Qusar RİH-dən məhv edilən meşə sahəsi ilə bağlı açıqlama: Vətəndaşların mülkiyyətinə verilib

09, 05, 24
12:30

Qusar RİH-dən məhv edilən meşə sahəsi ilə bağlı açıqlama: Vətəndaşların mülkiyyətinə verilib

Qusar Rayon İcra Hakimiyyəti (RİH) meşənin məhv edilməsi iddiasına münasibət bildirib.
 
RİH-dən "Azərbaycan Reallığı"na daxil olan məlumatda bildirilib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə həmin ərazi prespektiv fond kimi Qusar bələdiyyəsinin balansına verilib: 
 
"Ərazi həyətyanı torpaq kimi vətəndaşların mülkiyyətinə verilib. Hazırda həmin ərazidə heç bir ağac qırıntısı aparılmır", - qeyd olunub.
 
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə bildirib ki, sözügedən ərazidə əvvəllər vətəndaşlar tərəfindən ağac kəsilməsi halları qeydə alınıb və tərəfimizdən müəyyən edilərək qanunvericiliyə uyğun tədbir görülüb: “Son günlər sosial şəbəkələrdə və mətbuatda gedən məlumatlarla bağlı əməkdaşlarımız dünən və bu gün ərazidə olublar, son aylara aid yeni ağac qırıntısı faktları aşkar edilməyib. Ərazidə olan bütün ağaclar hələ 2023-cü ildə tərəfimizdən nömrələnib və siyahılar səlahiyyətləri çərçivəsində preventiv tədbir görülməsi üçün yerli icra orqanlarına verilib, həmçinin yeni ağac kəsilməsi faktlarına yol verilməməsi üçün ərazi  nəzarətə götürülüb”.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev də məsələ ilə bağlı açıqlama verib: "Qeyd olunan ərazidə aparılan bütün tikinti işləri dayandırılıb. Polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək"

Bizimlə əlaqə saxlayın