AzTV-nin yaranmasından 68 il ötür

14, 02, 24
09:00

AzTV-nin yaranmasından 68 il ötür

“Diqqət-diqqət, göstərir Bakı” - 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, Şərqdə ilk televiziyanın ölkəmizdə fəaliyyətə başlamasından ötən 68 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayımvericiləri istismara verilib.
 
1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.
 
Azərbaycanda teleradionun uğurlu fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Televiziyasını xalqın milli sərvəti adlandıran Ulu Öndər onun cəmiyyət həyatında, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirir, siyasətin bu tribunadan xalqa çatdırılmasına böyük əhəmiyyət verirdi. Azərbaycan Teleradiosu bu gün də xalqın əsl tribunasıdır. O, ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu prosesi, davamlı və ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar, ölkənin dinamik inkişafı, qazanılan nailiyyətlər bu kanalın gündəlik fəaliyyətində öz əksini tapır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin operativ işıqlandırılması, dövlətimizin rəsmi mövqeyinin həm ölkə daxilində, həm dünyada tam dəqiqliklə yayımlanması Azərbaycan Teleradiosunun müstəsna xidmətidir.
 

Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir.
 
2009-cu il fevralın 1-dən efirə çıxan “İdman Azərbaycan” kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin təsdiqinə çevrilib.
 
2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi bu kanal Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.
 
Bu gün Azərbaycan Teleradiosunun nəzdində, həmçinin ölkənin ən nüfuzlu musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycan Radiosunun da maddi-texniki bazası modernləşdirilib, radio verilişlərinin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib.
Son illər Teleradionun həyatında baş verənlər də dövlətin bu sahəyə qayğısının nəticəsidir.

Bizimlə əlaqə saxlayın