Tanınmış vəkil həbsdən hüquq ictimaiyyətinə muraciət etdi - Mən ondan fərqli olaraq yalnız həqiqətləri açıqlayacağam
Tanınmış vəkil həbsdən hüquq ictimaiyyətinə muraciət etdi - Mən ondan fərqli olaraq yalnız həqiqətləri açıqlayacağam
Hörmətli dostlar və hüquq ictimaiyyəti!
Bildiyiniz kimi barəmdə çıxarılmış məhkəmə sisteminin üz qarası olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.03.2025-ci il tarixli hökmündən verdiyimiz apellyasiya şikayətlərinə hələ də mahiyyəti üzrə baxılmamışdır. Çünki ədalətsiz məhkəmə hökmünün ləğv olunacağından çox narahat olan şəxs hüquqdan sui-istifadə edərək apellyasiya şikayətimizə baxılmasına süni maneə yaradır.
İndi mən Sizə bu “xüsusi seçilmiş adamın” mənə qarşı aparmağa çalışdığı şər kompaniyasının bir qismi haqqında məlumat verəcəm. Belə ki, bu “xüsusi seçilmiş adam” 2024-cü ilin yay aylarında bir neçə nəfəri mənim əleyhimə maşa kimi istifadə edib onlara əsassız şikayətlər yazdırmış, hətta avtobus tutaraq AR Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun və AR Baş Prokuroru cənab Kamran Əliyevin qəbuluna aparmış, sosial şəbəkələrdə barəmdə yalan məlumatlar yaydırmışdır. Lakin bu “xüsusi seçilmiş adam” bilmirdi ki, onun öyrətdiyi şəxsləri ifşa edəcək kifayət qədər sübutlarım vardır. Həmin şəxslərin şikayətləri araşdırılmış, üzərimə sadəcə böhtan atılmasında bir maşa kimi istifadə olunduqları ibtidai istintaq orqanlarımız tərəfindən sübuta yetirilmişdir.
Hətta araşdırma zamanı iki nəfər onun tərəfindən heç bir şikayət yazılmadığına, “xüsusi seçilmiş adam” tərəfindən onun əvəzinə ərizələr yazıldığına, onun xəbəri olmadan şikayətlər göndərildiyinə dair izahat vermişdir. Yəni təsəvvür edin, bu şəxs vətəndaşın adından şikayət yazıb xəbəri olmadan hüquq mühafizə orqanlarına göndərmişdir. Bu fakt, yəni onun vətəndaşın xəbəri olmadan şikayətlər yazıb göndərməsi istintaq orqanının qərarında öz əksini tapmışdır. Həmin şəxsin hansı oyunlara əl atdığı AR Daxili İşlər Naziri cənab Vilayət Eyvazov və AR Baş Prokuroru cənab Kamran Əliyevə də məlumdur. Bu gün isə həbsdə olmağımdan istifadə edib barəmdə əsassız məlumatlar yaydıraraq insanlarda çaşqınlıq yaratmağa çalışır.
Bəzi xəbər saytları isə məlumatı dəqiqləşdirmədən “xüsusi seçilmiş adamın” sifarişlərinə və xəyal dünyasına uyğun xəbərlər tirajlayırlar. Bir neçə gün öncə haqqımda yayılmış xəbər tamamilə yalandır və cəmiyyətə təhrif olunmuş şəkildə çatdırılmışdır. Mən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi müqavilə bağlamış və xidmət haqqı almışam. Hər hansı bir şəxsin işinin müsbət nəticələnməməsi vəkilin əziyyətinin heçə sayılmasına əsas vermir. Özünə xas olan hərəkətləri mənə yapışdırmağa çalışan bu şəxs haqqımda yalan məlumatlar yaydıraraq əslində vəkillik institutunu durmadan gözdən salmağa davam edir.
Haqqımda əsassız xəbərlər paylaşan şəxslər barəsində də, şübhəsiz ki, məhkəməyə müraciət olunacaqdır. Həmin xəbər saytları əgər “xüsusi seçilmiş adam” icazə verirsə, mənim postumu mövqe kimi paylaşa bilər. Nəzərinizə çatdırmaq istəyirəm ki, mənim ofisim hələ də fəaliyyət göstərir və mənim komandam heç kimi yarı yolda qoymur, lazımi qaydada vətəndaşlarımıza hüquqi yardım göstərir. Qoy bu şəxs mənə böhtan atıb haqqımda yalan xəbərlər paylaşdırmağa davam etsin, amma mən ondan fərqli olaraq yalnız həqiqətləri açıqlayacağam.
Bu xəbəri paylaşmaqda məqsədim ondan ibarətdir ki, gələcəkdə atacağım addımlara görə məni qınamayasınız.