Həmvətənimiz ilin ən yaxşı bəstəkarı seçilib

19, 02, 24
11:30

Həmvətənimiz ilin ən yaxşı bəstəkarı seçilib

“Almaniyada yaşadığım 19 il ərzində ürəyim daim Vətənim Azərbaycanla döyünüb. Bu illər ərzində elə bir konsert və layihəm olmayıb ki, orada Vətənim haqqında danışmayım, elə bir musiqi əsərim yoxdur ki, orada öz milli dəyərlərimizi xarici ölkə dinləyicilərinə çatdırmayım”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri Almaniyada yaşayan həmvətənimiz, “Bridge of Sound” orkestrinin bədii rəhbəri, eyniadlı cəmiyyətin yaradıcısı, bəstəkar Xədicə Zeynalova AZƏRTAC-a müsahibəsində söyləyib.

“2022-ci ilin aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı mənim xatirəmdə dərin iz buraxıb. Şuşaya ilk səfərim məndə o dərəcədə xoş təəssürat yaratdı ki, təsirlənərək “Şuşa” simfoniyasını bəstələdim. Bütün layihələrim mənə çox doğmadır, çünki mən hər layihə üzərində bir neçə ay və il çalışıram. Yaddaqalan layihələrimdən birini “Bridge of sound” orkestrimlə Berlin şəhərində 2022-ci il noyabrın 8-də Zəfər Günümüzə həsr etdim. Həmin möhtəşəm konsertdə mənim dördhissəli “Şuşa” simfoniyam orkestrimin ifasında böyük tamaşaçı alqışı qazandı. Konsertdə nəinki Azərbaycanın, dünyanın müxtəlif ölkələrindən olan səfirliklərin nümayəndələri, diplomatlar, fəxri qonaqlar iştirak və çıxışlar etdilər”, - deyə X.Zeynalova qeyd edib.

Həmvətənimiz Xədicə Zeynalova Almaniyada 2024-cü ilin ən yaxşı bəstəkarı seçilməsindən, “Artist in Residence” nominasiyasına layiq görülməsindən böyük qürur hissi keçirdiyini, bundan sonrakı fəaliyyətində də Azərbaycanın musiqi mədəniyyətini layiqincə təbliğ etməyə çalışacağını vurğulayıb.

Bizimlə əlaqə saxlayın