Rövşanə: “Kişilərimiz qadınlarımız qarşısında boynubükükdür” – Müsahibə
Rövşanə: “Kişilərimiz qadınlarımız qarşısında boynubükükdür” – Müsahibə
Azerbaycanrealligi.com xəbər verir ki, Kulis.az-ın “Ulduzlu çərşənbə”sinin budəfəki qonağı aparıcı Rövşanə Ağasəfqızıdır. Layihədə məşhur sənətçilərlə ədəbiyyat və sənət barədə söhbət edirik.
- Bu gün teleməkanda ən çox tənqid olunan aparıcılardansınız, amma heç vaxt kəskin reaksiya vermirsiniz. Təmkininiz tənqidləri haqlı hesab etmənizdən irəli gəlir?
- Əgər aparıcı tənqid olunursa, onun haqqında danışılırsa, bu, həm də aparıcının gündəmdə olması deməkdir. Təvazökarlıqdan uzaq olsa da həmişə gündəmdə olan aparıcı olmuşam.
Qıcıq yaratmağın özü də aparıcının uğurudur. Mən tamaşaçının sarı siminə toxunmağı bacarıram.
- Amma bir çox tanınan adamlar tənqidə sizin qədər dözümlü olmur. Bu nədən irəli gəlir?
- Bu, çox ciddi problemdir. Zaman-zaman mən də bu problemlə üzləşirəm. Bayağı, şit, qurşaqdan aşağı zarafatlarla dolu olan bir film çəkirlər, dəvət edirlər, gedib baxıram, gəlib, tənqidi fikir səsləndirəndə filmin rejissorundan tutmuş prodüserinə qədər bütün yaradıcı heyət mənə düşmən kəsilir. Tənqid yoxdur deyə inkişaf da yoxdur. Bu gün yumorumuz nə gündədir? Baxın kinoteatrlarda nümayiş olunan yumoristik filmlərə. Film deyil, məzhəkədir. Belə filmlər bizim zövqümüzü korlayır. Kommersiyaya işləyən bazar filmlərində yumordan söhbət gedə bilməz. Musiqimizdən danışmağa başlasaq, bu sahə də uçurum qarşısındadır.
- Bəlkə də bu dözümsüzlük illərdir aparıcıların hər şeyi, hər kəsi yalnız tərifləməsindən qaynaqlanır?
- Mən şəxsən öz verilişimdə onları kifayət qədər tənqid edirəm. Bütün dəvət etdiyim müğənni qonaqlara əvvəlcədən deyirəm ki, mənim verilişimdə bayağı mahnı oxumayın.
- Bəs o müğənniləri niyə dəvət edirsiniz? Bəlkə, ümumiyyətlə onların ayağını efirdən kəsmək lazımdır.
- Təəssüflə qeyd etməliyəm ki, bu gün kütlənin marağı onlaradır. Başqa çarəmiz qalmır. Bu gün Rəşid Behbudov, Rübabə Muradova, Şövkət Ələkbərova yoxdur ki, çağıraq. Olanımız bunlardır.
- Niyə, az da olsa sanballı sənətkarlarımız var.
- Bu gün cəmiyyətin az-çox ziyalı təbəqəsi, sanballı sənətkarları, yazıçıları efirdən uzaq düşüb. Hər halda, sən Xalq yazıçısı, Xalq artistisənsə dəvət edəndə gəlməlisən, sözünü deməlisən. Mən burdan həmin Xalq yazıçılarını, Xalq artistlərini qınayıram. Çağırıram, verilişə gəlmirlər, sonra uzaqdan tənqid edirlər ki, verilişlər səviyyəsizdir. Çəkilirlər öz hücrələrinə ki, mən Xalq yazıçıyam, Xalq artistiyəm. Gəlmirsənsə, ittiham etməyə haqqın yoxdur.
- Bayaq dediniz ki, musiqimiz uçurum qarşısındadır. Bu uçurumun yaranmasında yüngül mahnılar yazan bəstəkarların da rolu var, onu cəmiyyətə təqdim edən efirin də.
- İçi mən qarışıq hamı reytinq üçün çalışır. Hamı pul qazanmağın dalınca düşüb, yaradıcılıq keçib ikinci plana. Tanıdığım çox istedadlı bəstəkarlar var ki, sanballı musiqi əsərləri yazırlar, amma o əsərləri ifa etməyə müğənni tapa bilmirlər. Yoxdur. O əsərləri səsləndirəcək ifaçılar yetişmir.
- Olanları da verilişlərə dəvət etmirlər. Bəlkə, bayağı müğənnilərin yerinə küncdə-bucaqda qalan istedadlı ifaçılara tribuna verəsiniz?
