Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA - FOTO

07, 05, 24
10:30

Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA - FOTO

TƏBİB-in tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb.
 
"Azərbaycan Reallığı" bildirir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb.
 
A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib. O, tibb müəssisəsinə qarşı qaldırdığı iddiada işə bərpa olunması və əmək haqqı tələbini irəli sürüb.Nərimanov Rayon Məhkəməsi həkimin xeyrinə qərar çıxarıb. 
 
Həkim A.Mehdiyev İqtisadiyyat.az-a açıqlamasında işdən çıxarılmasının səbəblərindən danışıb. Onun sözlərinə görə, buna Anım Günü Şəhidlər xiyabanını ziyarət etdiyi üçün işə bir saat gecikməyi səbəb olub: "Baxmayaraq ki, bu tarixdə biz işləmirdik. Çünki Nərimanov Tibb Mərkəzi təmirə bağlanmışdı. Dövlətimiz və məhkəmə var olsun ki, mənim xeyrimə qərar verdilər. Məhkəmədə direktorun Əmək Məcəlləsini kobud şəkildə pozduğu sübuta yetirilib. Çünki direktor Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə mənim müqaviləmə xitam verib".
 
Eyni zamanda həkimin haqsız yerə işdən çıxarıldığına görə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən direktora cərimə protokolu tərtib olunub. Məhkəmənin qərarına əsasən, F.Alməmmədov 1500 manat məbləğində cərimələnib.
 
Amma Nərimanov Rayon Məhkəməsinin qərarından narazı qalan direktor Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə araşdırılır.
 
Qeyd edək ki, A.Mehdiyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. O, 2005-2007-ci illərdə Rusiyanın Moskva şəhəri NV Sklifasovski adına Elmi Tədqiqat Təcili Yardım İnstitutunda ümumi cərrahiyyə üzrə klinik ordinatura keçib. 2008-ci ildə Moskva şəhəri RUDN hospital cərrahiyyə kafedrasında, 12 barmaq bağırsaq, mədə və mədə-bağırsaq anastomozlarının postvaqotom residiv xoralarının cərrahi müalicəsi və profilaktikası mövzusunda dissertasiyasını bitirərək tibb elmləri namizədi alimlik dərəcəsini alıb. 2012-ci ildə Almaniyada, 2014-cü ildə isə Türkiyədə təkmilləşmə kursu keçib. Bir çox elmi məqalələrin müəllifidir.

Bizimlə əlaqə saxlayın