Ödənişli hərbi xidmətlə bağlı AÇIQLAMA – “Türkiyə modelinə keçməyə yaxınıq”

03, 02, 24
18:00

Ödənişli hərbi xidmətlə bağlı AÇIQLAMA – “Türkiyə modelinə keçməyə yaxınıq”

"Azərbaycan Reallığı" xəbər verir ki, ödənişli əsaslarla müddətli hərbi xidmətə keçid məsələsi artıq Milli Məclis səviyyəsində müzakirə olunur. Belə ki, parlamentin dünən keçirilən plenar iclasında müzakirələr zamanı millət vəkilləri Elnur Allahverdiyev və Siyavuş Novruzov maraqlı fikirlər səsləndiriblər.

Elnur Allahverdiyev bildirib ki, hərbi xidmətə çağırışla bağlı bir sıra müddətlər qardaş Türkiyədə tətbiq edilir: 

“Bizdə də buna gedilə bilər. Bizdə hərbi xidmət 1 il 6 ay, ali təhsillilər üçün 1 il müəyyən edilib. Təklifim ölkəmizdə hərbi xidmətdən keçmənin klassifikasiyasının tətbiq imkanları barədədir. Bu, bir sıra dünya ölkələrində, həmçinin qardaş və strateji müttəfiqimiz olan ölkə, yəni Türkiyənin təcürbəsində də həyata keçirilir. 

Bildiyiniz kimi, hərbi xidmətə çağırışla bağlı bir sıra modellər istifadə olunur. Tam müddət hərbi xidməti saxlamaqla aşağı qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. 

Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2, yaxud 6 ay müddətində keçmək olar”.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, bizdə ordunun bir hissəsi artıq müqavilə əsaslı orduya keçib: 
“Bizdə də əsgərlik müddəti ali təhsillilər üçün 1 il, digərləri üçün 1 il 6 aydır. Bu müddət o texnikanın öyrənilməsi üçün çox azdır. Bizdə pul müqabilində az müddətə hərbi xidmətə getmək hələ tətbiq olunmur. Türkiyədə, bu yaxınlarda Ermənistanda da artıq bu tətbiq olunur. Bizim üçün ən düzgün hərbi xidmət alternativ, müqavilə əsasında olan hərbi xidmətdir. Bu, həm də iş yeridir”.

Görəsən, nəhayət, Türkiyə ordusu modeli ölkəmizdə reallaşdırıla bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, Azərbaycan Ordusu Türkiyə Ordusu modelinə tam olaraq keçməyə indi daha yaxındır:

“Onsuz da bu istiqamətdə iş gedir. Keçən əsrin 90-cı illərindən başlayaraq, ölkəmizdə hərbi kadrların hazırlanması Türkiyə modeli üzrə aparılır. Zaman-zaman artıq ordularımızın eyni sistem üzərində qurulması, eyni hazırlıqları keçməsi öz əksini tapır. Vətən müharibəsindən sonra, işğaldan azad olunan ərazilərdən birində Komanda briqadasının yaradılması da buna əyani sübutdur. 

Hesab edirəm ki, indinin özündə Azərbaycan və Türkiyə ordularını təxminən eyni model üzərində qurulmuş Silahlı Qüvvələr hesab edə bilərik. Prinsipcə Azərbaycan Ordusu Türkiyə Ordusu modelinə tam olaraq keçməyə indi daha yaxındır. Məsələ ondadır ki, Türkiyə hərbi modelinin özü daima təkmilləşir. Bu proses isə həm Azərbaycan, həm də Türkiyədə paralel gedir”.

Bizimlə əlaqə saxlayın