Sahib Kərimli: Tofiq Yaqublunun həbs sifarişini Əli Kərimli verib - ŞOK İTTİHAM

05, 02, 24
12:30

Sahib Kərimli: Tofiq Yaqublunun həbs sifarişini Əli Kərimli verib - ŞOK İTTİHAM

Əli Kərimli ilk dəfə siyasi ritorikasında ironiyadan istifadə etdi.

Təbii ki, protest elektorat üzərindəki nəzarəti itirdikcə, ona ünvanlanan suallara, ona yönələn tənqidlərə arqumentli cavablar tapmadıqca, ilk bu üsluba baş vurması gözlənilən idi. 

Cəmiyyət qurulmuş mexanizmi anlamağa başlayır. Dəyişiklik istəyənlər başa düşür ki, iki qütbdən çəkilən və çəkilərək daraldılmış siyasi müstəvi var və bu, həm İlham Əliyevə, həm də Əli Kərimliyə sərf edir.

Bu necə bir mexanizmdir?

Tərəflərin marağı nədir?

İtirən kimdir?


Bu mexanizmi yaratmaq üçün Əli Kərimli uzun illər çabalayıb. O, bir inqilabçı deyil, demokrat da deyil. Sadəcə ən güclü olmaq istəyən və hədəfə çatmaq üçün bütün yolları məqbul görən və bunun adını praqmatik siyasət qoyan birisidir. Onda nə idealizm var, nə də insanlığa mərhəmət hissi. 

Ən əvvəl müxalifətin parlaq simalarının bir hissəsi hakimiyyət tərəfindən, bir hissəsi də Əli Kərimli tərəfindən sıradan çıxarıldı, zəiflədildi, resurssuz buraxıldı. Daha sonra təşkilatlar və digər strukturlar eyni aqibəti yaşadı.

Təşkilat da, media resursları da bircə Əli Kərimlidə qaldı. Hakimiyyət istəsəydi onu həbs etməklə monopoliya yaratmasına əngəl olardı. Amma olmadı, çünki O, hakimiyyətə qeyri-adi münasibətlər sistemi təklif etmişdi. Bugünkü reallıq həmin münasibətlər sisteminin nəticəsidir.

Fikir verirsizsə, Əli Kərimli vaxtaşırı mənim bu statusda paylaşdığım fotonu paylaşır. Yəni ki, bir İlham Əliyev var, bir də mən varam deməkdir bu.

Nədir bu sistem?

Əli Kərimli hakimiyyəti maraqlandıra bildi. Necəliyini deyim. O, hakimiyyətə izah etdi ki, bütün qüvvələrin sıradan çıxarılıb, yalnız onun gerçək müxalifət obrazını yaratmağa kömək etsələr, hakimiyyət üçün bir çox risklər aradan qalxacaq.

Hakimiyyət üçün üç əsas risk faktoru var:

1. Geosiyasi şərtlərin dəyişməsi.

2. Gözlənilməz bir fiqurun  çıxması.

3. Sosial partlayış.  


O, hakimiyyəti inandırdı ki, özünüz ciddi səhvlər edib, hakimiyyətiniz üçün təhlükə yaratmasanız, mən bu üç riski sizin üçün zərərsizləşdirəcəm.

İmkan verməyəcəm ki, geosiyasi güclərin stavka edəcəyi adam ortaya çıxsın.

Özü təşəbbüs edənləri zərərsizləşdirəcəm, daxildəki sosial narazılıqları da mərkəzləşdirməyəcəm.

Etiraf edək ki, adam son aylara qədər bunu ustalıqla bacarıb.

Qavratma idarəetməsi və qavratma əməliyyatı adlı siyasi termin və metod var. Hakimiyyət bundan istifadə edib, Əli Kərimliyə istədiyi monopoliyanı verdi.

İlham Əliyev hər yerdə yeri gəldi, gəlmədi onu hədəf aldı, ətrafındakı adamlar həbsə göndərildi. İlham Əliyevdən narazı olanlar və dəyişiklik istəyənlər bunu necə qavradılar? Təbii ki, düşündülər ki, gerçək müxalifət lideri və hakimiyyətin çəkindiyi adam Əli Kərimlidir.

Etiraf edim ki, mən özüm bunu 2010-cu ildə partiya rəhbərliyinə gəldikdən, peşəkar siyasətlə məşğul olmağa başladıqdan sonra anladım. Təbii ki, anlayan kimi, 2011-də həbsə göndərildim.

