Bu, BMT tarixində ən yadda qalan tədbirlərdən biridir. Azərbaycanda son illər ənənəvi olaraq ekoloji cəhətdən böyük və uğurlu işlərə şahidlik edirik. Bu il ərzində bütün respublika üzrə təbiətin qorunması və yaşıllaşdırılması ilə bağlı addımların atılmasına, parkların və yaşıllıq zolaqlarının salınmasına şahidlik etdik. Eyni zamanda təbiətin qorunması ilə bağlı mühüm layihələr reallaşdırıldı”.
“Bu tədbirdə iştirak edən insanlar həm Azərbaycanın müasir quruculuq işlərinə, dünyanın siyasi proseslərinə təsir imkanlarına və dünyanın ən qlobal problemlərinə verdiyi mühüm töhfələrə şahidlik edəcəklər.
Şübhəm yoxdur ki, qonaqlar öz vətənlərinə yüksək əhval ruhiyyə və təəssüratla qayıdacaqlar. Onlar qayıtdıqdan sonra Azərbaycanın mühüm işlərdə verdiyi töhfələri öz ölkələrində də qeyd edəcəklər. Bütövlükdə dünyanın bu sahədə olan probleminin aradan qaldırılmasında dünya liderlərinin, fikirləri və təklifləri çox maraqlı olacaq. Qonaqlar Azərbaycanın bu tədbirin reallaşmasında təşəbbüs göstərməsinə və yüksək səviyyədə ev sahibliyi etməsinə şahidlik edəcəklər”.
COP29- İqtisadi güc siyasi uğurlara yol açır
Millət vəkili Azər Badamov bildirib ki, COP tədbirlərinin keçirilməsi üçün ölkələrin böyük iqtisadiyyatı olmalıdır:
“Əgər ölkənin iqtisadi gücü yoxdursa, belə böyük tədbirlərə heç vaxt ev sahibliyi edə bilməz. O cümlədən COP29-u Azərbaycnada keçirilməsi ilə bağlı qərar veriləndə heç bir il müddət də qalmamışdı. Baxmayaraq ki, vaxt az idi, Azərbaycan bu tədbirə yüksək səviyyədə hazırlıq tədbirləri gördü. Azərbaycan bu gündən bu tədbirə ev sahibliyi edir”.
A.Badamovun sözlərinə görə, xarici ölkələrin dövlət başçıları da COP29-a gəlmək üzrədir:
“67 mindən çox qonaq bu tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib. O cümlədən 100-dən çox dövlət başçısının ölkəmizə gələcəyi gözlənilir. Bu həm də Azərbaycanın dünyaya inkişaf etmiş ölkə olduğunu göstərməsidir.
Ölkəmizdə olmamış dövlət başçıları, siyasətçilər gələndə görəcəklər ki, qərbin anti-Azərbaycan, islamafob siyasətinə baxmayaraq Azərbaycan onların gözündə gördüyü kimi deyil. Azərbaycan inkişaf etməkdə olan sivil bir dövlətdir və dünyaya açıqdır. Eyni zamanda ölkəmiz beynəlxalq tədbirləri keçirmək iqtidarındadır. Bu təbii ki, Azərbaycanı dünyaya daha da yaxşı tanıdacaqdır.
İqtisadi cəhətdən güclü olmağımız siyasi uğurlarımızın davamlı olmasına yol açır. İqtisadi gücümüz olmasa tədbir keçirə, özümüzü siyasi müstəqil ölkə kimi təqdim edə bilməzdik.
