Bakıda və Sumqayıtda mənzillər xeyli bahalaşıb, ipotekanın da "söz"ü keçmir - NƏ ETMƏLİ?

06, 10, 23
13:30

Bakıda və Sumqayıtda mənzillər xeyli bahalaşıb, ipotekanın da "söz"ü keçmir - NƏ ETMƏLİ?


Mənzil bazarında sabitliyi pozan bir sıra amillər var. Məsələn, manatın devalvasiyası hər iki halda özünü göstərib. Milli valyuta dəyər itirəndən sonra qiymətlərə münasibət də dəyişmişdi. Buna qədər bazarda mənzilləri dollarla qiymətləndirmək dəb idi. Devalvasiyadan sonra ABŞ valyutası ilə danışmağın mənası qalmadı. Çünki bu halda ciddi alıcılıq qabiliyyətindən söz açmağa dəymirdi. Mənzillərin manatla qiymətləndirilməsi başlandı. Amma yenə qiymətlərin sürətlə artması dayanmadı.

"Azərbaycan Reallığı" xəbər verir ki, Bakıda və Sumqayıtda mənzillər xeyli bahalaşıb. Əmlak məsələləri üzrə ekspertlər bahalaşmanın qəfil baş vermədiyini, qiymətlərin zamanla artdığını bildirirlər. Ölkədə sosial-iqtisadi durumun pisləşməsi bu istiqamətdə başqa reallıq yaradıb.

Mənzil sahibləri özünü panikada hiss edir, daşınmaz əmlakını ucuz qiymətə satmamağa çalışır. Əslində, son aylar kəskin bahalaşma olmayıb. Amma keçən ilin analoji dövrü ilə müqayisədə ciddi qiymət artımı müşahidə edilir. Məsələn, Sumqayıtda şəhərin mərkəzindən uzaq olmayan mikrorayonlarda “Leninqrad” layihəli binaların üçotaqlı mənzilləri 80 min manatdan ucuz təklif olunmur. Əvvəllər Bakıda belə qiymət nəzərə çarpırdı. İndi paytaxtda eyni şərtlərlə mənzil tapmaq üçün azı 110-115 min manata ehtiyac var.

Təsəvvür edin, Sumqayıtda beşmərtəbəli binalardakı ikiotaqlı mənzillər 60 min manat civarında satılır. Bakıda metronun “20 Yanvar” stansiyası ətrafında belə mənzili 85 min manata tapmaq müşkül görünür. Şəhərin mərkəzinə doğru qiymətlər isə əl yandırır.

Qiymətlərin artması ipoteka mənzil bazarına da böyük zərbə endirir. Çünki güzəştli ipoteka şərtləri ilə yalnız 100 min manat əldə etmək mümkündür. Qiymətlər o qədər yüksəlib ki, getdikcə paytaxtda bu civarda normal mənzil tapmaq çətin işə çevrilir. Yalnız güzəştsiz ipotekaya bel bağlamaq mümkündür. Burada isə faizlər müştərinin nəfəsini kəsir. Bahalaşma kirayə bazarında da özünü çox göstərir. İndi metro stansiyalarına yaxın aylıq 300 manata mənzil tapmaq olmur.
 

Bizimlə əlaqə saxlayın