İcra başçısından HƏQARƏT: "Torpağınız işğaldan azad olunub, rədd olun öz rayonunuza..." - ŞİKAYƏT

24, 08, 23
16:00

İcra başçısından HƏQARƏT: "Torpağınız işğaldan azad olunub, rədd olun öz rayonunuza..." - ŞİKAYƏT


Su tələb edən Ağdam sakini Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən həbs etdirilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Yenicag.az-a Ağdam rayon sakini Həsənov Nazim Çingiz oğlu məlumat verib.

Şikayətçinin sözlərinə görə, torpaq sahəsini suvarmaq üçün Ağcabədi Rayon İcra başçısına şikayət üçün gedib, ancaq onun özünü 5 sutkalıq həbslə cəzalandırıblar:

“Ağcabədi rayon Sarıcalı kəndində qardaşımın 5, mənim də 5 hektar bələdiyyə torpağımız var. Müqavilə ilə ildə min manat da vergi veririk.

Qarabağ kanalı vasitəsi ilə torpağımızı suvarırdıq. Ağcabədi Rayon Su Kanal İdarəsinin nümayəndəsi Ağayev Ceyhun bizə su vermirdi. Dəfələrlə ona haqsızlıq etdiyini demişəm.

Özlərinə məxsus olan torpaqları suvarırlar, ancaq bizə su vermirlər. Bir neçə dəfə də deyib ki, arxamda icra başçısı durur, sənə su verməyəcəm. Yeri gəlmişkən, Ceyhun Ağayev Sarıcalı kənd icra nümayəndəsi Ağayev Arifin əmisi oğludur”.

Nazim Həsənovun sözlərinə görə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qəbulda ona “rayonunuz işağldan azad olunub, rədd olub gedin öz rayonunuzu əkin” deyib:

“Su istəmək üçün Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun qəbuluna getdim. Ona dedim ki, torpağım susuzluqdan yanır.

Su istədim. Problemləri onun nəzəriə çatdırdım. İcra başçısı məni nəzərdə tutaraq göstəriş verdi ki, mənimlə kobud danışır, ona 5 sutka həbs verin.

Dediyi kimi də oldu. Mənə 5 sutka həbs verdilər. Mənimlə prinsip aparırlar. İcra başçısı üzümə qarşı dedi ki, torpağınız işğaldan azad olunub, rədd olub gedin öz torpağınızı əkib-becərin, imkan verin kənd sakinləri o torpaqdan istifadə etsin”.

Nazim Həsənov ölkə rəhbərliyinə müracət edərək, haqsızlığın aradan qaldırılmasında yardım istəyib.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


Səxavət Məmməd

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841   

Bizimlə əlaqə saxlayın