Cəmiyyət indi anlamağa başlayır ki, otuz ildir bunun ətrafından hamını tuturlar, pulsuz və işsiz günə salırlar, bunun özünü isə tutmurlar, bu,  komfort içərisində yaşamağa davam edir.

Problemdisə, elə problemin özünü həbs etsinlər, bir il deyil, beş il deyil, söhbət otuz ildən gedir. Və bu otuz ildə nə qədər partiya sədri, tanınmış adam, beynəlxalq dəstəyi olan siyasətçi həbs olunub, bircə Əli Kərimli sağ qalıb.

Yeri gəlmişkən, onunla qurulmuş ənənəvi mexanizmin sıradan çıxmasını istəməyən qüvvələr, seçkilərdən sonra onu vəziyyətdən çıxarmaq üçün müvəqqəti həbsə göndərmək variantını düşünə bilərlər.

Bu seçkilərdə boykot qərarını legitimləşdirmək üçün Tofiq Yaqublunun həbs sifarişini də Əli Kərimli verdi.

Ümumiyyətlə, adam bu illər ərzində protest elektorata cazibədar görünüb, sonra həmin adamları müxtəlif yollarla sıradan çıxarıb. Ona bu funksiyanın icrası üçün, yaxın ətrafına 30-40, ümumən təşkilata 400-500 adam lazım olub. Otuz il ərzində bu kontingentlərin tərkibiı dəfələrlə dəyişib, yeniləriylə əvəzlənib.

Yorulan, anlayan və sakitcə gedənlə işi olmayıb. Amma müqavimət göstərənlərin hamısı satqın elan edilib. Elə bil təşkilat 30 ildə ancaq satqın yetişdirir, amma onu əvəzləyəcək bir sədr yetişdirə bilmir.

Yanında qalan və çox az sayda olan stajlı cəbhəçilərin bir çoxu fəallıq etmədən orada görünürlər. Bir neçəsinin getməyə yeri yoxdur, bir neçəsi də getmək istəsə, təhqir və şantaj olunacağını bildiyi üçün qalıb.

Adam elə bir avtoritar sistem qurub ki, ən adi tənqidi, alternativ düşüncəni belə qəbul etmir.

2015-ci ildəki qurultayda sədrliyə namizəd kimi təklif etdim ki, sədr seçkisi gizli keçirilsin, qəbul etmədi, namizədliyimi geri götürdüm. Təklif etdim ki, nizamnaməyə bir adamın iki dönəmdən çox sədrlik etməməsi ilə bağlı bənd əlavə edək, buna da razılaşmadı.

25 ildir partiya sədridir, son 6 ayda hakimiyyətin verdiyi zalda, hakimiyyətin təklifi ilə iki qurultay keçirilib, hələ belə bir bənd əlavə edilməyib.

Ən gülməlisi də odur ki, bu qurultayların birincisində, özünə alternativ olmayan sədr seçkisini gizli keçirib, cəmiyyətə bunu bağıraraq demokratik addım kimi ifadə etdi.

Seymur Həzi Ali Məclisin sədrliyinə iddiasını ortaya qoydu, bütün gücüylə bunu əngəlləyib, 80 yaşını haqlayan Nurəddin Məmmədlini müdafiə etdi. O Nurəddin Məmmədlini ki, xüsusi olaraq tapşırıb ki, mediaya çıxma, status yazanda da göndər mənə baxım, sonra paylaş. 

Bu yaşda siyasətçi sonuncu dəfə Amerikada prezident seçilən bir Co Bayden  qalıb. Hal-hazırda  Ali Məclisdə  Seymur Həziyə səs verənlərin müəyyən edilib, cəzalandırılması prosesi gedir.

Ümumiyyətlə, funksiya bundan ibarətdir, cəmiyyətdəki fəal kəsimi müəyyən edib, zərərsizləşdirmək. Siyasi müstəvi saxlamamaq, çeşidliliyi aradan qaldırmaq, kreativ ideyalara imkan verməmək. Təbii ki, bundan cəmiyyət ciddi zərərlər görür.

Daha dərin mətləblər var, amma sonraya saxlayaq. Rusiya əleyhidarı görünmək, Rusiya əleyhidarı olmaq demək deyil. AXC - nin yaranmasında sovet KQB-sinin rolu və s. məsələr.

İlham Əliyev gerçək siyasi açılımlar etmək istəsə, həqiqətən Əli Kərimlinin ironiya ilə açıqladığı demokratikləşmə paketindən başlamalıdır.

Bizimlə əlaqə saxlayın