Bu gün nələr gözlənilir: "3+3" toplantısı, birgə hərbi təlimlər...

23, 10, 23
09:00

Bu gün nələr gözlənilir: "3+3" toplantısı, birgə hərbi təlimlər...


Oktyabrın 23-ü dünyada və Azərbaycanda önəmli hadisələrə şahidlik edəcəyik.
 
"Azərbaycan Reallığı" gün ərzində gözlənilən mühüm hadisələri təqdim edir:
 
Tehranda "3+3" regional formatının növbəti toplantısı keçiriləcək. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin toplantıda iştirakı gözlənilir. Gürcüstan toplantıda iştirak etməkdən imtina edib. Rusiya və Türkiyə xarici işlər nazirləri də iclasa qatılacaq. İclasda siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. "Irna"nın məlumatına görə, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin cari vəziyyətidən də danışılacaq.
 
Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası baş tutacaq. Gündəlikdə 3 məsələ var: “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, “Aviasiya haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Hər üç layihə ikinci oxunuşda müzakirə ediləcək.
 
Bu gün, həmçinin Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri başlayır. Təlimlərin Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.  İki gün davam edəcək birgə taktiki təlimə Azərbaycan və Türkiyənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunacaq.
 
Bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Bu gün, həmçinin internat və internat tipli təhsil müəssisələrinin xüsusi siniflərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi yekunlaşır. Vakansiya seçimi oktyabrın 23-ü saat 17:00-dək davam edəcək.
 
Ermənistanın müdafiə naziri Suren Papikyan dünən Fransaya səfər edib. Bu gün Ermənistan və Fransa arasında silah tədarükünə dair sazişin imzalanması gözlənilir. Məlumata görə, ilkin müqavilədə əsasən hava hücumundan müdafiə sistemlərinin satın alınması nəzərdə tutulub.
 
Moskvada Yalta Beynəlxalq Forumu keçiriləcək. Yalta Beynəlxalq İqtisadi Forumu 2015-ci ildən Rusiya tərəfindən ilhaq edilən Krımda keçirilir. 2019-cu ildə forumda 4,5 mindən çox insan, o cümlədən 807 xarici nümayəndə iştirak edib və ümumilikdə 215 milyard rubl dəyərində 102 saziş imzalanıb.
 
Misirin Qəzza zolağı ilə sərhədində yerləşən Rəfah keçid məntəqəsi humanitar yardımların çatdırılması üçün yenidən açılacaq. Son 2 gündə sərhəd-keçid məntəqəsindən 30-a yaxın humanitar yük daşıyan maşın keçid edib.
 
Türkiyə Şimali Kipr Respublikası ilə birgə hərbi təlimlərə başlayacaq. Təlimlərdə aviasiya bölmələrinin də iştirakı nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın