Heydər Əliyev Sarayının yeni direktoru: Onu kinodan tanıyırıq

25, 11, 23
13:30

Heydər Əliyev Sarayının yeni direktoru: Onu kinodan tanıyırıq

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib. 

"Azərbaycan Reallığı" yeni direktorun tərcümeyi-halını təqdim edir:

İlham Zakir oğlu Qasımov 20 avqust 1977-ci ildə Bakıda anadan olub. 261 saylı məktəbdə oxuyub. Məktəbdə oxuyarkən İlham müxtəlif səhnəciklər hazırlayıb və çıxış edirmiş. Azərbaycan Texniki Universitetinə daxil olub. Universitet illərində də sənətə maraq göstərən İlham "Azərbaycan Dövlət İqtisad Universiteti"nin KVN komandasında (Biz biznesdənik) çıxış edib və komandayla 1994 və 1995-ci ildə Azərbaycan çempionu olub.

Yaradıcılığına "Bakılı oğlanlar" ŞHK komandasında əvvəlcə aktyor, sonralar isə ssenari müəllifi və rejissor qismində davam edib. Gənc yaşında 1994-cü ilin mayında "Yuxu" filmində Əliabbas rolunda çəkilib. İlhamə Quliyevanın "İncitmə qəlbimi" klipində rejissorluq edib. Aparıcı qismində isə ABA TV-də "Məhəbbət Üçbucağı", "Music ball", "Nərdivan" verilişlərində çıxış edib.

Daha sonra "Space" telekanalında "Piramida", "Zəfər Zəngi" və "Auksion" verilişlərini aparıb. 2001–2006-cı illərdə "Planet Parni iz Baku" KVN teatrının üzvü olub. "Məhəllə 1" və "Məhəllə 2" filmlərində Ruslan (Rusik) obrazını canlandırıb. Bir çox baxımlı verilişlərin müəllifi və rejissoru olub.

Hazırda İlham Qasımov reklam çəkilişləri və kommersiya filmləri istehsalı ilə məşğul olan şirkətin rəhbəridir. Özü isə son zamanlar ssenarist, rejissor və prodüser kimi fəaliyyət göstərir. 2015-ci ildə Tural Sevdimalı və DJ Fateh-lə birgə rejissorluğunu elədiyi "Oğlan evi:

Azərbaycansayağı qarət" kinokomediyası ekranlara çıxıb. 2016-cı ildə isə filmin 2-ci hissəsi "Oğlan evi 2" təqdim olundu. 2017-ci ildə İranla Azərbaycanın müştərək istehsalı olan qurluşçu rejissor Babək Şirinsefat baş produsser isə İlham Qasımov olan "Tayson" kinokomediyası ekranlara çıxdı.

İlham Qasımov 2014-cü ilin martında Ayla xanımla ailə həyatı qurub.

Bizimlə əlaqə saxlayın