Ülkər Yaşarqızı: "Həyatımda olacaq şəxsin imkanı mənim üçün önəmli deyil"

10, 04, 23
20:00

Ülkər Yaşarqızı: "Həyatımda olacaq şəxsin imkanı mənim üçün önəmli deyil"


Bir neçə gündür ki, mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Yaşarqızının ikinci dəfə ailə qurması demək olar ki, ölkə mətbuatının gündəmini zəbt edib. Beləki, ARB telekanalında yayımlanan "Elgizlə izlə" verilişində türkiyəli "Pop star" iştirakçısı Barış Kömürçüoğlu Ülkər Yaşarqızına elçi düşmüşdür. Lakin bu evlilik təklifi gözlənilmədən, heç bir açıqlama verilmədən, gündəmdən çıxarıldı. 

Məsələyə aydınlıq gətirmək üçün  "Azərbaycan reallığı" olaraq Ülkər xanımla əlaqə saxlayıb onun fikirlərini öyrəndik. Söhbət əsnasında xanım müğənni bildirdi ki, bu şou xətrinə qurulmuş bir ssenari idi. Ona heç kim evlilik təklifi etməyib. "Biz Barışla sənət yoldaşıyıq, bizi yalnız səhnə birləşdirir"- deyən, müğənni şəxsi həyatı ilə bağlı suallarımıza səmimi cavablar verdi.

"İkinci dəfə ailə qursanız, bəydə hansı şəxsi keyfiyyətlərə üstünlük verərsiniz?" sualımıza Ülkər xanım cavabında bildirdi: "Mən həyat quracağım bəyin maddi vəziyyətindən çox bir kişi kimi onun mənəvi dəyərlərə qiymət verməyinə,  ailə başçısı kimi xanımına qoyacağı hörmətə, bir sözlə şəxsi keyfiyyətlərinə daha önəm verərəm.

Çünki var-dövlət gəldi-gedərdi, pul da insana həyatda yaşamasına yetəcək qədər lazımdır. Kişi işləyib-qazanıb xanımına, ailəsinə baxırsa, bundan vacib nə ola bilər? Məncə, bu hər qadının arzusudur. Mən Yaşar Nuri kimi bir sənətkarın ailəsində dünyaya gəlmişəm.

Mənim üçün əsas ailə dəyərləridir. Onu da deyim ki, mən aciz, zəif qadın deyiləm, özüm də qazanıram. Qadın işləyəndə heç kimdən asılı olmur, həm də ailəsinə kömək edir. Mən güclü qadınam. Yanımda da güclü insanın olmağını istəyərəm". 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın