Xankəndidəki “nənə-baba” heykəli sökülüb? - AÇIQLAMA

09, 11, 23
16:30

Xankəndidəki “nənə-baba” heykəli sökülüb? - AÇIQLAMA

Sosial şəbəkələrdə Xankəndidə ermənilərin “Baba-nənə” adlandırdıqları "Biz və dağlar" abidəsinin yerində “Dəmir yumruq” abidəsinin ucaldılması ilə bağlı foto paylaşılıb. Paralel olaraq Xankəndidə Stepan Şaumyanın abidəsinin də söküldüyü bildirilir.

Bu barədə "Azərbaycan Reallığı"na açıqlama verən 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov deyib ki, abidələrin sökülüb-sökülməməsi barədə məlumatı yoxdur. 

“Özünü tarixçi, alim adlandıran müxtəlif şəxslər mətbuata açıqlama verib yozurlar ki, “Baba-nənə” abidəsi guya qoşa dağlardır, özündə uzunömürlülüyü ehtiva edir. Qətiyyən belə deyil. Bu abidə ermənilər tərəfindən məqsədli qoyulmuşdu ki, həmin ərazi tarixən guya ermənilərə məxsus olub. Azərbaycan rəhbərliyi də həmin vaxt abidənin sökülməsi, o vaxtkı “Dağlıq Qarabağ” muxtar vilayətinin birinci katibinin cəzalandırılması ilə bağlı məsələ qaldırmışdı. Ancaq Moskva buna imkan verməmişdi. “Baba-nənə” erməni qoca kaftar kişi ilə qoca kaftar arvadını özündə əks etdirir. Ciddi şəkildə, qətiyyətlə təklif edirəm ki, mütləq abidə sökülməlidir. Çünki Azərbaycana, Azərbaycan millətinə, tarixinə, memarlığına heç bir aidiyyəti yoxdur. Yerində “Dəmir yumruq”, yaxud nə qoyulacağı isə artıq dövlət başçısının səlahiyyətində olan məsələdir. Mən bir Azərbaycan vətəndaşı, orada yaşamış sakin kimi münasibətimi bildirirəm. Ermənilər gördülər ki, bunlara dəyib-toxunan yoxdur, abidədən 100 metr aşağıda, Xankəndi şəhərinin girişindəki Dövlət Yol Polisi postunun yanında, düz yolun ortasında başqa bir abidə də ucaltdılar. Adını qoydular ki, guya açar formasındadır, amma xaç formasında idi. Bu da məqsədli idi. Artıq bununla o dövrdə proseslərə giriş başlamışdı”, - deputat bildirib. 
E.Məmmədov Stepan Şaumyanın abidəsinin sökülməsi barədə məlumatsız olduğunu deyib: “Şaumyan kimdir? Daşnak liderlərindən, Azərbaycan xalqına qarşı soyqırımı törətmiş, qəddar erməni cəlladlarından biri. Azərbaycan xalqının o dövrdə 3-5 nəfər qatı düşməni var idisə, biri məhz Şaumyan idi. Onun abidəsi nəinki götürülməlidir, boğazına bir ip bağlayıb süründürülməlidir. Şaumyanın abidəsi bizimkilər Xankəndinə daxil olanda uçurulub götürülməli idi. Xankəndidə sonradan tikilmiş kilsə də var. Şuşada belə bir kilsə var, amma alban kilsəsidir. Ermənilər isə deyirdilər ki, Şuaşadakı da “bizimdir”. Xankəndidə isə özləri kilsə tikdilər. Bizim heç bir millətin dini abidələri ilə işimiz yoxdur. Bakıda da çox yerdə belə abidələr var. Toxunulmazdır, qorunub-saxlanır. Ermənilər isə dünyaya haray salırlar ki, guya biz onların “dini-tarixi abidələrini” dağıdırıq, məhv edirik. Qətiyyən belə deyil. Bu, Azərbaycana qarşı şər-böhtandır. Amma “Baba-nənə” abidəsinin, eləcə də Şaumyan kimi murdarların izi Azərbaycanda itirilməlidir”. 

Bizimlə əlaqə saxlayın