- Bu sənət, sözün əsl mənasında, üzlü olmağı tələb edir. Utancaq olub kölgədə qaldınsa, heç vaxt parlamaq şansın olmur. Digər tərəfdən, efirə gələn ən yaxşı sənətçi belə ən birinci toy tutmaq haqqında düşünür. Bu, bizim yaralı yerimizdir. Toy bazarı bütövlükdə bizim sənətə çox ciddi zərbə vurdu. Zərgərlik, gözəllik salonları, şadlıq sarayları inkişaf etdi, amma musiqimiz inkişafdan qaldı.
- Az qala bütün verilişlərinizdə hay-küy, mübahisə, hətta əlbəyaxa dava olur. Bunu özünüz əvvəlcədən planlaşdırırsınız, yoxsa təsadüfi alınır?
- Yox, planlaşdırmıram. Verilişin belə hay-küylü alınmasında bir az da mənim açıq sözlü olmağım rol oynayır. Verilişə çağırdığım adamı tərifləmək məcburiyyəti hiss etmirəm. Özüm üçün qaranlıq qalan, məni nə qane etməyən nə varsa birbaşa qonağa deyirəm. Qəribədir, bütün qonaqlar aparıcının onu efirə ancaq tərifləmək üçün dəvət etdiyini düşünür. Məndən əks fikir eşidəndə qalmaqal yaranır.
- Görünür, aparıcının, jurnalistin səviyyəsinin yüksək olması, bəzən sənət adamlarına, yumşaq desək, sərf etmir.
- Bəli. Çox doğrudur. Bu yaxınlarda qonaqlarımdan birinə deyirəm, sən burda Xudayar bəylik etmə. Deyir, Xudayar bəy kimdir? O, məni niyə tanımalıdır? Soruşuram, siz ümumiyyətlə “Ölülər” əsərinin müəllifini tanıyırsınız? Cavab verir ki, mən onu niyə tanımalıyam? Elementar sualların cavabını bilmirlər. Bu dəhşətli faktdır. Keçən dəfə, adını deməyəcəm, bir Xalq artistinin qızı “Hacı Qara” əsərinin müəllifinin kim olduğunu bilmədi. Sual verirəm, baxır, cavab verə bilmir, hələ bir gedəndə məndən inciyir ki, məni biabır elədin. Viktor Hüqo haqqında müğənninin bilməməsi hardasa bağışlanandır. Eybi yox, bilməyə bilər, amma “Hacı Qara” əsərinin müəllifini tanımamaq... Bu, sadəcə olaraq ayıbdır.
- Uzun illərdir şou əhli ilə çalışırsınız. Bizim şou əhlinin səviyyəsini bir kəlmə ilə necə qiymətləndirərsiniz?
- Heç kim məndən inciməsin, bizim şou əhli içərisində dünyadan xəbəri olan beş-on sənətçi var. Türkiyənin taksi sürücüsü bizim müğənnilərdən səviyyəlidir. Əksəriyyətinin heç oxumaqdan xəbəri yoxdur.
- Bu gün ölkədə xərclərinə görə toy məclislərindən geri qalmayan xınayaxdı mərasimləri dəbdədir. Bu biznesə əsasən aktrisalar baxır. Aktrisanın pul qazanmaq üçün xınayaxdı mərasimlərinə üz tutmasına necə baxırsınız?
- Əlçatmaz hesab etdiyim bir sənətkarın gedib xınayaxdı məclislərində belinə şal bağlayaraq “haxışda” deməsi mənim üçün qəbuledilməzdir. Təsəvvür edin, Amaliya Pənahova, Afaq Bəşirqızı məclislərdə “haxışda” deyir. Bu aktrisalar bizim üçün əlçatmaz olublar. Ələsgər Ələkbərovun xatirələrini oxumuşdum. Belə bir ifadə yaddaşıma həkk olunmuşdu: Sənət adamı ortalıqda olmamalıdır.
- Hətta deyilənə görə, Adil İsgəndərov aktyorların bazara, dükana getməsinə icazə vermirmiş.
- İndi sənət adamları çox adiləşib. Özünü ulduz sayan sənət adamlarında ulduzluqdan əsər-əlamət qalmayıb. Ulduz bu qədər adiləşməməlidir.
- Bir az da televiziyadan danışaq. 20 ildir eyni formatlı verilişlər yalnız aparıcısı və adı dəyişdirilməklə kanallarda dövr edir. Bir aparıcı kimi bu vəziyyətə etiraz edirsinizmi?
- Mənə elə gəlir, bu gün televiziyalarımızın əsas problemi kadr çatışmazlığıdır. Onu da deyim ki, hazırda televiziyalara əvvəlki kimi axın yoxdur. Mənim gəldiyim illər televiziyanın ən parlaq dövrü idi. İndi mütəxəssislər kənara çəkilib.
