Erməni separatçılara vəkili kim tutur?

05, 10, 23
16:37

Erməni separatçılara vəkili kim tutur?


Bildiyiniz kimi, ötən gün Qarabağda erməni separatçılarının yaratdığı qondarma rejimin keçmiş “rəhbəri” Araik Arutyunyan saxlanılıb. 

Onun vəkili Alov Səfərəliyev özünün sosial media hesabında Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdiyini yazıb. O bildirib ki, A.Arutyunyanın səhhəti və psixoloji durumu yerindədir. Bir çoxları vəkili tənqid edib.

Hüquqşünas Əsabəli Mustafayev açıqlamasında bildirib ki, təyinatla olanda vəkil şəxsi müdafiə etməyə məcburdir:

"Bəzi seperatçılar vəkillərdən imtina etmiş ola bilər. Bu halda da onların adları açıqlanmır. Ola bilsin ki, növbəti mərhələlərdə onlar vəkilə xarici məsləhətçi tuta bilərlər. Amma qanunvericiliyə görə, xarici ölkənin vətəndaşı burada vəkillik edə bilməz. Həmin vəkili tənqid etmək də doğru deyil. Çünki bu, təyinatla olub.

Kimsə mənə desə ki, məni filan işdə müdafiə elə, mən seçim edə, imtina edə və ya razılaşa bilərəm. Çünki müqavilə könüllüdür. Ancaq təyinatla olanda həmin vəkil məcburdur ki, ona xidmət etsin. Xidməti geri çevirmək vəkil etikasının pozulmasıdır. İnanmıram ki, hansısa vəkil buna getsin". 

Vəkil bildirib ki, siyasi şərait bunu tələb edir: 

"Hər bir şəxsin də vəkil xidmətindən istifadə haqqı var. Üstəlik, bu, Azərbaycan ərazisində baş verir. Siyasi şəraiti də başa düşməliyik. Başa düşməliyik ki, bütün dünya bu dəqiqə onların vəziyyətini izləyir. Onları vəkilsiz qoysaq, həm hüquqi, həm siyasi cəhətdən bizim üçün irad tutula bilər. O vəkillər öz borclarını yerinə yetirirlər, yerinə də yetirməlidirlər.

İnsanlarımız da bunda qəbahət axtarıb pisləməsin. Biz beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların ciddi nəzarəti altındayıq. Ona görə də özümüzü qanunvericiliyin tələblərinə uyğun aparmalıyıq". 

Bizimlə əlaqə saxlayın