yuxarı
Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
03, 12, 20
15:00
Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
Saatlarla yazdığı mesajları oxuyur, səsinə, gülüşünə qulaq asır, şəkillərinə baxır. Dəli kimi darıxır, boğulur, amma toxuna bilmir...
Şəhid gizir Elvin İsgəndərovun xatirəsinə...
"Boğuluram, nəfəs ala bilmirəm. Təsəvvür edin, bizim bir dünyamız var idi. Elvin getdi, dünyamız dağıldı. İndi bilmirəm haradayam. Yerdəyəm, göydəyəm, ərafdayam? Mənə deyirlər, ayaq üstə qalmalısan, uşaqlarına görə. Amma mənim həyatımı o idarə edirdi. Həmişə düşünürdüm ki, o olmasa, nə edərəm..."
Sonuncu dəfə onu yola salanda güclü olmağını tapşırmışdı. Bəlkə də ürəyinə dammışdı ki, bu son görüşdür. Dəli kimi qısqanırdı sevdiyini. Dağa-daşa, havaya, suya, hər şeyə qısqanırdı.
Elvin İsgəndərovun fotoları
Qadağan etmişdi ona başqa kişilərlə danışmağı, "ancaq mənimlə danışacaqsan" demişdi.
İndi yoxdur... Hər gün axşam 19.30-da istər-istəməz pəncərəyə boylanır. Gələn hər avtomobil səsinə diksinir. "Bəlkə, odur gələn" – deyir Səmayə...
Şəhid xanımı olmaq necə hissdir? Şəhid xanımı olmaq güclü olmaq, qürurlu olmaq deməkdir..."
Səmayə və Elvin qohum olsalar da, Elvin hərbi xidmətdən qayıdana qədər Səmayəyə sevgisini bildirməyibmiş: "Bəlkə də gözləyirmiş ki, işini qursun, ailə saxlaya bilsin. Bu səbəbdən də mənə sevgisini gec bildirdi. Mən ailənin yeganə övladıyam. Valideynlərim məni ərköyün saxlamışdılar. Bəlkə, Elvin düşünürdü ki, ailə saxlaya bilsin, sonra mənə sevgisini etiraf etsin. Buna görə də o, Xüsusi Təyinatlı Qüvvələrə işə düzələndən sonra mənə sevdiyini dedi. Elçi gəldilər, evləndik"
Səmayə danışır ki, Elvin çox soyuqqanlı olub. Sevdiyini, darıxdığını, dəyər verdiyini deyən insan olmayıb.
"Elvinin sevdiyini hiss etmək olmurdu. Buna görə də əvvəllər aramızda mübahisələr olurdu. Aprel döyüşlərindən sonra başa düşdüm ki, onun işi nə qədər çətindir. Və onu başa düşməyə çalışdım", - deyə Səmayə göz yaşlarını silir.
Gizir Elvin İsgəndərov 6 ay idi ki, Cəlilabada təyinat almışdı. Ailəsini təyinatdan 4 ay sonra yanına aparsa da, həmişə Səmayəyə deyirmiş ki, "özünü buraya öyrətmə, biz burada qonağıq: "Bəlkə də hiss edirmiş ki, şəhid olacaq. O, heç bir vaxt ehtiyatda olmaq istəmirdi. Həmişə özünü ön sıralarda görürdü. Sentyabrın 26-da gördüm onu sonuncu dəfə. Dedi, genişmiqyaslı təlimlərə qatılıram. Demədi, müharibəyə gedirəm. Sonra 4 gün xəbərini ala bilmədik. Ayın 30-da isə atama zəng elədi. Biz o günə qədər Elvindən əlimizi üzüb, hərbi komissarlıqdan xəbər gözləyirdik".
Oktyabrın 4-ü gecə Səmayə dəhşətli yuxu görüb ayılır. Eyvana çıxır. Yağan yağışın damcıları üzünə vurduqca, Allaha dua edir ki, yağış dayansın. Sonra evə keçir. Elə bu an işıq yavaş-yavaş közərib sönür.
Elə o an Səmayənin ürəyinə qəribə bir həyəcan, sıxıntı dolur. Elvinə zəng edir. Nömrəsinə zəng çatmır.
Başına-başına döyüb ağlamaq, qışqırmaq, bağırmaq istəyir. Boğulur, nəfəs ala bilmir.
"Cəlilabadda idik. Dedilər ki, Elvin ağır yaralanıb. Amma bilirdim ki, o, daha yoxdur. Gecə ilə atasıgilə, Şabrana getdim. Çoxlu adam var idi. Səhər çıxdım, gördüm ki, qapımıza bayraq sancılıb. Ürəyimə pis gəldi. Düşündüm ki, Elvin şəhid olmayıb axı, bayraq niyə sancılıb? Bayrağı götürüb, evə apardım", - deyə Səmayə danışır.
Elvin Xüsusi Təyinatlı Qüvvələrdə çalışdığı üçün işi barəsində Səmayəyə heç nə danışmazmış. Şəhid olandan sonra ölüm kağızında ölüm yeri "döyüş meydanı" yazılandan sonra o, həyat yoldaşının əsl qəhrəman olduğunu bilir.
Elvin İsgəndərov Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Onu Şabranda Şəhidlər Xiyabanında dəfn edirlər.
Qızları Səlimə və Nuraya atalarının şəhid olması xəbərini vermək Səmayə üçün asan olmur. Əvvəlcə yaralı olduğunu desə də, sonra məcbur olub, düzünü deyir.
"Uşaqları atalarının məzarını ziyarətə aparmışdım. Mən ağlayırdım, qızlar gülürdülər. Pis oldum, dedim, nəyə gülürsünüz? Dedilər ki, "ata şəkildən bizə baxıb gülür". Sanki yer ayağımın altından qaçdı. Bunu yaxınlarıma deyəndə dedilər ki, uşaqlar hər şey görə bilərlər", - hıçqıra-hıçqıra ağlayan Səmayə Elvinlə bağlı xatirələrini danışdıqca bir daha darmadağın olur.
İndi Səmayənin bir məqsədi var, ayağa qalxıb, göz yaşlarını silib, uşaqlarını atalarına layiq böyüdə bilmək…
"Çalışacağam, həm ataları, həm anaları olum.. Amma bilirəm ki, ola bilməyəcəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Elvinimin üç yadigarı var, atalarına layiq böyüməlidirlər", - Səmayə danışır.
Söhbətimizin rəsmi hissəsini bitirb, diktofonu söndürürəm. Səmayə kiçik otaqda özünə yer tapa bilmir. Var-gəl edir, gah oturur, gah mətbəxə keçir. Elvin haqqında xatirələrini danışır. Çətindir ona Elvinsiz həyat.
Bütün ümidlərini bağladığın, dəli kimi sevdiyin insanı itirmək ölümə bərabərdir. Bədənin ölmür, amma ruhun ölür. Canlı ölü kimi olursan. Heç nə hiss etmirsən. Ətrafda danışılanlar, deyilənləri eşitmirsən. Sənə elə gəlir ki, heç kim sənin acını anlamır. Həqiqətən də, belədir. Heç kimin acısını heç kim hiss edə bilməz.
Hələ 29 yaşlı, 3 uşaqlı, sevdiyi kişi həlak olan bir qadının acısını heç kim hiss edə bilməz.
Saatlarla dərdləşirik. Səmayə "Elvin, Elvin" deyir, dilindən düşmür.
Hələ Elvinin öldüyünü dərk edə bilmir. Hələ ona "Başın sağ olun" deyəndə qəbul edə bilmir.
O, sentyabrın 26-da Elvini yola saldığı gündə qalıb. Elə bilir, qapı döyüləcək, Elvin içəri girib, boynuna sarılacaq "ömrüm, gəldim" deyəcək...
Amma olmur. Gözləyir, gözləyir, zaman keçir, saatlar dolanır, günlər keçir, Elvin qayıtmır. Qayıtmayacaq. Ancaq qəbul edə bilmək o qədər çətindir ki...
Saatlarla yazdığı mesajları oxuyur, səsinə, gülüşünə qulaq asır, şəkillərinə baxır. Dəli kimi darıxır, boğulur, amma toxuna bilmir...
Deyir özü-özünə "nə qədər çətin idi qovuşmağımız, necə asan oldu ayrılmağımız".
Azerbaycanrealligi.com
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək