“Bilirlər ki, mən öz sözümə əməl edirəm”

02, 08, 23
15:00

“Bilirlər ki, mən öz sözümə əməl edirəm”


“Mən heç zaman bu barədə düşünməmişəm, çünki həyatımda ilk dəfədir ki, mənə belə sual verilir. Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik”. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində Ermənistandakı ermənilərə mesaj haqda sualı cavablandırarkən deyib.

“Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik.

Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar.

Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar.

Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”, - deyə dövlət başçısı qeyd edib.

 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın