Səkinə Sadıqovanın məhv etdiyi Sumqayıt səhiyyəsi - Səhiyyə ocaqları nakaut vəziyyətində

08, 08, 23
21:12

Səkinə Sadıqovanın məhv etdiyi Sumqayıt səhiyyəsi - Səhiyyə ocaqları nakaut vəziyyətində


Sumqayıtda ən çox şikayət olunan və insanların ciddi narazılığına səbəb olan sahə isə səhiyyədir. Bu sahədə olan nöqsanlar barədə dəfələrlə yazmağımıza baxmayaraq vəziyyət nəinki düzəlib, hətta nəzərə çarpacaq dərəcədə geriləyib. Redaksiyamıza edilən çoxsaylı müraciətlərin əsas hissəsi də məhz bu sahəyə aid şikayətlərdir.

Yazılan məktublara cavab olaraq öncə onlara səhiyyə şöbəsinə müraciət etmələrini tövsiyə edirik. Amma oxucular da haqlı olaraq bizə cavabında bildirirlər ki, etdiyimiz müraciət və şikayətlər cavabsız qalır. Hətta iş o yerə çatıb ki, səhiyyə şöbəsinin rəhbəri Səkinə Sadıqovanın üzünü belə görə bilmirlər. Bir sözlə, dərdlərini söyləməyə adam tapılmır.

Oxucuların şikayəti isə əsasən dövlət tərəfindən verilən dərman preparatlarının əldə olunması ilə bağlıdır. Şəkər xəstələri üçün nəzərdə tutulmuş və dövlət tərəfindən pulsuz şəkildə diabet testlərinin onlara paylanılmalı olduğu təqdirdə nədənsə bu aydan o aya o aydan bu aya keçirilərək insanlarla ötüt- ötür oyunu oynayırlar.

Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın yanına şikayətə gedəndə isə onu nədənsə iş vaxtı yerində tapmırlar. Görünür səhiyyənin başbiləni Sumqayıt Bakı yolunda tıxaca düşməmək üçün "icazəlidir”.  Xəbər saytımızda yayımlanan Səhiyyə ilə bağlı yazılardan çox güman ki, Səhiyyə nazirliyi və TƏBİB rəhbərliyi xəbərdardır. Maraqlıdır, xəbərdardırsa, nazirlik və TƏBİB həqiqətənmi Sumqayıtda normal kadr tapa bilmir. Həqiqətənmi Sumqayıtda illərin təcrübəsini toplamış, səhiyyə müəssələrinə beş barmağı kimi bələd olan işinin peşəkarı yoxdur?!

Ölkə prezidenti İlham Əliyev tərəfindən regionlarda tibb müəssisələrinin tikilməsinə, təmirinə və müasir avadanlıqlarla təchizatına xüsusi önəm verilir. Elə Sumqayıt rəhbərliyi səviyyəsində də şəhərdəki səhiyyə müəssələrinin yenidən qurulması, əsaslı təmir olunması daim diqqətdə saxlanılır. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə fəaliyyət göstərən bütün səhiyyə ocaqlarına şəxsən baş çəkir, aparılan infrastruktur dəyişiklikləri ilə birbaşa tanış olur.

Son illərdə 2 nömrəli Doğum Evi, 1, 2 , 3 və 4 nömrəli poliklinikalar, Stomatoloji və Uşaq poliklinikaları, Onkoloji Xəstəxana, Uşaq Xəstəxanasının yoluxucu xəstəliklər korpusu, və 1 saylı Qadın Məsləhətxanası əsaslı təmir olunub. Şəhər icra hakimiyyətinin başçısı səhiyyə işçiləri ilə görüşdə mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verir. Belə olduğu halda nazirlik nə vaxtadək icra hakimiyyətinin səhiyyə sahəsində gördüyü işlərin arxasında gizlənəcək, əlində bayraq edəcək?

Xəstəyə baxım, qulluq, texniki təchizat, xəstəxananın gündəlik və aylıq xərcləri, xəstə geyimləri, mələfələr, qeyri-steril materiallar, məişət avadanlıqları, elektrik malları bir çox müəssiədə təmirdən sonra sıradan çıxmış haldadır. Büdcədən bunlar üçün aylıq və ya illik pul ayrılsa da, müəssisələrdə sıradan çıxmış inventarların yenilənməsi baş vermir. Dərman vasitələri və tibbi ləvazimatlar isə yox dərəcəsindədir. Bu gün müəssisələrdə tibbi personal steril əlcəkləri belə öz vəsaitləri hesabına alırlar. Sistem məhlulları, işlədilən adi spirt belə müəssisələrin əksəriyyətində tapılmır.  

Sumqayıtın səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Belə vəziyyətin yaranmasını isə şikayətçilər birbaşa Səkinə Sadıqovanın yarıtmaz fəaliyyəti ilə bağlayırlar. Məlumat üçün bir daha qeyd edək ki, bu gün Sumqayıt Şəhər Səhiyyə İdarəsinin tabeliyində 7 xəstəxana, 2 Doğum evi, 5 Dispanser, 3 şəhər poliklinikası, “Kimyaçı” poliklinikasi, 2 Tibbi Sanitar Hissə, 5 uşaq poliklinikası, 2 təsərrüfat hesablı stomatoloji poliklinika, Uşaq stomatoloji poliklinikasi və Uşaq sanatoriyasında vətəndaşlara tibbi xidmətlər göstərilir. Lakin bu xidmətlərin olduqca aşağı səviyyədə olması və dövlət tibb müəssisələrində xəstələrdən tələb olunan pul ödənişləri yerli sakinlərin ciddi narazılıqlarına səbəb olur.

Məlumatlarda xüsusi olaraq vurğulanır ki, Sumqayıtın xəstəxanaları üçün dərman preparatları alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Beləliklə də şəhərin tibb müəssisələrində xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Bir çox hallarda hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Həmçinin məlumatlarda yerli xəstəxanaların ərzaq təminatı məsələsinin də Səkinə Sadıqova tərəfindən artıq çoxdan maxinasiya obyektinə çevrildiyi qeyd olunur.

Digər tərəfdən isə, Sumqayıtın bəzi tibb müəssisələrinin rəhbərləri birbaşa Səkinə Sadıqovanın himayəsinə güvənərək, rəhbərlik etdikləri səhiyyə ocaqlarında daha böyük qanunsuzluqlar törədirlər. Aldığımız məlumatlarda belə müəssisələrə misal olaraq, Sumqayıt şəhər 1 saylı Doğum Evinin və Sumqayıt şəhər 1 saylı uşaq poliklinikasının adları çəkilir. Qeyd edək ki, redaksiyamıza Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətində müşahidə olunan ciddi qanun pozuntularına dair məlumatlar bu gün də daxil olmaqda davam edir. Doğum evinin qəbul şöbəsində doğuşa gələn xanımlardan dərhal 500 manat məbləğində ödəniş etmək tələb olunur.

Sumqayıtın bir çox tibb müəssisələrində primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar da müşahidə olunmaqdadır. İnfeksion xəstəliklərin profilaktikası məsələsində isə bəzi müəssisələrdə ümumiyyətlə tam fəaliyyətsizliyin şahidi olmaq olar. Bəzi mənbələr tərəfindən təqdim olunan məlumatlarda isə, bir çox hallarda infeksiya daşıyıcılarının aşkarlanma faktlarının şəhər Səhiyyə İdarəsinin rəhbərliyi tərəfindən gizlədildiyi də iddia olunur.

Qeyd olunduğu kimi, bütün bu problemlər artıq uzun müddətdir ki, Sumqayıt səhiyyəsinin inkişafını əngəlləyən əsas məqamlar kimi çıxış etməkdədirlər. Lakin Sumqayıt Şəhər İcra Hakimiyyətində cənab Zakir Fərəcovun sərt müdaxiləsindən sonra belə deməyə əsas verir ki, artıq sumqayıtlılar ən yaxın günlərdə bütün bu problemlərin həllinin şahidi ola biləcəklər.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın