Azərbaycanda qanazlığının səbəbi - Həkim açıqladı

18, 01, 24
13:30

Azərbaycanda qanazlığının səbəbi - Həkim açıqladı

Hemoqlobin qanda oksigen daşımaq funksiyasını yerinə yetirən, qırmızı qan hüceyrəsi adlanan eritrositin əsas hissəsidir. Yetərincə qırmızı qan hüceyrəsinin sintezlənməməsi, qanama nəticəsində Hg itkisi, hemolitik anemiyalarda eritrosit ömrünün qısa olması, bəzi mikroelement və vitamin çatışmazlığı nəticəsində yaranan anemiyalar qanazlığının əsas səbəblərindəndir.

"Azərbaycan Reallığı" xəbər verir ki, ATU-nun Tədris Terapevtik Klinikasının Hemotologiya şöbəsinin müdiri Şəhla Şabanova qanazlığının səbəbindən danışıb.


"Azərbaycanda qanazlığının ən böyük səbəbi dəmir azlığıdır. Bu bütün qanazlığının təxminən 75%-ni təşkil edir. Adət görən gənc qadınlarda dəmir azlığının əsas səbəbi hər ay tsikl müddətində qanla birgə itirilən dəmirdir.


Hamiləlik, südəmər, pubertat dövrlərdə dəmir istifadəsinin yüksəlməsi də qanazlığına səbəb ola bilir. Kişi cinsində izlənilən dəmir çatışmazlığında ilk olaraq ağla mədə-bağırsaq qanamaları gəlməlidir. Belə ki, bəzən bəsit dəmir çatışmazlığı mədə-bağırsaq sisteminin bədxassəli xəstəliyinin ilkin əlaməti ola bilir:


Bundan başqa, vitamin B12, fol turşusu çatışmazlığında megaloblastik anemiyaya rast gəlinir. Qırmızı ətin az istifadəsi vitamin B12, dəmir azlığına, tərəvəzin məhdud istifadəsi fol azlığına səbəb ola bilir. Həmçinin anadangəlmə qanazlıqları olan talassemiya, oraqhüceyrəli anemiyalar ölkəmizdə çox yayılıb. İrsi qanazlığı olan talassemiya üçün ölkəmiz endemik zona sayılır. Talassemiyanın ağırlıq dərəcəsinə görə əsasən 3 növü var. Ağır forma - Mayor Talassemiya, ara - Talassemiya İntermedia, yüngül forma - Talassemiya Minor (talassemiya əlamətini daşımaq) olaraq tanınır. Son illər nikah öncəsi talassemiya skrininqi aparılır ki, bu da talassemiyalı xəstələrin çoxalmasının qarşısını alır”.


Halsızlıq, tez yorulma, təngnəfəslik, baş dönməsi, ürək ritminin pozulması, yüksək nəbz, yuxuya meyillilik, saç tökülmə və bir çox ümumi şikayətlərin qanazlığının əsas əlamətləri olduğunu söyləyən ATU əməkdaşı qeyd edib ki, ildə 1-2 dəfə qanın kontrol məqsədli ümumi analizinə baxılmalı, mümkün qan azlığı vaxtında aşkarlanmalı, müalicəsi aparılmalıdır. Əsasən yeniyetmə və gənc qadınlarda aylıq dönəmə bağlı qan azlığı dərinləşə bilər. Qan azlığının verə biləcək şikayət yelpazəsi çox genişdir. Belə ki, bəzən təngnəfəslik, bəzən ürəkdöyünmənin yüksəlməsi, bəzən isə saçtökülmə və ya dırnaq qırılması kimi şikayətlərlə özünü göstərir".

Bizimlə əlaqə saxlayın