Zaqatalada aşkarlanan “Qarayara” xəstəliyi ilə bağlı səhiyyə qurumlarından vacib AÇIQLAMA

10, 06, 24
16:00

Zaqatalada aşkarlanan “Qarayara” xəstəliyi ilə bağlı səhiyyə qurumlarından vacib AÇIQLAMA

Məlumat verildiyi kimi, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində “Qarayara” diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

"Xəstələrdən birində “Qarayara” diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə “Qarayara” şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülərək, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laborator müayinələrin nəticələrinə əsasən, digər iki şəxsdə də "Qarayara" xəstəliyi diaqnozu təsdiqlənib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir.

Qeyd edək ki, ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb və yeni yoluxma halları qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, “Qarayara” xəstəliyi zoonoz infeksiyadır və insandan insana ötürülmür" - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın