"Heç kimin adamı olmadım, özüm adam oldum!" – Niftalı Namazlıdan səssizlərə səs

14, 06, 25
19:00

"Heç kimin adamı olmadım, özüm adam oldum!" – Niftalı Namazlıdan səssizlərə səs

Gənc aktyor Niftalı Namazlıdan "Azərbaaycan Reallığı"na eksklüziv müsahibə – "Heç kimin adamı olmadım, özüm adam oldum!"

Müsahibədə sənət dünyasındakı süni məşhurluq, dəyərsizləşmə və istedada qarşı olan laqeydliklərə toxunulur. Qalmaqallı və sosial mesajlarla zəngin bu yazı, həm gündəmi əhatə edir, həm də oxucuya real sənət yolunun arxasındakı çətinlikləri göstərir. 

Müsahibə sual-cavabsız, monoloq formatındadır və oxucu üçün emosional bağ yaradır. 

Mən çox az adam tanıyıram ki, sənətə görə təkbaşına ayaqda qalsın. Mənim heç kimim olmayıb. Heç vaxt kiminsə masasında oturub “məni çək” deməmişəm. Özümü yandırıb o masanı qurmuşam. Heç kimin adamı olmadım. Özüm adam oldum.
Bu sahədə ən çox yoran şey istedadsızların önə çəkilməsi, istedadlıların "səbirli ol" deyə-deyə susdurulmasıdır. Mən susmadım. Susmağa gəlməmişəm. Susanlar çox oldu, onların susqunluğunun içindən mən danışdım.
İllər öncə Türkiyədə “Diriliş Ertuğrul” serialının kulisində dayananda heç kim mənim kim olduğumu bilmirdi. Amma mən bilirdim: mən kim olmaq istəyirəm. O vaxtdan bu yana da, hara getsəm, arxamda sadəcə bir şey olub – əzab. Sənətə olan inamla çarpışan əzab.
Məni bu gün tanıyanlar deyə bilər ki, “gəncdir, yenə nəsə danışır”. Amma bu “gənc” illərdir səhnədə nəfəs alır, televiziyada görünür, hər tamaşada eyni yanğını yaşayıb danışır. Mən rol oynamıram. Mən yaşayıram. Səhnə mənim üçün rol yeri deyil, etiraf yeridir.
Mən şouya deyil, sənətə gəlmişəm. Amma bəzən görürəm ki, şou deyə-deyə sənətin üstünə tor atırlar. Elə bil hər kəs aktyor olub. Sosial şəbəkədə iki montaj videosu edən, iki poza verən “sənətçiyəm” deyir. Amma sənət səsini qaldıranda, “ay bu da danışdı” deyirlər.
Yaxşı, bəs sizə nə edək? Susaq? Susduq da – bizi eşitdinizmi?
Bu gün çəkiliş meydanlarında səs çoxdur, amma səssizlikdə böyüyən heç kim qalmayıb. Mən o səssizliyin içindən gəlmişəm. Anam musiqi müəlliməsi idi. Babam isə hər zaman istəyirdi ki, hüquqşünas olum. Deyirdi, “mənim nəvəm savadlı, dövlətə yararlı bir oğul olacaq.” Amma mən səhnəni seçdim – həyatımı, özümü, dərdimi orada tapdım.
Əgər bu ölkədə kiminsə tanışı olmadan nəyəsə nail olmaq mümkün deyilsə, deməli mən artıq möcüzəyə çevrilmişəm.
Bu sənətdə ad deyil, dəyər lazımdır. Adını hamı yaza bilər, amma dəyərini tarix yazır. Mən tarix yazmaq üçün gəlmişəm. Hər tənqid, hər çıxış, hər rol – mənim tariximdir.
Heç kimdən icazə almaq fikrim yoxdur. Bu xalqın gəncləri ilham axtarır, mən onlara deməyə gəlmişəm: İcazəsiz də qalxmaq olar. Yaltaqlıq etmədən də tanınmaq mümkündür. Mən sübutuyam.

Bizimlə əlaqə saxlayın