Bayrağımıza sayğısızlığı bir yana... - FOTO, VİDEO

09, 03, 24
17:30

Bayrağımıza sayğısızlığı bir yana... - FOTO, VİDEO

"Azərbaycan Reallığı" xəbər verir ki, video-çəkilişdən aydın oldu ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəsi Muradov Nazim Abusət oğlu, həm üçrəngli Azərbaycan bayrağına hörmətsizlik edir, həm də media qurumlarının əməkdaşlarına qarşı sui-qəsd etmək planı düzüb qoşur. Baş verən olayla bağlı yayımlanan çəkilişi gördükcə, sanki özözlüyümüzdə dəhşətə gəldik. Yəni, həmin çəkilişdən görünür ki, şəhər üzrə nümayəndə Nazim Muradov üçrəngli Azərbaycan bayrağını rəhbərlik etdiyi inzibati binada yağış sularının axıdılması üçün nəzərdə tutulan su-boru xəttinə bağlatdırmış və belə bir səbəbdən də, bayrağımız olduqca yarasız görkəmə düşmüşdür. Sual oluna bilər ki, görəsən Masallı rayonunda strateji bir sahəyə rəhbərlik edən bu şəxsin, üçrəngli Azərbaycan bayrağına nifrət etməsinə səbəb nədir? Məgər, həmin bayrağı şəhər üzrə nümayəndəliyin giriş qapısının üst hissəsinə, yaxud da binanın daha görkəmli yerinə asmaq olmazmı? Yəqin ki, olar! Deməli, xalqımızın qanı-canı bahasına əldə etdiyi və bu gün də qoruyub yaşatdığımız üçrəngli Azərbaycan bayrağının, Nazim Muradovun rəhbərlik etdiyi şəhər üzrə nümayəndəliyin binasında çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su-boru xəttinə bağlanmasının hansısa səbəbi var. Bu haqda geniş ictimaiyyət məlumatlı olmasa da, yəqin ki, şəhər üzrə nümayəndə lazımınca məlumata malikdir ki, o, bayrağımıza qarşı belə bir hörmətsizliyin olmasına göz yumur.

Digər tərəfdən, Nazim Muradovun Azərbaycan bayrağına qarşı qol qoyulan hörmətsizliyi ictimailəşdirən media qurumunun Çinarə adlı xanım əməkdaş(lar)ına qarşı sui-qəsd edəcəyi ehtimalı da, məhz ortaya düşündürücü sualların çıxmasına səbəb olur. Yəni, həyata keçirilən çəkilişdən görünür ki, xanım əməkdaş danışığı zamanı dönə-dönə bildirir: “Biz Nazim Muradov tərəfindən həyatımıza ola biləcək zoraklıqların, sui-qəsdin qarşısının alınması üçün, ilk öncə DİN-nin 102 xidmətinə zəng etməyə, daha sonra isə polis əməkdaşlarının köməyindən istifadə etməyə məcbur olduq”. Bəli, çəkiliş xanım jurnalistin söylədiklərini tam şəkildə təsdiq edir. Deməli, polis əməkdaşlarının qətiyyətli addımları olmasaydı, o halda xanım jurnalistlərin həyatları hansısa acı sonluqla nəticələnərdi. Bütün bunlar onu söyləməyə əsas verir ki, Masallı RİH başçısının Masallı şəhər üzrə nümayəndəsi Nazim Muradovda nə vətən, nə xalq, nə də ki, üçrəngli bayrağımıza qarşı sevgi hissi formalaşmayıb. Belə olan halda, görəsən bu şəxsin strateji bir sahəyə rəhbərlik etməsinə nə dərəcədə mənəvi haqqı çatır? Yəqin ki, yox! Görünən dağa nə bələdçi?!
Daha ətraflı video görüntüdə izləyə bilərsiniz. (gundemxeber)
 

Bizimlə əlaqə saxlayın