- Səbəb maaşların qənaətbəxş olmamasıdır, yoxsa?
- Deməzdim maaş azdır. Bəlkə, televiziyanın əvvəlki nüfuzunu itirməsindən irəli gəlir. Təsəvvür edin, beş saatlıq veriliş çəkirsən, ondan üç dəqiqəlik çıxarış edib YouTube-da paylaşırsan, partlayır. Halbuki televiziyada gözlədiyimiz reytinqi vermir.
- Demək, televiziya sosial mediaya məğlub olur.
- Şəhərdə, bəli. Rayonlarda belə deyil. Ucqarlarda televiziyanın hörməti hələ də qalıb. Şəhərdə heç kimin oturub 3-5 saatlıq verilişə baxmağa həvəsi yoxdur.
- Bu, bir az da həmkarlarınızın intellektinin olmamasından irəli gəlmirmi?
- Aparıcılar yanaqlarını, dodaqlarını şişirdib, kiprik qoyub efirdə çıxırlar, amma qonağa sual verə bilmirlər. Mən bunu həmişə qeyd etmişəm: televiziyaya kuklalar lazım deyil!
- Öz çalışdığınız kanalda da belə kuklalar az deyil. Etiraz edə bilirsinizmi?
- Hər zaman etirazımı bildirirəm. Bu gün jurnalistika etikasından bixəbər aparıcılar meydan sulayır. Televiziya bazar deyil, çıxıb orda söyüş söymək, küçə söhbətləri etmək olmaz. Efir qadın qeybətləri etmək üçün meydana çevrilməməlidir.
- Bəzən sizin də verilişlərinizdə lazım olmayan kadrlar yayımlanır. Məsələn, idmançı ilə rəqqasənin əlbəyaxa davası kimi...
- Bu buraxılışa görə mən çox tənqid olundum. Etiraf edirəm ki, haqlı tənqidlər idi. Amma mən də bəzən axına qoşulub getmək məcburiyyətində qalıram. O verilişə nə qədər reytinq gəldi. Ciddi mövzular qoyuram, Salam Sarvanı, Şəhriyarı, Aqşini dəvət edirəm, üç saat ədəbiyyatdan danışırıq, baxırıq, reytinq yoxdur. Növbəti buraxılışda məcbur qalıb qalmaqallı mövzulara müraciət edirik.
- Səmimi deyin, özünüzü bu ampluada bəyənirsiniz?
- Yox. Qətiyyən bəyənmirəm. İxtiyarım olsaydı daha ağıllı, maarifləndirici verilişlər hazırlayardım. Xarici kanallara baxıram, orda əyləndirərək maarifləndirən nə qədər gözəl verilişlər hazırlanır. Amma tək mənim istəməyimlə də alınmır axı. Gərək cəmiyyət buna hazır olsun.
- Siz həm də filoloqsunuz. İlk oxuduğunuz irihəcmli əsər hansıdır?
- İlk dəfə 6-cı sinifdə iki irihəcmli əsəri paralel oxudum. Viktor Hüqonun “Səfillər”i ilə Əlibala Hacızadənin “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxdur” əsərləri idi. Ondan sonra yavaş-yavaş İlyas Əfəndiyevin, Salam Qədirzadənin, Elçinin əsərlərini oxumağa başladım. Öz ədəbiyyatımıza mükəmməl bələd olandan sonra keçdim xarici ədəbiyyata. Xüsusilə rus ədəbiyyatını oxuyurdum. Lermantovu çox sevirəm. Tolstoyu oxusam da, onun əsərləri mənə bir o qədər yaxın gəlmir. Puşkinin poeziyasını çox sevirəm. Füzulini çox çətinliklə də olsa oxuyurdum. O, ərəb-fars sözlərini güc-bəla ilə əzbərləyirdim. Yadıma gəlir, rəhmətlik atamın böyük kitabxanası vardı. Biz o kitabxananı görə-görə böyümüşük. Necə gözəl kitablar çap olunurdu o dövrlərdə. İndiki kitabları adam əlinə almaq istəmir. Poliqrafiyası adamın gözünü yorur. Bu arada qeyd edim ki, məni bir oxucu kimi ciddi narahat edən məsələlərdən biri də tərcümə məsələsidir. Mənə elə gəlir, tərcümələr boğazdan yuxarı olunur. Ədəbiyyatı bilməyən, ədəbi dilə bələd olmayan, ümumiyyətlə məzmunu və mövzunu tuta bilməyən insanlar tərcümə edir bu əsərləri. Bilmirəm, bu tərcümə məsələləri ilə kim məşğul olur?
- Məncə, Tərcümə Mərkəzindən sualınıza cavab ala bilərsiniz. Afaq Məsudu bu məsələ ilə bağlı verilişə dəvət etmək olar.
