Adı qədəri olan ərazi: Yardımlı niyə "ən kasıb" oldu? - Deputat sərt danışdı

22, 11, 23
18:00

Adı qədəri olan ərazi: Yardımlı niyə "ən kasıb" oldu? - Deputat sərt danışdı

Azərbaycanda əhalisinin kifayət qədər böyük hissəsi aztəminatlılardan təşkil olunan rayon Yardımlı (10 278) olub. Rəqəmlərə əsasən, bu rayon sakinlərinin 15 faizinin, yəni 6-7 nəfərdən birinin dövlətdən ünvanlı sosial yardım aldığı məlum olub. Bu xəbər isə bəzi mətbu orqanlarda "Azərbaycanın ən kasıb rayonu" başlığı ilə gündəmə gəlib. Beləliklə, məlum olur ki, Yardımlı rayonunun adı qədərinə çevrilib və həm böyük, həm də kiçik hərflə yazıla bilər.

Bəs cənub rayonumuzda əhalinin belə vəziyyətinin səbəbi nədir?

Neftçala dairəsinin deputatı olsa da, əlsən Yardımlıdan olan Sabir Rüstəmxanlı mövcud problemi “Azərbaycan Reallığı”na şərh edib. O bildirib ki, son illər Yardımlıda əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün heç bir iş görülməyib:

“Yalnız sosial yardımla insanların qayğısına qalmaq olmaz, bu yardım çarəsizlikdən, daha ağır duruma düşməkdən qoruya bilər. İnsanlara normal iş lazımdır. Buna görə də, rayonun torpağına, təbiətinə, ənənələrinə uyğun müəyyən layihələr həyata keçirilməli, proqramlar olmalıdır. Bir sıra ucqar rayonlarda – Balakən, Qax, Qəbələ, Qusar, qonşu Lerikdə kifayət qədər böyük işlər görülüb. Yardımlıda isə heç bir iş görülməyib. Niyə bu ögey münasibətin olduğunu isə başa düşmürəm. Yardımlının bəxtinə ora düşən icra başçıları da ciddi yaradıcı adamlar deyillər. Vəziyyəti nəzərə alıb, özünü oda-közə vurub rayon üçün iş görməyiblər, sakitcə günlərini keçirib gediblər. Mənim heç kimlə şəxsi prinsipim yoxdur, lakin cammatın vəziyyətini görürəm, onların qayğıları, ağrı-acıları həm də mənimdir”. 

Millət vəkili deyir ki, vaxtilə imkanı daxilində rayon üçün müəyyən işlər görüb. Lakin indi müdaxilə etmək istəmir, çünki yanlış anlaşılmalar olub: “Müəyyən mübahisələr də olub ki, onların təkrar olunmasını istəmirəm. Yardımlının yollarının çəkilməsi, kəndlərin qazlaşdırılması, yeni iş yerlərinin açılması, torpaqların abadlaşdırılması, meşələrin qorunması, turizm müəssisəsinin tikilməsi və bu kimi sahələrdə çox işlər görülə bilər. Təsəvvür edin, rayonun normal bir hoteli, qonaq evi yoxdur.


Dağ rayonu olsa da, kəndlər susuzluqdan əziyyət çəkir. Meşələr qırıldıqca bulaqlar da quruyacaq. Həmçinin Masallı-Yardımlı yolu yenidən qurulmalıdır. Azərbaycanda bu sahədə böyük təcrübə var və bütün yollar qısa müddətdə çəkilir”. 


S. Rüstəmxanlının fikrincə, ən vacib məqamlardan biri odur ki, dağ rayonlarının bütün müəssisələri qonşu rayonlara tabe etdirilir: “Söhbət Lənkəran və Masallıdan gedir. Yardımlıda kitabxanaların, mədəniyyət evlərinin bir hissəsi ixtisara düşüb. İnsanlar həm az əməkhaqqı, həm də bir arayış üçün digər rayonlara getməlidir. Rayon var, lakin idarələri başqa rayonlardadır. Bunların hər biri çox ciddi problemlərdir. Bunun ağırlığını ən çox çəkən rayonlardan biri Yardımlıdır”.

Bizimlə əlaqə saxlayın