əliyev bildirib ki, Ermənistan tərəfinin Füzulini təslim etməsini və qoşunlarının Arazboyu Xudafərin su anbarına qədər geri çəkilməsini gözləyir. Azərbaycanın suvarma üçün su götürmək imkanı olmalı idi. Bundan başqa, Əliyev Dağlıq Qarabağda qətlə görə məhkum olunan Şahbaz Quliyev və Dilqəm Əsgərovun qaytarılmasında israr edib. Bakı buna cavab olaraq əsirləri qaytarmağa hazır olub. Ancaq bütün bunlar yalnız humanitar atəşkəsin təmin edilməsi üçün idi, hərbi əməliyyatların dayandırılması üçün deyil.

Eyni zamanda, Ermənistanın baş naziri Xudafərin su anbarından birgə istifadənin mümkünlüyünü, Əsgərov və Quliyevin əsirlərin müqabilində qaytarılmasının da danışıqlar predmeti ola biləcəyini istisna etməyib, lakin Füzulinin təslim edilməsi və qoşunların geri çəkilməsi məsələsi qəbuledilməz olub.

Həmin gün qərara alınıb ki, tərəflər bu ideyanın həyata keçirilməsi üzərində işə başlasınlar. Oktyabrın 17-də Fransa prezidenti Emmanuel Makron təşəbbüslə çıxış edərək Azərbaycan prezidentinin oktyabrın 18-i saat 00:00-dan etibarən heç bir şərt irəli sürmədən atəşkəs rejiminin yaradılmasına razılıq verdiyini bəyan edib. Oktyabrın 17-də axşam saatlarında bu barədə məlumat yayılıb. Lakin Azərbaycan hərbi əməliyyatları dayandırmayıb.

Bunu nəzərə alan Paşinyan əvvəlki proqrama qayıdıb və oktyabrın 19-da günortadan sonra Putinlə danışıb. Rusiya Federasiyasının prezidenti qeyd edib ki, Rusiyanın uzun illər əvvəl işləyib hazırladığı plan əsasında müharibəni dayandırmaq mümkündür. "Şərt isə belədir - 5+2 formatında 7 rayon qaytarılır, Laçın dəhlizi ilə Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə məsələsi həll olunur, Rusiya sülhməramlıları Qarabağa yerləşdirilir, lakin status qeyri-müəyyən olaraq qalır", - Paşinyan bildirib.

Ermənistanın baş naziri həmin gün axşam saatlarında mövqeyini bildirəcəyini açıqlayıb. Söhbətdən sonra o, parlament və parlamentdənkənar qüvvələrin nümayəndələrini dəvət edib, daha sonra Ermənistan prezidentinin və bütün ermənilərin katolikosunun iştirakı ilə Təhlükəsizlik Şurasının iclasında iştirak edib.

"Orada dedim ki, Rusiya Federasiyasının prezidentinə zəng vurub deməyə hazırlaşıram ki, təklif olunan variantı qəbul edirəm. Dəvət olunanlardan hansısa birinin bu qərara görə məsuliyyəti mənimlə bölüşəcəyini gözləmirdim, yalnız baş verənlər barədə məlumat verdim", - Paşinyan bildirib.

Axşam Putinə zəng edərək o, bu şərtlərlə müharibəni dayandırmağa hazır olduğunu bildirib. O zaman iki rayon - Füzuli və Cəbrayıl faktiki olaraq tamamilə Bakının nəzarətində idi.

Oktyabrın 20-də Əliyevlə söhbətdən sonra Putin Paşinyana bildirib ki, Azərbaycan müharibəni dayandırmağa hazırdır, lakin qalan bütün rayonları alacağını gözləyir. Bundan başqa, azərbaycanlı qaçqınların Şuşaya qayıtması, Azərbaycanın Naxçıvanla dəhlizinin təmin edilməsi üçün Mehridə Rusiya sülhməramlılarının yerləşdirilməsi təmin edilməli idi. Paşinyan bu mövzuya ayrıca toxunub. Ermənistanın baş naziri bundan imtina edib.

Oktyabrın 26-dan etibarən atəşkəs üçün ABŞ vasitəçiliyi də nəticə verməyib. Azərbaycan hücumu davam etdirib. Hədəfi Şuşa idi.

Nəticədə 2020-ci il noyabrın 6-da Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatı üzrə danışıqlar başlayıb və sənədin özü noyabrın 9-u səhər saatlarında imzalanıb.

Növbəti söhbət zamanı Putin bildirib ki, Azərbaycan oktyabrın 9-dan 10-na keçən gecə humanitar atəşkəs imzalamağa hazırdır. Bunu müzakirə etmək üçün Ermənistan və Azərbaycanın xarici işlər nazirləri - Mnatsakanyan və Bayramov Moskvaya dəvət edilib. Görüş oktyabrın 10-da səhər saatlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə baş tutub. Bundan sonra BQXK-nın vasitəçiliyi ilə əsirlərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi üçün humanitar atəşkəs elan edilib. Tərəflər ATƏT-in Minsk qrupunun prinsipləri əsasında sülh yolu ilə nizamlanmanın tezliklə əldə edilməsi üçün substantiv danışıqlara başlamalı idilər.

Eyni zamanda, Paşinyan əmin imiş ki, Azərbaycanın irəliləyişi dayandırılmayana qədər o, barışığa razı olmayacaq. Bununla belə, vəziyyət nikbinlik yaratmırdı, buna görə də hərbi əməliyyatların dayandırılması üçün başqa bir variant güzəştlər variantı idi.

"2020-ci il oktyabrın 13-də ilk dəfə olaraq Rusiya Federasiyasının prezidentindən müharibəni dayandırmaq üçün nə etməli olduğumu soruşdum. Oktyabrın 16-da eyni mövzuda daha uzun söhbət oldu. Rusiya Federasiyasının prezidenti belə bir fikir bildirdi ki, 5 rayonun qaytarılması müqabilində, əlbəttə ki, heç bir status dəqiqliyi olmadan müharibənin dayandırılmasından danışmaq olar”, deyə Paşinyan bildirib.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın