Ən çox söyülənlərdən biri Tərtərin icra başçısıdır...

30, 12, 20
12:00

Ən çox söyülənlərdən biri Tərtərin icra başçısıdır...


Lətifəsi  uzaq  olsun,  baxıram  saytlarda  və internet  TV-lərdə  Azərbaycanda  icra başçısı  qalmayıb, hamısı söyülür,  təhqir edilir və sair və ilaxır. 

İcra başçılarını ən çox ona görə söyürlər ki, guya  şəhid  ailələrinə və yaralılara laqeyddilər. Əslində  problemlər  var, amma  yazılanlar kimi  deyil. 44 günlük   müharibə dövrü  üç dəfə  cəbhə  bölgəsində olmuşam.  Füzulidən  başlayıb  Xocavənd, Beyləqan, Ağcabədi, Ağdam və Tərtəri gəzmişəm, baş verən   hadisələrin  birbaşa  şahidiyəm.  Şəhid  dəfnlərində də  iştirak etmişəm, yaslarında  iştirak etmişəm, hər şeyin   şahidiyəm. Hərçənd ki  Milli Məclisdə  tövsiyyə  olunmuşdu ki, müharibə dövrü deputatlar  şəhəri  tərk etməsinlər. Amma mən getdim, getməyə bilməzdim.  Bu barədə ayrı bir  yazı yazacam və  bir hesabat verəcəm. Tövsiyyəyə  qulaq  asmadığıma görə İntizam komissiyası  məni cəzalandıracaqsa cəzalandırsın, qəbulumdu. Hətta Milli Məclisin  qapalı  onlayn  iclasında da bu məsələ ilə bağlı çox kəskin   çıxış etmişəm. Getdiyim  bölgəni   hələ  qoyuram bir  kənara.

Cəlilabad  rayonundan 96 şəhid  var, nə qədər də  yaralı  var, bu barədə  dəqiq  məlumatım yoxdu.  Hazırda  rayonun  icra  başçısı   vəzifəsi  də boşdu. Və icra hakimiyyəti  rəhbərliyi bunların  qayğısına qalmalıdır. İcra  hakimiyyətinin   ehtiyat  fondu  varmı?  Yoxdur.  Deyəcəksiniz ki, ay rüşvət  alırlar, filan və sair. Əvvəla, 2018-ci ildən  bəri icra  başçıları dəqiq  müəllim  işləyir. Və müəllim  işləməyənlərlə də DTX məşğuldu.  Və yaxud  Lənkəranı  tənqid edirlər. İcra başçısı hansısa bir  şəhidin  dəfnində  iştirak etməyib.  Ola bilər.  Bəlkə  dövlətin  ayrı  hansısa  bir  tədbiri  varmış, bunu  heç kim  nəzərə almır.

Nə isə, gələk   təmas  xəttindəki  rayonlara, mənim  özümün  müharibə dövrü gəzdiyim rayonlara. Həm Füzulidə, həm Xocavənddə, həm Beyləqanda, həm Ağcabədidə, həm Ağdamda, həm də Tərtərdə bir çox dəfnlərdə və yas mərasimlərində  iştirak eləmişəm. Olub ki  mənim  iştirak etdiyim   yasda icra  başçısını  və ya Aparatın  işçilərini görməmişəm. Amma yas sahibləri ilə söhbətdən  məlum olub ki, başçılar və Aparat işçiləri  dəfndə iştirak ediblər, yasda da  olublar və bu  yasın yükünü onlar  çəkiblər.

Məsələn, iki  fakt söyləyim. Ağcabədidən döyüşlərdə 760 MAXE (bilmirəm  bu  rəqəmi  yazmaq dövlət  sirridi, yoxsa yox) və nə qədər  könüllü iştirak edib. Onların   ailələrinə  həm yardım göndərilib, həm də  müəyyən   miqdarda pul  da verilib.

Və yaxud  Ağdamdan. Döyüşlərdə  3 min  ağdamlı  MAXE iştirak edib və nə qədər də  könüllü. Ağdamda da onlara   xüsusi  diqqət və qayğı  göstərilib.

Eləcə də Füzulidə, Bərdədə, Xocavənddə, Beyləqanda və Tərtərdə.

Ən çox söyülənin biri də deyək ki, Tərtərin  icra başçısı Müstəqim  müəllimdi,   təəssüf ki,  familiyasını   bilmirəm.  Və müharibə dövrü  bu  şəhərə və kəndlərinə 20 minə qədər raket, minamyot və  top mərmisi  düşüb. Şəhər demək olar ki, darmadağın edilib. Amma müharibə vaxtı  iki dəfə  həmin rayonda oldum, icra  başçısı ilə  bir stəkan  çay  içdik, göydən də mərmi  tökülürdü. İcra  başçısının  otağında bir divan vardı, orda yatırdı. Ola bilər ki, o da  hansısa  şəhidin  dəfnində   iştirak edə bilməsin. Amma yəqin ki, özü və Aparatı  yaslarda  iştirak edib və təbii ki, yasları da  yola  verib.

Söyəndə və döyəndə özünüzü həmin   söydüyünüz və döydüyünüz  adamların   yerinə  qoyun. Yeni  ildən  başlayaraq həm müharibədən 10-15 gün əvvəl,  həm müharibə  dövrü (3 dəfə  gəzdiyim) rayonlar  haqqında  və şahidi  olduqlarım haqqında, həm də  müharibədən sonra olduğum rayonlar  haqqında ayrı-ayrılıqda yazı yazacam.

Bilirəm, məlum yerdən  idarə  olunan trollar başlayacaqlar  mənim  əleyhimə yazmağa. Yazın, qaqalar, nə istəyirsiniz. Amma  mən də  nəzərinizə çatdırıram ki, həm müharibədən  əvvəl,  həm müharibə  vaxtı nə qədər  şəhid  ailələrinə və yaralı əsgərlərimizə yardım etdiyim   barədə bir kəlmə  yazmayacam.  Sağ əlin  verdiyini  sol əl bilməməlidir. Hətta icra  başçıları çaşırdılar ki, Məllim, bu  vəziyyətdə döyüş bölgəsinə gəlirsiniz  və şəhid ailələrinə xüsusi diqqət  göstərirsiniz.

P.S. Bütün şəhidlər bizim üçün Kərbəlada  şəhid  olmuş   Peyğəmbərin  nəvəsi İmam  Hüseynin  nəsli-nəcabətidir, bizim  azərbaycanlıların  seyidləridir. Onların  valideynlərinin əlindən  öpmək,  qəbirlərini  pir kimi  ziyarət etmək və onların nəslini İmam  Hüseynin şəhidlərinin  övladları kimi  ovcumuzda saxlamaq borcumuzdur.

Bu borca əməl etməyənlərin isə  Allah cəzasını  verər.

 Aqil Abbas

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın