AZAL qiyməti aşağı salacaq - tələbələrə güzəştli biletlər satacaq

25, 10, 23
09:00

AZAL qiyməti aşağı salacaq - tələbələrə güzəştli biletlər satacaq

“AZAL-ın birinci vitse-prezidenti, quruma rəhbərlik edən Samir Rzayevın dəvəti ilə ofisində görüşdüm. Bu günə qədər AZAL-la bağlı publik səsləndirdiyim tənqidi məqamları, cəmiyyətdə yaranmış fikirləri Samir müəllimə dedim”.

"Azərbaycan Reallığı"nın məlumatına görə, bunu tanınmış iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, Samir Rzayevlə çox ətraflı və maraqlı müzakirələri olub:

“Haqlı tənqidləri qəbul etdi, bəzi mözvulara aydınlıq gətirdi – məsələn, mənim də ən çox tənqid etdiyim məqamlardan biri regionlarda olan hava limanlarının boş qalması, AZAL-ın bu limanlardan effektiv istifadə etməməsidir ki, bu da AZAL-a əlavə xərc və yük gətirir. Hörmətli Samir müəllim dedi ki, bütün hava limanları ilə bağlı, hətta simvolik icarə haqqına razı olmaqla xarici şirkətlərə müraciət olunub, danışıqlar gedir. Yəni, bu məsələdə AZAL-ın indiki rəhbərliyi danışıqlara da, qərar verməyə də hazırdır”.

İqtisadçı deyib ki, AZAL rəhbəri qiymətlərin baha olması ilə bağlı tənqidləri də qəbul edib:
 
“Ən vacib məsələ, qiymətlərin baha olması ilə bağlı tənqidləri də normal qarşıladı, bu yöndə ciddi işlər apardıqlarını dedi, bəzi aksilayaların, məsələn, Türkiyədə oxuyan tələbələrə güzəştli biletlər satılmasının artıq həll olunduğunu, bu yanaşmanın başqa ölkələrdə oxuyan tələbələrə də şamil olunması üçün işlər görüldüyünü dedi. Qiymətlərin aşağı düşməsi üçün xərclərin azaldılması proqramı olduğunu söylədi, artıq keçən illə müqaisədə xərclərin 15% aşağı salınmasına nail olduqlarını, bunun da qiymətlərə təsir etdiyini dedi. Yaxın zamanlarda yeni qiymət endirimlərinin olacağını da söylədi”.

N.Cəfərlinin sözlərinə görə, dövlət orqanlarının və şirkətlərinin tənqidi çıxışlara belə dəvətlərlə reaksiya verməsi pozitivdir, təqdir olunası məqamdır:

“Sonda Samir müəllim AZAL-da İctimai Şura yaradılacağını, bu qurumun AZAL-ın şəffaf işləməsinə, siyasətinə təsir edəcəyini də söylədi və məni də bu qurumun işində iştirak etməyə dəvət etdi. Mən öz adıma deyə bilərəm ki, cəmiyyət, ictimayyət üçün pozitiv dəyişikliklərə dəstək verməyə həmişə hazıram. Mərkəzi Bankdan sonra AZAL rəhbərinin də belə görüşlər keçirməsi yaxşıdır – təki bu müzakirələr ölkədə dəyişikliklərə, ciddi qərarlara səbəb olsun...”.

Bizimlə əlaqə saxlayın