Paşinyanın dünənki mücərrəd müraciəti: “O bilir ki, sentyabrın 19-da müdaxilə etsəydi...”

01, 01, 24
18:00

Paşinyanın dünənki mücərrəd müraciəti: “O bilir ki, sentyabrın 19-da müdaxilə etsəydi...”

Ermənistan Azərbaycan ordusunun sentyabrın 19-da Qarabağdakı antiterror tədbirlərinə müdaxilə etsəydi, ən azı Qərbi Zəngəzuru itirəcəkdi. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın xalqına Yeni il müraciətində səsləndirdiyi fikirlərə diqqət çəkib:

“Ermənistan rəhbərinin bu mücərrəd müraciətindən iki nəticə çıxarmaq olar. Birincisi, o, Qarabağı “itirdiyinə” görə ermənilərdən üzr istəyib. İkincisi, “Qarabağı itirməklə” Ermənistanı qoruduğuna diqqət çəkib. Başqa sözlə, Paşinyan demək istəyib ki, Qarabağ uğrunda mübarizə aparsaydı, Ermənistanı itirəcəkdi. Bunda həqiqət var, Paşinyan Azərbaycan ordusunun sentyabrın 19-da Qarabağdakı antiterror tədbirlərinə müdaxilə etsəydi, ən azı Qərbi Zəngəzuru itirəcəkdi. Ona görə də Ermənistan baş naziri müraciətində “dövlətimizin nəsillərə miras qoymağa imkan verəcək yeganə mümkün yolla gedirik” cümləsini işlədib.

Paşinyanın sonrakı cümləsi də maraqlıdır. “Bu yolun böyük hissəsini keçmişik” deyən Paşinyan yolun qalan hissəsi üçün vacib qərarlar verə biləcəyinə eyham vurub. Vacib qərar Paşinyanın Prezident İlham Əliyevlə sülh sazişi imzalaması olacaq. Bu, iki ölkə arasında bütün problemləri həll etməsə də, ən azı növbəti müharibə ehtimalını aradan qaldıracaq. Belə şəraitdə sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiya xətlərinin açılması mövzularını sakit şəraitdə müzakirə etmək olar”.

Elxan Şahinoğlu kilsə ilə Ermənistan baş naziri arasındakı ixtilafa da toxunub:

“Ermənistanın “İctimai” televiziyasının ilk dəfə katolikos II Qareginin Yeni il çıxışını yayımlamaması Paşinyanın qərarıdır. Çünki erməni katolikos dövlətin maliyyələşdirdiyi kanalda Paşinyanın siyasətinə zidd fikirlər söyləyəcəkdi.

Erməni kilsəsi və katolikosu İkinci Qarabağ Müharibəsindən bəri Paşinyanın siyasətini tənqid edir. Kilsə Paşinyana qarşı “Qarabağ klanı” ilə birləşib. Başqa cür ola da bilməz. SSRİ dövründən bu kilsə ermənilər arasında türklərə nifrət yağdıran əsas mərkəzdir və bu rolundan imtina etməyib.

Qarabağ ermənilərini Azərbaycana qarşı separatizmə həvəsləndirən də vaxtilə kilsə olub. Bu “ənənə”ni davam etdirən kilsə və onun dəyişən katolikosları Azərbaycanla istənilən razılaşmanın əleyhinədir. Azərbaycanla Ermənistan arasınsa sülh sazişi imzalansa belə, kilsə türklərə qarşı nifrət siyasətindən imtina etməyəcək”.

Bizimlə əlaqə saxlayın