Şərif Ağayar yazıçıları yıxdı-sürüdü: AYB-yə üzv olmaq, təqaüd, mənzil növbəsi...

05, 03, 24
09:30

Şərif Ağayar yazıçıları yıxdı-sürüdü: AYB-yə üzv olmaq, təqaüd, mənzil növbəsi...

"Azərbaycan ədəbiyyatının vəziyyətini hələlik yaxşı görmürəm. Ayrı-ayrı imzalar var, nələrsə yazırlar, ancaq heç bir ciddi mütərəqqi proses getmir". 

Bu sözləri "Azərbaycan Reallığı"na açıqlamasında yazıçı Şərif Ağayar 3 mart Beynəlxalq Yazıçılar Günü münasibətilə danışarkən deyib. Ədəbiyyatımızın hazırkı vəziyyətini qiymətləndirən yazıçı gəncləri tələsməkdə ittiham edib:

"Gənc yazarlar özlərini azad hiss edə bilmirlər və ən kədərlisi azad olmaq istəmirlər. Müşahidələrim bu yöndədir. Ancaq ayrı-ayrı imzalar var və onlar nələrsə yazıb yaradırlar. Proses dayanmır, sadəcə qənaətbəxş səviyyədən, potensialdan xeyli aşağıdadır. 

İlk baxışdan belədir ki, heç kimə heç nə qadağan olunmur, ancaq gənclər çox tez bir vaxtda karyera arxasınca düşürlər. Bu karyeranın da müəyyən şərtləri var. Yazıçılar Birliyinə üzv olmaq, oradan təqaüd almaq, mənzil növbəsində durmaq və s. Adi problemlər haqqında belə danışmaq istəmirlər. Qorxmaq, çəkinmək də deyil, sadəcə istəmirlər. Belə baxırlar ki, karyera, qazanc haradadır. Yəni yaza-yaza, danışa-danışa heç nə deməməyin yanındadırlar".

Ş.Ağayar həmçinin əlavə edib ki, sərgilədikləri bu mövqeyə görə, heç kimi qınamaq olmaz:

"Heç kimi qınamaq olmaz ki, sən niyə fədakarlıq etmirsən. Həqiqi ədəbiyyat fədakarların ümidinə qalıb. Bununla da iş aşmır. Onlarla da bir yerə qədər getmək olur". 

Yazıçı hesab edir ki, Azərbaycan ədəbiyyatının vicdan, ləyaqət, azadlıq və sənətə inam problemi var:

"Yəni hər adam ədəbiyyata inanmır. O dərəcə inanmır ki, özünü ona həsr eləsin, ədəbiyyat üçün çətinlikləri gözə alsın. Bax, bu çatışmır. Bizdə nə istedad, nə yazmaq, nə də tez və ya gec yazmaq problemi var. Əksinə, bizim azərbaycanlılarda yazı mədəniyyəti zəifdir. Biz gec yazan millətik. Yazıya öyrənməmişik. Hətta onlayn şəbəkələrdə də biz yaza-yaza şifahi düşünürük. Bizə "şair xalq" deyirlər, əslində biz şair yox, aşıq və meyxanaçı xalqıq. Özümüzü şifahi ifadə etməyə öyrəşmişik, yazılı düşünə bilmirik. 

Ona görə də istədiyimizə nail ola bilmirik, yaxşı yazıçı yetişmir. Yetişəndə də çox  çətinliklərlə üz-üzə qalır. Məsələn, Əlisa Nicat kimi yaşamağa bir yer tapa bilmir. Qaz pulu tapmır ki, gecələr qazı yansın. Reallıq budur" - o söyləyib.

Bizimlə əlaqə saxlayın