Bu gün Azərbaycan sözün əsl mənasında öz siyasi müstəqilliyinə qovuşmuş bir ölkədir və heç kimin iradəsindən, mövqeyindən, sözündən asılı olmadan öz müstəqil siyasətini yürüdür. Baxmayaraq ki, COP29 ərəfəsində də anti-Azərbaycan qüvvələrinin təzyiqi ilə üzləşdik, Azərbaycan öz iradəsindən və mövqeyindən dönmədi və tədbirə yüksək hazırlıq işlərini davm etdirdi. Bu gündən başlayaraq 22 noyabra qədər ölkəmiz qonaqlarını qəbul edəcək. Qlobal gündəliyi əhatə edən aktual məsələləri məhz Bakıda müzakirə olunacaq, dünyanın nəbzi paytaxtımızda döyünəcək. Bütün dünyanın diqqəti Azərbaycanda olacaq, bu tarixi bir hadisədir.Bu münasibətlə xalqımızı təbrik etmək istəyirəm. Azərbaycan güclü olduğunu bir daha sübut etmiş oldu. Ölkəmizdən ayrılacaq dövlət başçıları və digər qonaqlar yüksək təəssüratla Azərbaycanı tərk edəcəklər. Onlar burada yüksək qonaqpərvərlik görəcək və Azərbaycanlıların necə insan olmaları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Onlar burada təsir yaratmağa çalışan anti-Azərbaycan qüvvələrin fikirlərinin yanlış olduğunu öz gözləri ilə görəcəklər”.
COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə dünyanın etimadıdır
Milli Məclisin deputatı Naqif Həmzəyev isə bildirib ki, Azərbaycan uzun illərdir ki, ekoloji layihələri öz ərazisində uğurla keçirir:
“Xüsusilə də ənənəvi enerji resurslarına malik ölkə olmağımıza baxmayaraq, biz alternativ enerji resurslarının istehsal edilməsinə ən çox sərmayə yatıran ölkəyik. Azərbaycan bununla da kifayətlənməyərək yaşıl enerjinin Avropaya ixrac edilməsi ilə bağlı meqa layihə həyata keçirir. Artıq bu layihənin icrası ilə bağlı şərqi Avropa ölkələri ilə də tərəfdaş qismində çıxış edirik. Bu layihənin icrası Avropa enerji təhlükəsizliyində və xüsusilə də Avropanın yaşıl enerjyə keçidində müsbət rol oynayacaq. Bütün bunlarla yanaşı Azərbaycan regionda yaratdığı yeni reallıqlar fonunda iqlim dəyişikliklərinə qarşı birgə mübarizənin vacibliyini anlayır və elə bu səbəbdən yalnız özünü yox, eynin zamanda köməyə ehtiyacı olan digər dövlətləri də düşünür. Məhz Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dönəmində bunu dəfələrlə sübut etmişdir. Sonrakı dövrdə də ölkəmiz bu prizmadan məsələrə yanaşaraq dünya dövlətlərini həmrəyliyə səsləmişdir”.
N.Həmzəyevin sözlərinə görə, COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadla bağlıdır:
“Azərbaycan bu günə qədər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmiş və bu tədbirlər yüksək səviyyədə həyata keçirilmişdir. Azərbaycanın sadaladığım məsələlərlə bağlı müsbət yanaşması nəticə etibarilə COP29 tədbirinin də Azərbaycanda keçirilməsinə gətirib çıxardı. Dünya liderləri artıq Azərbaycana gəlməkdədirlər. Biz yaxın günlər ərzində ölkəmizdə çox önəmli qərarların alınacağını və bir çox problemlərin həlli ilə bağlı birgə qərarlar veriləcəyinə şahidlik edəcəyik. Azərbaycana təşrif buyuracaq dünya liderləri və bütün ekspertlər, ekoaktivistlər Azərbaycandan çox gözəl təəssüratlarla ayrılacaqlar. Uzun illər burada qəbul edilmiş qərarlar, xüsusilə də iqlim dəyişikliyinə qarşı birgə mübarizə, istiləşmənin qarşısının alınması ilə bağlı birgə qərarların qəbul edilməsi uzun illər Azərbaycan və Bakını yaddaşlarda saxlayacaq. İnanırıq ki, bu tədbirin ölkəmizdə keçirilməsi gələcəkdə də bu cür mötəbər tədbirlərin keçirilməsi üçün zəmin yaratmış olacaqm və Azərbaycanın artan nüfuzunu dayanıqlı edəcək”.