Yeni Azərbaycan qurulur – növbədənkənar prezident seçkiləri...

09, 12, 23
16:00

Yeni Azərbaycan qurulur – növbədənkənar prezident seçkiləri...

Zaman göstərir ki, emosional istəklər, addımlar bir çox hallarda dağıdıcı nəticələrə səbəb olur. Amma soyuq başla bir qədər dayanıb konstruktiv işlərə başlamaq, müsbət nəticələr üçün yol xəritəsi müəyyən etmək üstün zəka tələb edir. Bu, bir qədər dediyimiz zaman 50 ili də əhatə edə bilər. Böyük siyasətdə zatən strategiya hazırlananda 100 il müddət prioritet götürülür. Təsəvvür edin, 100 il ərzində nə qədər insan həyatdan köçəcək, amma strategiya və ideologiya ölməyəcək. Missiyanın sonlanlaması üçün böyük toqquşmalar baş verəcək, təlatümlər yaşanacaq, nəhayətində plan baş tutacaq.

Zaman göstərdi ki, emosional davranışlar dövlətlərin belə, varlığını sual altına salır. Hadisələri qabaqlamaq, tələskənliyə yol vermək ciddi çalxalanmalara, çəkişmələrə səbəb olur.


Son illər bəzi ölkələrdə yaşananlar bunun bariz nümunəsidir ki, onları kənardan dəstəkləyən sadə insanlar müəyyən müddətdən sonra reallığı görüb vəziyyəti ya tam başa düşdülər, ya da müəyyən mənada qavradılar. Amma ya qəsdən, ya da savadsızlıqdan hələ də bundan hali olmayanlar mövcuddur.

Həmin ölkələrin daxili işlərinə qarışan xarici qüvvələr bu dövlətlərin cılızlaşmasına töhfə verdi. Belə müdaxilələrin gətirdiyi dəyişikliklər xalqın rifahı ilə nəticələnmədi. Çünki belə güclərin arzu və istəkləri nüfuz etdiyi coğrafiyanın dirçəlməsi deyil, yerləşə bildiyi ərazi vasitəsilə özlərinə lazım olan siyasətin həyata keçirilməsidir. Bərkidiyi regionda güc mərkəzinə çevrilmək, hadisələrə öz maraqlarına görə təsir etmək əsas prioritetdir.


Bir insan dərk etməlidir ki, xırda müəssisənin daxilində bəzən radikal qərarlar iflasla nəticələnə bilər. Bəli, bəzi hallarda radikal qərarlar qaçılmaz olur. Lakin bu, ümumi qaydanı dəyişmir. Siz təsəvvür edin, iş ortamında açar şəxslərdən biri həddi aşır və onunla bağlı tədbir görülməlidir. Dərhal verilən qərar isə ciddi daxili çaxnaşmalara səbəb ola bilər. Duyuq düşən fiqur hadisələri öz xeyrinə dəyişib hətta kamikadze mövqeyindən də işə başlayar, nəticədə qaş düzəltmək istəyərkən gözü vurub çıxararsan. Çünki bu şəxs həm işi aparan, həm də işə mane olan bir fiqurdur və zaman tələb olunur ki, hansısa konstruktiv addım ataraq prosesdən zərərlə çıxmayasan.
Sadə iş ortamı səndən bunu tələb edirsə, anlamaq lazımdır ki, dövlət nə qədər təhdidlərin və təzyiqlərin altında olur. Burada xarici faktorları da nəzərə alsaq, daha da mürəkkəbliyin mövcudluğu ortaya çıxır.


Hətta bəzi hallarda mərhəmətli davranışlar gözləmək də yersiz olur. Məsələn, sürücülər yaxşı bilir ki, bir sıra məqamlarda həkətdə olan maşına yol vermək qəza şəraitinə, tıxaca, ümumi gedişə və ya gedişata ciddi maneə törədir. Məlum olur ki, mərhəmətli davranış belə hallarda qətiyyən yolverilməzdir. 


