Evində erməni olduğu deyilən Əli Həsənovdan SENSASİON MÜSAHİBƏ: Azərbaycanda ikinci bir məmur yoxdur ki...

23, 01, 21
17:00

Evində erməni olduğu deyilən Əli Həsənovdan SENSASİON MÜSAHİBƏ: Azərbaycanda ikinci bir məmur yoxdur ki...


Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırıb. Belə ki, S.Novruzov jurnalist Əvəz Zeynallının “Əli Həsənov ”beşinci kolon"dur? Deyir ki, İlham Əliyev Xankəndini Putinin xahişi ilə almadı..." sualına “Belə danışanların hamısı ”beşinci kolon"dur. Ad çəkmirəm, əgər kimsə bu fikri səsləndiribsə, deməli, “beşinci kolon”dur. Hərə məhəbbətini bir formada ifadə edir. Amma düşünmür ki... Azərbaycan tarixdə olmayan bir qələbə əldə edib, bunu hər kəs qəbul edir" cavabını verib.


Qeyd edək ki, Rusiya sülhməramlıları Qarabağa gələndən sonra siyasilər arasında “beşinci kolon” ittihamları daha da artıb. Bütün bunlarla bağlı meydana gələn sualları YAP sədrinin müavini Əli Həsənova ünvanladıq.

- Əli müəllim, ermənilərin yenə aranı qatmağa çalışdığı barədə xəbərlər gəlir. Necə hesab edirsiniz, onlarla necə davranmaq lazımdır ki, bu problem birdəfəlik həllini tapsın?

- Böyük müharibə baş verib və Azərbaycanın qələbəsi ilə başa çatıb. Böyük müharibələrdən sonra bir müddət müəyyən problemlər yaşanır. İkinci Dünya müharibəsi qurtarandan sonra o cür hadisələr bir müddət davam etdi. Deyilənə görə, Qarabağda ermənilərin müəyyən silahlı qrupları meşələrdə gizlənir. Guya öz aləmlərində partizanlıq edirlər. Məncə, bu uzun çəkməz. Onların bir dəstəsi təslim oldu çıxıb getdi. Sonra başqa bir dəstəsini bizimkilər yaxaladılar. Ermənilər boşuna vurnuxurlar. Misal var ey deyir, yeddi xətrin yeri göynəyir. İndi ermənilər bu vəziyyətdədirlər. Bunların içi göynəyir, çünki ağıllarına gəlməyən dəhşətli məğlubiyyətə məruz qalıblar. 30 ildə qurduqları istehkamlar, planlar 44 gündə məhv edilib. İndi ermənilər özlərinə gələ bilmirlər. Digər tərəfdən, Ermənistanın içində revanşist qüvvələr var. Ola bilsin, ermənilərin kənardan havadarları da hələ də aranı qatmağa çalışırlar. Nikol Paşinyan da öz mövqelərini qorumaq üçün aranı qarışdırmaqda maraqlı ola bilər. Paşinyana qarşı olan qüvvələrin də işi ola bilər. Hər bir halda, bu vəziyyət uzun çəkməz. Azərbaycan Prezidenti cənab İlham Əliyev xəbərdarlıq edib ki, bizim səbrimizi daşırmasınlar. Əgər ermənilər belə davam etsələr, daha dəhşətli cavab alacaqlar. Qarabağdakı erməni silahlıları terrorçudurlar. Terrorçuya qarşı necə davranılmadırsa, Azərbaycan onlara qarşı o cür davranıb və bundan sonra da davranacaq. Bundan sonra da orada öldürülən silahlı erməni zərərsizləşdirilmiş terrorçudur, ələ keçən də həmçinin. Yəni heç kim həmin terrorçuları öldürülən hərbçi və ya hərbi əsir hesab edə bilməz.
Əli Həsənov Qarabağ İcmasına gətirildi - Modern.Az Azərbaycan və dünya  xəbərləri
- Siyavuş Novruzov jurnalist Əvəz Zeynallının “Əli Həsənov ”beşinci kolon"dur? Deyir ki, İlham Əliyev Xankəndini Putinin xahişi ilə almadı..." sualına “Belə danışanların hamısı ”beşinci kolon"dur" cavabını verib. “Beşinci kolon” ittihamına münasibətiniz necədir?

- Mən öncə bir məsələyə münasibət bildirmək istəyirəm. Mən heç bilmirdim ki, Əvəz Zeynallı adında TV-dir nədir var. O, jurnalistika prinsiplərinə zidd, etikadan kənar bir hərəkət edib, ailə məsələsinə toxunub. Deyir ki, Əli Həsənovun evində erməni var. Birincisi, mənim evimdə erməni yoxdur. Bu barədə əvvəllər çox yazırdılar. Son dəfə bu barədə açıqlamamı “525-ci qəzet”ə təxminən 10 il öncə vermişdim və bununla da bu söhbət qurtardı. İndi Əvəz Zeynallı bu söhbətə qayıdır. O, nədən belə edir, bilmirəm. Birincisi, mənəvi, etik baxımdan yanlış edir, ikincisi, qanuna da zidd olan hərəkətə yol verir. Mənim ixtiyarım var ki, bu saat onu məhkəməyə verim və ailəmə böhtan atdığına görə ona cinayət işi açılması tələbini qoyum. Ancaq özümü o səviyyəyə salmaq istəmirəm. Mən 51 il dövlətimə, xalqıma rəsmi vəzifələrdə olaraq xidmət etmişəm. Cənab Prezident də məni təqaüdə göndərərkən əməyimi çox yüksək qiymətləndirib. Mənə başqa heç kimin hansısa fikri maraqlı deyil. Mən qiymətimi almışam və təqaüddəyəm.

Siyavuş Novruzovla əlaqəli məsələyə gəldikdə, mən inanmıram ki, Siyavuş mənim ünvanıma “Əli Həsənov ”beşinci kolon"dur" fikrini işlətsin. Mən Siyavuşun partiyada işini, xidmətini həmişə qiymətləndirmişəm. Özü də hər səviyyədə açıq qiymətləndirmişəm, başqaları kimi yox. Bunu onun özü də yaxşı bilir. Mən Siyavuş Novruzovdan mənə böhtan olan fikir gözləmirəm. Onun YAP-da böyük xidməti olub və bu xidməti mən həmişə dilə gətirmişəm.

- Ümumiyyətlə, Azərbaycanda bu “beşinci kolon” söhbəti dayanmaq bilmir. İqtidardakılar müxalifətdəkiləri, müxalifət iqtdardakıların bəzilərini “beşinci kolon” adlandırır. Hətta iş o yerə çatıb ki, eyni düşərgədə olanlar da artıq bir-birini bu epitetlə çağırır. Azərbaycanda həqiqətən də “beşinci kolon” var?

- Mən heç bilmirəm “beşinci kolon” nə deməkdir, nədir. Ona görə də heç kimdənsə soruşmuram ki, nə olan məsələdir, ölkədə belələri varmı, yoxmu...

- Siz həmin müsahibədə Rusiyanın maraqlarını müdafiə edib “beşinci kolon” kimi davranmaqda suçlanırsınız...

- Bunu edən jurnalist zəhmət çəksin 20 il ərzində mənim baş nazirin müavini, “Qaçqınkom”un sədri kimi media orqanlarında, telekanallarda Rusiyanın ünvanına dediklərimi oxusun, dinləsin. İkinci bir məmur Azərbaycanda yoxdur ki, Laçının işğal günü tədbirində zalda bir çox ölkələrin səfirlərinin əyləşdiyi vaxtda birbaşa Vladimir Putinə qarşı çox sərt ittihamedici fikir söylədim. O dərəcədə sərt idi ki, telekanallar həmin hissəni efirə verə bilməmişdilər. Amma həmin tədbirdən çıxandan sonra Rusiyanın Azərbaycandakı səfirliyi mənə qarşı etiraz notasını Xarici İşlər Nazirliyinə göndərdi. Kim maraqlanmaq istəsə, Xarici İşlər Nazirliyinə sorğu edib həmin notanı alsın. Son 50 ildə Azərbaycan hökumətində yüksək vəzifəli başqa hansı şəxslə bağlı Rusiya səfirliyi etiraz notası verib? Məndən başqa heç kimə qarşı belə bir hal olmayıb. Çünki məhz mən Rusiya hakimiyyətinin birinci şəxsini çox ağır ittihamlara məruz qoymuşdum. Bunu məndən başqa heç kim edə bilməyib.
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib - SƏRƏNCAM |  Report.az
Ancaq bu gün obyektivlik naminə deməliyik ki, 44 günlük müharibədə Rusiya prezidenti Putin obyektivlik nümayiş etdirdi. Nikol Paşinyanın kapitulyasiyaya imza atmasında Azərbaycan Ordusunun sarsıdıcı zərbəsi və Azərbaycan Prezidentinin diplomatiyası, gücü rol oynadı. Ancaq gəlin etiraf edək ki, Paşinyana Rusiya prezidentinin də təsiri oldu. Kimlərsə bunu başa düşmürsə, ya qərəzlidir, ya da başa düşmək problemi var. Mən müzakirəyə çıxarılan müsahibəmdə əslində bu fikri demişəm. İndi də deyirəm ki, Putin Paşinyana kapitulyasiyaya imza atması üçün təsir edib. İndi bunu bilə-bilə biz Rusiya dövləti və onun liderinə qarşı hücum etməliyik? İkincisi, Rusiya dövləti ilə oyun oynamaq olar?! Mən 20 il demişəm ki, Qarabağ problemini saxlayan Kremldir. Amma son Qarabağ müharibəsində Vladimir Putin faktiki olaraq Azərbaycanın maraqlarına cavab verən mövqe ortaya qoydu, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu açıq bəyan elədi və dedi ki, hərbi əməliyyatlar Ermənistan ərazisində deyil, Azərbaycanın ərazisində aparılır, oraya Rusiya müdaxilə edə bilməz. Putin bunu deməyə də bilərdi. Amma dedi. Ermənistan torpaqlarımızı 30 il idi işğal etmişdi, ona bir söz deyən var idi?! Rusiya indi müdaxilə etsəydi, ona Qərbdən bir söz deyən olacaqdı?! Heç kim heç nə deməyəcəkdi. Rusiya əməliyyatlar yeni başlayanda müdaxilə etsəydi, vəziyyətin necə olacağını bir anlıq düşünün. Mən ədalət naminə bunları dilə gətirirəmsə, məgər Rusiyanın adamıyam?! Beynəlxalq qanunvericilik 30 ildə Qarabağ məsələsində işləməyib. Əgər Rusiya beynəlxalq konvensiyaları pozsaydı, guya beynəlxalq birlik buna qarşı çıxıb qarşısını alacaqdı?! Xeyr. Belə olanda isə biz pis vəziyyətə düşəcəkdik. Bunu bəziləri dərk eləmirsə, mən nə edim?! Deyirlər ki, Rusiyanın sülhməramlısı yox, başqaları gəlsəydi yaxşı olardı. Makronun sülhməramlısı gəlsəydi, yaxşı olacaqdı?! Trampın sülhməramlısı guya yaxşı olacaqdı?! Gəlin bu üçünü müqayisə edək və fikirlərəşək, hansının sülhməramlısının Qarabağda yerləşməsi uyğun idi? Əlbəttə Rusiyanınkı. Çünki Rusiya ilə Azərbaycan arasında normal münasibətlər var, eyni zamanda Rusiya ilə qardaş Türkiyə arasında çox yaxın münasibətlər mövcuddur. Bizim Prezident Rusiya-Türkiyə münasibətlərini də nəzərə aldı. 30 il işğalda olan torpaqları Ali Baş Komandan İlham Əliyev 44 günə azad edib. Biz hər an bundan danışmalıyıq. Cənab Prezident Ordumuzun gücünü, ölkəmizin qüdrətini dünyaya göstərdi. Biz Ağdam, Kəlbəcər və Laçını da ordumuzun döyüşü ilə azad edərdik. Ancaq Prezidentimiz çox böyük diplomatik məharətlə həmin üç rayonu itki vermədən azad etdi. Biz Kəlbəcəri, Ağdamı, Laçını döyüşlə azad etsəydik, verdiyimiz şəhidlərin sayı indiyədək verdiyimiz şəhidlərin sayından iki dəfə çox olacaqdı. Hərbçilərimiz Ağdamda və Kəlbəcərdə böyük canlı qüvvə itkilərimizin çox ola biləcəyini bildirirlər. Mən hesab edirəm, Prezidentimiz Xocalını da geri alacaq. Heç kim narahat olmasın. Eyni zamanda Xankəndində idarəçilik Azərbaycanın əlində olacaq. Mən burada heç bir narahatlığa əsas görmürəm. Sadəcə, tələsmək lazım deyil.

Bir hadisəni də xatırladım. ATƏT-in Minsk Qrupunun həmsədrləri bir dəfə mənim qəbulumda oldu. Bütün medianın iştirakı ilə mən orada onları biabır etdim. Birinci başladım Rusiyadan. Rus xalqını təriflədim, dedim ki, biz iki xalq 200 il birlikdə yaşamışıq, yaxın qonşuyuq. Lakin Rusiyanın rəhbərliyi bizim torpaqları işğal edib verib ermənilərə, indi də imkan vermir ki, geri alaq. Yenə də birbaşa Putinin ünvanına ciddi bir irad söylədim. Sonra keçdim ABŞ-ı tənqid etməyə. Dedim ki, dünyada bir termin var-ikiüzlülük. Ancaq Amerika on üzlüdür. Amerikanın həmsədri öldü getdi. Sonra keçdim Fransaya hücuma. Bu zaman fransalı həmsədr dedi ki, cənab Həsənov, mən təzəyəm. Bu zaman zalda gülüşmə qopdu. Dedim rast ki, sən yenisən və hələ, deyəsən, bir çox məsələləri dəqiq bilmirsən, sənə bir cümlə deyəcəm, Fransa ermənipərəst dövlətdir. Məndən başqa hansı nazirimiz, komitə sədrimiz bu üç böyük dövlətin təmsilçilərinə üzbəüz bu cür sözləri deyib?! Heç biri deməyib. Həmsədrlər gedəndə hazırda da həmsədr olan rusiyalı həmsədr qulağıma pıçıldadı ki, hiss olunur siz təcrübəli adamsız.

- Azərbaycan bəyan edib ki, Qarabağ münaqişəsi artıq həll olunub. Bu isə o deməkdir ki, artıq ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ehtiyac qalmayıb. Çünki onların müzakirə edəcəyi predmet yoxdur artıq. Lakin Minsk Qrupunun həmsədrləri əl çəkmirlər. Yenidən fəaliyyətə başlamaq, aktivləşmək istədiklərini deyirlər. Sizcə, bundan sonra Minsk Qrupunun görəcəyi bir iş qalıbmı? Onların dirilməsinin bir əhəmiyyəti olarmı?

- Sonuncu dəfə onlar Azərbaycana gələndə cənab Prezident onlara sözünü dedi. Prezidentimiz faktiki olaraq onlara dedi ki, sizə ehtiyac qalmayıb artıq. Rusiyalı həmsədr isə o görüşdə yox idi. Görünür, o, artıq Minsk Qrupuna ehtiyac qalmadığının fərqindədir, abırı-həyası var. Lakin digər ikisi hələ də dirəşib ki, biz də ortada olmalıyıq. Ancaq Qarabağ məsələsinin həll olunduğunu artıq Azərbaycan ən yüksək səviyyədə bəyan edib. (musavat.com)

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın