Polkovnik Piriyeva kimdir? - "Heç vaxt əvvəlki kimi olmayacağam"

04, 04, 24
11:00

Polkovnik Piriyeva kimdir? - "Heç vaxt əvvəlki kimi olmayacağam"

O, işğalçılarla mübarizə aparmaq üçün döyüş meydanına yollanıb və bütün Qarabağ müharibəsində iştirak edib. Bu zərif qadına baxanda, onun gücünə, rəşadətinə və qəhrəmanlığına təəccüb etməyə bilmirsən.

"Azərbaycan Reallığı" xəbər verir ki, Aliyə Piriyeva 1973-cü il noyabrın 12-də Azərbaycanın Ağcabədi rayonunda Ağdamdan buraya köçmüş ailədə dünyaya gəlib. Hələ gənclik illərində tarix müəllimi olmağı arzulayır, Kəlbəcərdə və ya Laçında dərs deməyi planlaşdırırdı. Təəssüf ki, onun arzuları yerinə yetmədi...

Torpaqların işğalı, Xocalı faciəsi gənc Aliyənin gözləri qarşısında baş verdi. Həmin illər o, Xocalıdan Ağdam məscidinə yaralıların, habelə şəhidlərin meyitlərinin gətirilməsinin şahidi oldu. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində həmin dəhşətli günləri xatırlayaraq deyir: “Xocalı faciəsindən sonra düşündüm ki, hərəkətə keçmək lazımdır, axı torpaqlarımız işğal edilmişdi. Döyüşlər mənim doğma yurdumda gedirdi, ermənilər kəndimizi bombalayırdı. Əmin idim ki, hər kəs əlindən gələni etsə, biz tezliklə torpaqlarımızı qaytara biləcəyik”.

Müharibə hamını dəyişir, yaddaşlarda, talelərdə dərin və silinməyən izlər buraxır. Müharibəni unutmaq mümkün deyil, hər gün onunla yaşamaq lazım gəlir.

Aliyə Piriyeva deyir: “İlk dəfə cəbhəyə yollandığım zaman qarşıma sanitar hissənin mayoru çıxdı. O, həmin vaxt mənə dedi: “Qızım, müharibə bir xəstəlikdir və qurtarmayınca, evə qayıtmaq mümkün olmur. Ən yaxşısı, sən başlamadan evə qayıt”. Həmin vaxt mən gənc idim və onun sözlərini başa düşmədim. Amma indi anlayıram ki, o, haqlı idi, mən artıq heç vaxt əvvəlki kimi olmayacağam”.

Müharibədə 701-ci kəşfiyyat rotasının tərkibində olan Aliyə Piriyeva həyatını riskə ataraq və kişilərlə çiyin-çiyinə bir çox hərbi əməliyyatlarda – Ağdərə, Ağdam, Kəlbəcər, Füzuli, Tərtər uğrunda döyüşlərdə iştirak etdi. 1993-cü ildə Murovdağ uğrunda döyüşlərdə ilk dəfə yaralandı və kontuziya aldı. İkinci dəfə Ağdam rayonunun Güllücə kəndi uğrunda döyüşlərdə ayağından və sol çiynindən yaralandı. Amma yaralar onu dayandırmadı. Müalicədən sonra Aliyə yenidən ordu sıralarına qayıtdı.

Aliyə xanımın doğma diyarına sonsuz sevgisini də qeyd etmək lazımdır. O deyir: “Başa düşdüm ki, bütün planetdə mənim üçün Azərbaycandan gözəl yer yoxdur. Şuşanı İsveçrə ilə, Kəlbəcəri isə Norveçlə müqayisə edirlər. Amma mən belə deyirdim: İsveçrənin gözəlliyi haqqında yalnız Şuşada olmayanlar danışa bilər. Bizim yurdumuz çox gözəldir! Bunu azərbaycanlı olduğum üçün demirəm. Həqiqətən də belədir! Kəlbəcərin təbii gözəlliyini gördükdən sonra hər hansı, hətta planetin ən mənzərəli yerləri də öz gözəlliyini itirir”.

Aliyə xanımın hiss etdiklərini emosional sözlərlə ifadə etmək çətindir. O, doğma torpağın təbiətindən danışanda gözlərində Vətənin hər bir guşəsinə səmimi və dərin sevgi hissləri yaranır, hər kəlməsində qəlbinin dərinliklərində olan sonsuz zəriflik və doğma məkana bağlılıq hiss edilir.
Qələbədən bəhs edən Aliyə xanım qürurla qeyd edir: “Zəfər Günü mənim üçün sanki yenidən doğulduğum gündür. Məndən nə vaxtsa Qarabağa qayıdağacağımıza inandığımı soruşanda, həmişə tam qətiyyətlə cavab verirdim: bəli, inanıram! Qarabağ hər gecə yuxuma girirdi. Həmin vaxt hiss etdiklərimi ifadə etmək çox çətindir. Müharibə bitdikdə, ilk dəfə ağladım. Biz qalib gəlmişdik. Həqiqətin və ədalətin təntənəsi baş vermişdi”.

Bu gün polkovnik Aliyə Piriyeva Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində şöbə rəisi vəzifəsində xidmət edir. O, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Aliyə xanım bir çox mükafatlara layiq görülüb. Onların arasında hərbi xidmətlərə görə medalı, hərbi xidmətdə fərqlənməyə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallar, qüsursuz xidmətə görə 2-cü və 3-cü dərəcəli medallar, hərbi əməkdaşlıqda xidmətlərə görə medal, “Vətən uğrunda” medalı da var. Aliyə Piriyeva Azərbaycanın “İgidliyə görə” medalı ilə təltif edilmiş yeganə qadınıdır.

Bizimlə əlaqə saxlayın