- Yəqin, mütəxəssislər yoxdur. Mən dəfələrlə qeyd etmişəm ki, çox istəyərdim, Afaq Məsuddan müsahibə alım. Hətta qonşu kanalda işləyəndə onu efir vasitəsi ilə verilişimə dəvət etmişəm, heç bir cavab ala bilməmişəm. Yeri gəlmişkən, Afaq xanım qadın yazıçılar arasında qadını bütün içi və ruhu ilə hiss etdirən ən uğurlu yazıçıdır. Onun “Sərçələr” əsərini oxuyanda mənə elə gəldi ki, bütünlüklə insanın varlığını, ruhunu töküb əsərin içərisinə. Tək öz yaşantısının deyil, bütün qadınların hisslərinin tərcümanı olub.
- Yeni nəsil ədiblərdən kimləri oxuyursunuz?
- Şəhriyar del Geranini oxuyuram. Çox bəyənirəm və hesab edirəm ki, Azərbaycan poeziyasında son dövrün ən uğurlu tapıntısıdır. Əvvəllər Aqşin Yeniseyi bəyənərək oxuyurdun. Son illər yeni şeirlərini görmürəm. Deyəsən, nəsrə keçib.
- Köhnə nəsil ilə yeni nəslin “savaşı”na münasibətiniz necədir?
- Bu gün gənc yazıçılar ən çox Yazıçılar Birliyi ilə problem yaşayır. Bu məsələdə ürəkləri doludur. Amma bilmirəm onlar Yazıçılar Birliyindən nə istəyirlər? Yazıçılar Birliyinə bu qədər kin-nifrət bəsləməyi doğru hesab etmirəm. Yazmaq istəyən, istedadı olan insan üçün nə fərqi var Yazıçılar Birliyinin başında Anar oturdu, Məmməd oturdu? Əgər mübarizən yaradıcılıq naminədirsə, get, yaz, qələmin əlində, kağızın əlində. İstedadlısansa, onsuz da parlayacaqsan. Hesab etsinlər ki, elə bir qurum yoxdur.
Ümumiyyətlə, bu ittifaqlar, bu qurumlar mənə çatmır. Nə işlə məşğul olurlar orda? Çox mənasız gəlir mənə. Yaradıcı insanı hansısa bir ittifaqa, quruma sığışdırmaq nə dərəcədə doğrudur, bilmirəm.
- Yazmaq, fikirlərinizi nəsrə çevirmək istəmisiniz heç?
- Əvvəllər maraqlı süjetlər yazırdım. Son zamanlar verilişlərimdə o qədər danışıram ki, içimi boşaldıram, yazmağa materialım qalmır. Hələ ki, əlimdə tribunam var, ürəyimi boşaldıram, amma nə vaxtsa tribunam olmasa, yazmağa başlayacam
- Şeir yazmaq qabiliyyətiniz necə, varmı?
- Yox. Qəti yoxdur. Mən qadının şeir yazmasını qəbul edə bilmirəm. Mənim üçün Məmməd Araz, Ramiz Rövşən fəlsəfəsi, pessimizm izləri olsa da Salam Sarvan dünyası qadınlarda yoxdur. Məncə, bütün sahələrdə kişilər dominantdır.
- Amma kənardan baxanda kişi gücündən asılı qalan qadın təsiri bağışlamırsınız
- Məni daha çox feminist qadın kimi təsəvvür edirlər. Düzdür, haqsızlığa uğrayan bütün qadınları müdafiə edirəm, amma bütün varlığımla qadınam. Özümü kişidən necə üstün hesab edə bilərəm? Biz özümüzü nə qədər kişi ilə bərabər göstərməyə çalışsaq da nəticə pafosdan başqa bir şey olmayacaq. Qadının ən böyük missiyası dünyaya uşaq gətirməkdir. Və bu yerdə qadın artıq kişidən güclüdür.
- Yəni deyirsiniz, hər bir qadının kişiyə ehtiyacı var?
- Bəli. Eynilə hər bir kişinin də qadına ehtiyacı var.
- Bəs sizin necə?
- Mənim də həmçinin.
- Sizə görə, bir qadının kişi ilə münasibətdə “Olmazsa olmaz”ı nədir?
- Birinci növbədə, kişidə ən sevdiyim xüsusiyyət ədalətli olmasıdır. Ədalətsiz kişi heç vaxt məni cəlb edə bilməz. Kişinin daxili bir ədalət hissi olmalı, dəyərə üstünlük verməlidir. Bu gün yetərincə fəxr edəcəyimiz kişilər var. Amma onu qeyd edim ki, biz bu gün torpaqları işğalda olan tərəfik. Bu məsələdə kişilərimiz qadınlarımızın qarşısında boynubükükdür.
Azerbaycanrealligi.com