Müharibə başlasa, İran kimin tərəfində olacaq? - Mühüm açıqlama

08, 09, 23
12:00

Müharibə başlasa, İran kimin tərəfində olacaq? - Mühüm açıqlama


Erməni hərbi karvanı Azərbaycan sərhədlərinə doğru irəliləyir. Erməni “Telegram” kanallarında da bunu sübut edən çoxsaylı videolar yayılıb. Düşmən cəbhəsində baş verən hadisələrin təhlili göstərir ki, Ermənistanın tezliklə Azərbaycana hücum etməsi gözləniləndir. Hərbi əməliyyatlar bu dəfə cəbhənin hansı istiqamətində gerçəkləşə bilər? 

Müşahidəçilərin fikrincə, Ermənistan Zəngəzur istiqamətində təxribatlara əl ata bilər. Düşmən tərəfin 2 məqsədinin olduğu bildirilir: birincisi, həmin istiqamətində hərbi əməliyyatlara başlamaqla, Zəngəzur dəhlizinin heç vaxt açılmayacağına dair mesaj vermək; ikincisi, İranı münaqişəyə cəlb etmək. 

İrəvan son vaxtlar İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda buna nail olacağına ümid edir.

İran münaqişəyə qoşula bilərmi? Bu ehtimalın doğruluq faizi nə qədərdir? Əgər müharibə başlasa, İranın mövqeyi necə olacaq?

Yenisabah.az-la söhbətində ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib ki, sentyabr ayı başlayandan bəri həm şərti sərhəddə, həm də Qarabağda atəşkəs rejimi pozulub:

“Bu statistikanın intensivliyi elə bir vəziyyətə gəlib ki, sanki hər 2 tərəf müharibə öncəsi vəziyyətdədir. Bununla yanaşı, Ermənistanın hərbi bölmələrini şərti sərhədə gətirməsinə dair videolar yayılıb. Eləcə də erməni “Telegram” kanalları Azərbaycan Ordusunun dislokasiyasına dair videoları paylaşırlar”.

E. Şıxəliyevin sözlərinə görə, əslində, qoşunların təmas vəziyyətində cəmləşməsi mümkün ola biləcək hərbi gərginliyin elementidir:
“Yəni müharibə öncəsi bir vəziyyətdir. Adətən, siyasətçilər anlaşmayanda hərbçilər meydana girir və silahlar danışır. Təəssüf ki, İrəvan sülh sazişini imzalamadığı, eləcə də Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası məsələsində daxili işlərimizə qarışdığı üçün siyasi müzakirələr dalana dirənib. Bu o deməkdir ki, Ermənistan Azərbaycanı mümkün ola biləcək hərbi gərginliyə təhrik edir.

Onun silahlı qüvvələri həm şərti sərhəddə, həm də Qarabağda hərbçilərimizi atəşə tuturlar. Ermənilər bununla “qırmızı xət”lərimiz keçir, bizi adekvat cavab verməyə məcbur edirlər.
Artıq hər 2 tərəf mümkün toqquşmaya hazırdır. İstər Ermənistan, istərsə də Azərbaycanda hamı müharibə gözləntisindədir”.

E. Şıxəliyev diqqətə çatdırıb ki, Ermənistan əvvəl Kəlbəcər və Laçın istiqamətində atəşkəsin pozulması intensivliyini artırırdısa, indi bunu Naxçıvan istiqamətinə keçirib:

“Hətta son atəşkəs pozuntusu Ordubad istiqamətində olub. Ordubad da İranla həmsərhəddir. Təbii ki, Ermənistanın niyyəti var: İranla sərhəddə gərginlik yaransın və İran Azərbaycana qarşı müharibəyə cəlb olsun. Üstəlik, Rusiyanı Azərbaycana qarşı müharibəyə cəlb etməyə çalışırlar.

Bu məsələdə İranın mövqeyini bilirik. Rəsmi Tehranın Ermənistanın təhlükəsizliyi ilə bağlı bəyanatlar verib. Hazırda rəsmi Bakı Tehranla siyasi-iqtisadi əlaqələrini davam etdirir. Çünki Naxçıvanla əlaqə İran vasitəsi ilədir.

Ermənistanın müdafiə naziri bildirib ki, müzakirələrə hazırdırlar. Bu, geridönüş anlamına gəlir. Amma məncə, sentyabr çox gərgin bir ay olacaq. Fikrimcə, bu il Qarabağ və Ermənistanla bağlı məsələlər sonlanmalıdır”.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın