Vikipediyaçılardan Milli Məclis sədrinə MÜRACİƏT

18, 01, 24
14:00

Vikipediyaçılardan Milli Məclis sədrinə MÜRACİƏT

Vikipediya Milli Məclisin sədrinə müraciət ünvanlayıb.

"Azərbaycan Reallığı"nın məlumatına görə, burada Azərbaycan qanunvericiliyindən irəli gələn bəzi məsələlərin Vikipediyada dövlətimiz barədə həqiqətlərin yayılmasında, azərbaycanlı vikipediyaçıların fəaliyyətinin düzgün təmin olunmasında ciddi problemlər yaratdığı öz əksini tapıb.


"Belə ki, Azərbaycan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunla ölkə ərazisində panorama azadlığı məhdudlaşdırıldığından, Azərbaycanı təbliğ edən bir sıra fotoların (sərbəst giriş üçün daim açıq olan yerlərdəki əsərlərdən istifadə) Vikipediyada yerləşdirilməsinə icazə verilmir. Beləcə, gündən-günə inkişaf edən, gözəlləşən ölkəmizin, şəhərlərimizin görüntülərinin dünya mediasına çıxarılması, küçələrimizi bəzəyən dəyərli memarlıq abidələrinin, müasir tikililərin, eləcə də heykəl və digər bu kimi abidələrin fotolarının Vikipediyada yayılması məhz Azərbaycan qanunvericiliyinə istinad edilərək məhdudlaşdırılır".


Müraciətdə həmçinin o da vurğulanıb ki, bu problemli müddəa bütün keçmiş SSRİ Respublikalarının müvafiq qanunvericilik aktlarında öz əksini tapsa da, onlardan bəziləri artıq informasiya məkanında öz ölkələrinin mövqeyini möhkəmlətmək üçün həmin qanuna dəyişiklik edib. 


"Azərbaycan Respublikasının İKT potensialının gücləndirilməsi məqsədilə Azərbaycana dair kontentin və Vikipediya kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi ölkə Prezidentinin 28 mart 2013-cü il tarixli, 2815 nömrəli Sərəncamı ilə təsdiq edilmiş ""Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda da göstərilib.


Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan barədə məlumatların Vikipediya kimi qlobal informasiya resursunda daha səmərəli şəkildə yerləşdirilməsinə imkan yaradılması məqsədilə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin aşağıdakı redaksiyada verilməsini təklif edirik:


"Sərbəst giriş üçün daim açıq olan yerlərdə qoyulmuş memarlıq, fotoqrafiya, təsviri sənət əsərlərinin müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən kütləvi bildirişinə yol verilir".


Qeyd edilən təklifə müvafiq qaydada baxılmasına dair göstəriş verməyinizi Sizdən xahiş edirik" - müraciətdə deyilir.


Müraciəti imzalayanlar arasında Azəryabaycanca Vikipediyanın rəsmiləri, tərcüməçilər, proqramçılar və oxucular yer alıb.


Məlumatda sözügedən müraciətin 2013-cü ildə rəsmi məktub şəklində Milli Məclisə də təqdim edildiyi vurğulanıb.

Bizimlə əlaqə saxlayın