Şəkidə nə baş verir: 25 nəfər qızılcaya yoluxub, məktəb 21 gün bağlı qalacaq

26, 10, 23
16:30

Şəkidə nə baş verir: 25 nəfər qızılcaya yoluxub, məktəb 21 gün bağlı qalacaq

Xəbər verdiyimiz kimi, Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan şagirdlər arasında kütləvi yoluxma halları aşkar edilib və buna görə təhsil olacağında tədris prosesi dayandırılıb.
 
Elm və Təhsil Nazirliyindən "Azərbaycan Reallığı"na bildirilib ki, məktəb 21 gün bağlı qalacaq.
 
Məlumatda qeyd olunur ki, oktyabrın 21-də gimnaziyanın şagirdlərindən birində qızılca virusuna yoluxma halı qeydə alınıb və həmin şagird xəstəxanaya yerləşdirilib. Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji şöbəsinin müdiri Fəhimə Paşayevanın məlumatına görə, infeksiya hadisəsi ilk dəfə Yevlax rayonundan gəlmiş şagirddə aşkarlanıb.
 
Elm və Təhsil Nazirliyi qeyd edib ki, eyni hal növbəti günlərdə digər şagirdlərdə də müşahidə olunub və şagirdlər həkim müayinəsindən sonra xəstəxanaya yerləşdirilib. Şəki Rayon Mərkəzi Xəstəxanasında onlara zəruri tibbi xidmət göstərilib, hər biri sağalaraq, kafi vəziyyətdə evə yazılıb. 
 
Səhiyyə Nazirliyinin məlumatına görə, gimnaziyanin 22 sinifindən 18-də tək-tək yoluxma halları müşahidə olunub. Bu hallar əsasən qızılcaya qarşı vaksinasiyadan kənarda qalmış uşaqlar arasında baş verib. Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəsmisi vurğulayıb ki, 11 oktyabr tarixinədək ümumiyyətlə internat məktəbinin 25 şagird və təhsil işçisində bu infeksiya aşkarlanıb. Ümumilikdə bu infeksiya 23 uşaqda olub, 1 tərbiyəçi müəllim və 1 xadimədə tapılıb.

Mərkəzin həkimləri tərəfindən təhsil müəssisəsində yaranmış mövcud vəziyyət qiymətləndirilmiş və akt tərtib edilib. Aktda “son xəstəlik hadisəsindən 21 gün müddətinə gimnaziyaya uşaq qəbulunun dayandırılması” qeyd olunub.
 
Səhiyyə Nazirliyi qeyd edib ki, hazırda gimnaziyada epidemioloji vəziyyət ciddi nəzarət altındadır. Son yoluxma hadisəsi 6 oktyabr 2023-cü ildə qeyd edilib. Bu tarixdən etibarən xəstəliyin inkubasiya dövrü tamamlanana qədər (21 gün) ocaqda nəzarət işləri davam etdiriləcək.
 
Şagirdlərin yoluxmasının qarşısının alınması məqsədilə gimnaziyada dərslərin distant tədrisinə qərar verilib. Hazırda gimnaziyada zəruri dezinfeksiya işləri aparılıb. Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin tövsiyəsinə əsasən 27 oktyabr 2023-cü il tarixindən  gimnaziyanın fəaliyyətinin ənənəvi şəkildə davam etdirilməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, sözügedən gimnaziya şəhərin "Yuxarı Baş" adlanan tarixi mərkəzində yerləşir. Gimnaziya 150 şagird yerlikdir. Orada Şəki ilə bərabar, qonşu Yevlax, Mingəçevir, Bərdə və digər rayonlardan olan intellektual məhdudiyyətli uşaqlar, aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrin övladları təhsil alır.

Bizimlə əlaqə saxlayın