İndi isə Azərbaycanın yerləşdiyi coğrafiyanı, regionu kənardan müşahidə etdikdə sadə misalların praktiki olaraq necə zərgər dəqiqliyi ilə həyata keçdiyini anlamaq mümkündür. Söhbət dövlətdən gedirsə, idarə olunması çox sürətli qərar verməyi, qətiyyəti, çoxgedişli oyunların məharətlə qurulmasını, adekvat, yerində verilən reaksiyaları tələb edir. Xüsusən dövlətin ətrafında baş verənləri hesaba qatdıqda proses daha da qəlizləşir. 


Tarixin ağır sınaqları qarşısında öz varlığını qorumağı bacaran Azərbaycan son illərdə dünyaya strateji ölkə olduğunu sübut etməyi bacarıb. Müstəqillikdən sonra itirilən ərazilərin yenidən geri qaytarılması, suverenliyin bərpası, dövlətimizi aparıcı güclər tərəfindən ciddi oyunçu kimi qəbul etməyə məcbur edib.
Bu sadalananları anlamayanlar üçün xırda hadisələr baş verən kimi dərhal qeyri-adekvat mövqedən çıxış etməyə başlayır. Məqam gözləyirlər ki, nəsə çatışmazlıq baş versin və həmin an hadisəni yox, dövləti hədəfə alsınlar. Əgər çatışmazlıq varsa, nəyə görə onun üzərində problemin həlli üçün müzakirə aparılmır. Dərhal dağıdıcı fikirlər ortaya atılır, hansısa xarici güclərin əlinə oynanılır.
Son 3 il Azərbaycana, bu ölkəni sevənlərə çox şey öyrətdi, izah etdi. Daxili və xarici məsələlərə aydınlıq gətirməyə vəsilə oldu. Necə deyərlər, bütün kartlar açıldı və kimin haraya və yaxud kimə xidmət etdiyi məlum oldu. Üstəlik, bu 3 il ərzində dövlətimiz Qarabağ ətrafında səsləndirilən bütün ittihamların nə qədər əsassız olduğunu sübut etdi. Fürsət düşən kimi ağzını açıb dağıcı fikirlər yayanların planları qısa zaman kəsiklərində hər dəfə fiaskoya uğradı.
Unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsi ərəfəsində Azərbaycanı qara mənada xüsusi təyinatlı media qurumları da hədəfə almışdı. Dövlət başçısının bütün fərqli dillərdə olan təxribatçı suallara elə öz dillərində verilən adekvat cavabı, üstəlik 4-5 saatlıq təşkil olunan mətbuat konfransında kimlərəsə qaranlıq qalmış məqamlara aydınlıq gətirməsi tarixə həkk olundu.  
“Bayraktar”ı Qarabağa görə qatil, Ukraynaya görə “ümidlərin silahı” adlandıran xarici medianın planları heç də gizlin deyil.


Son hadisələr göstərir ki, yeni Azərbaycan inşa olunur və ciddi hərəkətlilik var. Bilmək lazımdır ki, belə addımlar 1 günün işi deyil, illərin proqramıdır və uğurlu nəticələri gözlə görünür. İstər Qarabağın minimum itki ilə qayıdışı, istərsə də ondan sonra gələn Prezident seçkilərinin elanı uzunmüddətli strateji yol xəritəsindən xəbər verir.


Bir çox hallarda ölkə prezidentinə müraciət olunduqdan sonra həll olunmayacağımızı düşündüyümüz proseslər gerçəkləşir. Düyünlər açılır, bloklar aradan qaldırılır və təbii ki, bürokratik əngəllər zaman alsa da, işin icrası baş tutur.


Nəticə ümidvericidir, gələcəyə olan inamı artırır. Söhbət qarışıq proseslərdə sözünü deməyi bacaran Azərbaycandan gedirsə, biz burada ciddi mərhələlərin şahidi olmaq məcburiyyətindəyik və tədricən “nəyi harada necə etmək lazımdır” fəlsəfəsi daha da aydınlaşacaq. Necə ki dəfələrlə bunu xalq olaraq görə bilmişik...

Bizimlə əlaqə saxlayın